Məhkəmə qərarları › İş №2-1(103)-219/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-219/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-219/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Qəbələ rayonu, Sultan-Nuxa kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)- 3230/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 12.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İdarəyə 20.12.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. İdarə tərəfindən 08 yanvar 2020-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında qərarla pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. İmtinaya səbəb kimi 01.01.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. İmtina üçün heç bir əsasın mövcud olmamasına baxmayaraq formal olaraq imtina verilmişdir. Halbuki, tərəfindən təqdim edilmiş “Azərbaycan X6” QSC X1 tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, o, 07.01.1983cü il tarixdən 21.05.1984-cü il tarixədək və 01.11.1984-cü il tarixdən 20.12.2002-ci il tarixədək, 15.07.2003-cü il tarixdən 15.10.2016-cı il tarixədək “Azərbaycan Dövlət X2 üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yükdaşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhərdaxili, su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, onun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində iş stajı 24 il 0 ay 12 gün təşkil etməkdədir. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 24.08.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-3230/2020 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-3230/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşdan, 26.07.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh 05.10.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-3230/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi və güzəştli iş stajı müvafiq olaraq tələb edilən 25 il və 12 il 6 aydan azdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 38 nömrəli əmək kitabçası ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ rayon İcra hakimiyyəti Qəbələ rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 30.10.2019-cu il 130 saylı arayış arasında ziddiyyətlər vardır. İddiaçının kolxozda işləmiş olduğu adam günləri sayı həmin sənədlərdəki qeydlərə əsasən üst-üstə düşmür. Bundan başqa, iddiaçının 07.01.1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının yalnız 07.01.1983 — 21,05.1984-cü illərdə üzən heyətə daxil olduğu qeyd edilmişdir. Bu səbəbdən də, iddiaçının 01.11.1984 - 20.12.2002 və 15.07.2003 - 01.01.2006-cı illər ərzində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli qərarın siyahısına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 28ci fəslinin (“Nəqliyyat”) 3-cü bölməsinin (“Dəniz və çay donanması”) 1-ci bəndində (“Üzən heyət") deyilir: “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olımmaqla. Belə olan halda, İddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz.Göründüyü kimi. "Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. İddiaçı, onun birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş X3 (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsində olan ünvan 2 ünvanına göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2- 1(112)-3230/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Qəbələ rayonu, Sultan-Nuxa kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12 noyabr 1980-ci ildən 08 dekabr 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin 149 №-li, 16.12.2019-cu il tarixli məktubundan görünür ki, Qəbələ rayon Dövlət Arxivindən saxlanılan “M.F.Axundov” adına kolxozun şəxsi hesab kitablarına əsasən İddiaçı 1977-1979-cü il tarixlərdə müxtəlif qaydada əmək haqqları qazanmışdır. - “Azərbaycan X6” QSC Dəniz Donanmasının ss 01/02-531 №-li, 30.07.2020-ci il tarixli sığorta olunanın iş (sosial sığorta) stajı barədə məlumatından görünür ki, İddiaçı 07.01.1983-21.05.1984-сü il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyində matros, 01.11.1984-01.04.1988-ci il tarixədək “Каспийское-1” gəmisində 1-ci dərəcəli matros, 01.04.1988-14.04.1988-ci il tarixədək «Вецани» gəmisində 2-ci dərəcəli motorist, 2-ci dərəcəli matros və 1-ci dərəcəli elektrik, 10.11.1990-05.03.1992-ci il tarixədək “Апшеронская” gəmisində 2-ci dərəcəli matros, 05.03.1992-20.12.2002-ci il tarixədək “Бакинская-3” və “Бакинская-1” gəmilərində kapitan köməkçisi, kapitan və kapitanın növbə köməkçisi, 15.07.2003-05.07.2004-cü il tarixədək “Müh-B.Məmmədov” gəmisində baş kapitanın 3-cü köməkçisi, 05.07.2004- 01.04.2013-cü il tarixədək “Abşeronskaya” gəmisində kapitanın növbə köməkçisinə böyük mexanik, 01.04.2013-05.02.2015-ci il tarixədək “Abşeronskaya-6” gəmisində kapitanın növbə köməkçisi-növbə mexaniki, 05.02.2015-15.10.2016-cı il tarixədək X1 üzücü heyətə nəqliyyat donanmasında kapitan vəzifələrində işləmiş və 16.10.2016-cı il tarixdən hal-hazıradək “Abşeronsakaya-6” gəmisində kapitan vəzifəsindədir. - “Azərbaycan X6” QSC Dəniz Donanmasının AM 03/02-746 №-li, 23.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 07.01.1983-cü il tarixdən 21.05.1984-cü il tarixədək və 01.11.1984-cü il tarixdən 20.12.2002-ci il tarixədək 15.07.2003-cü il tarixdən 15.10.2016-cı il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, bagermeysterkapitanın 3-cu köməkçisi, kapitanın növbə köməkçisi-növbə mexaniki, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Sədrəddin oğlunun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 24 il 00 ay 12 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli,12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X2 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəliklər Cəmiyyətə keçmişdir. - “Azərbaycan X6” QSC Dəniz Donanmasının AM 03/02-438 №- li, 18.08.2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən 07.0.1983-cü il tarixdən 21.05.1984-cü il tarixədək və 01.11.1984-cü il tarixdən 20.12.2002-ci il tarixədək 15.07.2003-cü il tarixdən 15.10.2016-cı il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, bagermeyster-kapitanın 3-cü köməkçisi, kapitanın növbə köməkçisi-növbə mexaniki, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Sədrəddin oğlunun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 32 il 09 ay 03 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin “b” yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X2 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - “Azərbaycan X6” QSC Dəniz Donanmasının 01/17-304 №-li, 09.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.11.1984-cü ildən (01.11.1984-cü il tarixli 84/n nömrəli əmr) 10.10.2013-cü ilə kimi (25.10.2013-cü il) X2 X8 İdarəsinin “Abşeronskaya-4”, “Abşeronskaya-6”, “Bakinskaya-3”, “Bakinskaya-1” gəmilərində matorçu-matros, kapitanın növbə köməkçisi vəzifələrində işləmişdir. Onun 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqı 3.920.471 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X2 və Xəzər X5 yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - “Azərbaycan X6” QSC Dəniz Donanmasının arayışından görünür ki, İddiaçı 16.10.2016-cı il tarixdən “Azərbaycan X6” QSC-nin Xəzər X5 “Salyut” gəmisində kapitan vəzifəsində çalışır. - İdarənin iddiaçının 20.12.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 08.01.2020-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, İdarəyə təqdim etdiyi 7 yanvar 1983-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajın 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X2 X8 İdarəsinin “Abşeronskaya-4”, “Abşeronskaya-6”, “Bakinskaya-3”, “Bakinskaya-1” gəmilərində, “Azərbaycan X6” QSCnin Xəzər X5 “Salyut” gəmisində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ Bölməsinin 23003010 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-3230/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-3230/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar