Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-219/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6916/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, ona 51 il 6 ay 27 gündən (60 yaş - 8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə xüsusi stajı), yəni pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-6916/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) və b) bəndlərinin 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı (4-cü) abzasını İddiaçı münasibətdə tətbiq etməklə, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin olunmamış hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etməklə qərarını onun xx.xx.1997-ci il tarixinədək 1 nömrəli siyahı üzrə güzəştli iş stajının 04 il 10 ay 09 gün olması ilə əsaslandırmışdır. Halbuki onun xx.xx.1997-ci il tarixinədək 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 8 il 05 ay 03 gün təşkil edir. Bu, həm ona məxsus əmək kitabçasında, həm də cavabdehin imtina, etiraz və apellyasiya şikayətində öz təsdiqini tapır. Bu da ona (60 yaş - 8 il 05 ay 03 gün 1 nömrəli siyahıya uyğun güzəştli staj = 51 yaş 06 ay 27 gün) 51 yaş 06 ay 27 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa: qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 13 iyun 1997-ci il tarixli dəyişiklik ilə 13-cü maddənin “a” və “b” bəndlərinin axırıncı abzasları çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında isə deyilirdi: İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunnun ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi ış stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qeyd olunan qanunvericilik normalarına əsasən, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının xx.xx.2006-cı ilədək 20 ildən az olmayan ümumi stajı, 10 ildən az olmayan güzəştli stajı olmalıdır. İddiaçının isə iş materiallarından göründüyü kimi, 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (08 il 05 ay 03 gün) təşkil edir. İddiaçının 51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə bağlı isə qeyd edilir ki, 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13 iyun 1997-ci il tarixədək olan redaksiyasına əsasən aşağıdakı şərtlər ödənilməli idi: 1. İddiaçının 1997-ci il tarixədək 20 il ümumi sosial sığorta stajı olmalıdır; 2. İddiaçının 1997-ci il tarixədək 51 yaş 06 ayı tamam olmalı idi. Göründüyü kimi, xx.xx.1963cü il təvəllüdlü iddiaçıya 51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qeyd olunan şərtlərdən heç biri ödənilmir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 04 ay sosial sığorta stajı vardır. Burdan da göründüyü kimi, iddiaçının 1997-ci il tarixədək 20 il ümumi sosial sığorta stajı tamamlanmır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə verilmiş etirazda qeyd edilir: “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin a) bəndinin 1997-ci il 1 avqust tarixədək qüvvədə olan qeyd hissəsində 20 il stajın tələb olunması şərti yox idi. Həmin normaya əsasən, iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilirdi. İddia ərizəsinin dəlilləri “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə, 1 nömrəli siyahı üzrə güzəştli iş stajının həmin Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddimi belə işin hər tam ayı üçün bir ay azaldılması ilə bağlıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Çünki həmin tarixədək iddiaçının 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 8 il 05 03 gün təşkil edir. Bu staj da həmin Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddini belə işin hər tam ayı üçün bir ay azaldır. Nəticədə iddiaçının 51,5 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 Ns-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya dair 21 sentyabr 1984-cü il tarixli İT-İ, ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixinədək yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 №-li siyahı üzrə güzəştli iş stajı 10 ildən az (8 il 5 ay 3 gün (xx.xx.1984- 16.10,1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan MB seriyalı 013804 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-1984-cü illərdə M.Əzizbəyov adına X5 Ordeni Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 01-2011 saylı arxiv arayışından görünür ki, İddiaçı 1979-cu ildə Sumqayıt filialının Neft mexanika fakültəsinin “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 012/686, xx.xx.1979-cu il) və 1980-ci ildə Sumqayıt filialında əyani şöbənin İİ kursundan “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisasına köçürülmüşdür (Əmr № 012/756, xx.xx.1980-ci il). İddiaçı 1984-cü ildə yuxanda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 02/880, xx.xx.1984-cü il). xx.xx.1984-cü il qeydiyyat nömrəsi 404 olan MB № 013804 diplom verilmişdir. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1986-cı ildə İstismar avadanlığının kirayə təmiri sexində təmirçi çilingər, xx.xx.1986-xx.xx.1990-cı ildə Neftin kompleks hazırlanması və nəqli sexində mühəndis vəzifəsində işləmişdir. 29 Avqust 1990-cü il tarixindən (xx.xx.1990-ci ilin 159/K №-li əmrinə əsasən) Mühəndis ƏQM-nin 36 maddəsinin 5-ci bəndinə («28 Aprel» adına NQÇİ-nə keçirmə yolu ilə) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarındakı istehsalatın peşə və vəzifələrin 1 saylı Siyahısının X bölməsinin, 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: 1) xx.xx.1984-xx.xx.1986 (şifr)1100000a—18559 neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər peşəsi üzrə iş stajı 02 il 00 ay 25 gün təşkil edir; 2) xx.xx.1986-xx.xx.1990 mühəndis peşəsi üzrə iş stajı 03 il 10 ay 15 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 28 May Neft və qazçıxarma idarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1993-xx.xx.1995 (Şifr 1100000a -23485) - böyük mexanik, mexanik işləmişdir - 02 il 05 ay 23 gün; xx.xx.1995-xx.xx.1995 (Şifr 1100000a-18559) - təmirçi çilingər işləmişdir - 00 il 03 ay 18 gün, cəmi: 02 il 09 ay 11 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı istehsalatın, peşə və vəzifələrin 1 saylı siyahısının X bölməsinə, 2a və 2b yarımbölməsinə əsasən "28 May” NQÇİ-nin peşələrində iş stajı 02 il 09 ay 11 gün təşkil edir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı 14113629 nömrəli, 21 sentyabr 1984-cü il tarixli əmək kitabçasının tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildə İstismar avadanlığı prokat-təmir sexinə bilavasitə neft və qaz çıxarılması obyektlərində avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə çilingər qəbul edilmiş, xx.xx.1986-cı ildə Neftin kompleks hazırlanması və hazırlanması sexinə mühəndis keçirilmiş, xx.xx.1988-ci ildə SİKP XXİİ qurultayı adına İB ləğv edilmiş və onun bazasında SİKP XXİİ qurultayı adına NQÇİ (Neft və Qazçıxarma idarəsi) yaradılmışdır, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə SİKP XXİİ qurultayı adına NQÇİnin idarəetmə aparatının Baş mexanik şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 28 Aprel ad. NQÇİ-nin adı dəyişdirilib xx.xx.1992-ci ildən 28 May ad. NQÇİ adlandırılmışdır, xx.xx.1993-cü ildə LTSS sexinə böyük mexanik keçirilmiş, xx.xx.1994-cü ildə həmin sexdə 11 dərəcəli mexanik keçirilmiş, xx.xx.1995-ci ildə QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1995-ci ildə NQİH və N sexinə 11-ci dərəcəli mexanik keçirilmiş, xx.xx.1996-cı ildə 12-ci dərəcə təqdim edilmiş, xx.xx.1999-cu ildə Lay təzyiqinin sabit saxlanması sexinin rəis müavini təyin edilmiş, xx.xx.2007-ci ildə Lay təzyiqinin saxlanması sexinə 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə "xxxx" MMC-də Yod tərkibli su çıxarma sexinin rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" ASC-də 11-ci dərəcə ilə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü ildə 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə 15-ci dərəcə ilə Elektromexanika və avtomatika departamentinin mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir, hal-hazıradək işləyir (xx.xx.2023-cü il tarixli qeyd). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinin axırıncı abzasları: İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər - 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar - 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinin axırıncı abzasları çıxarılmışdır və bu, 1 avqust 1997-ci ildən qüvvəyə minmişdir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddia tələbindən görünür ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndində göstərilən zərərli bəndin qeyd olunan 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, ona 51 il 6 ay 27 gündən (60 yaş - 8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə xüsusi stajı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş (hazırki halda xx.xx.1997-ci ilədək) qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı həmin normanın qüvvədə olduğu xx.xx.1997-ci ilədək qazanmış olsun. Belə ki, xüsusi staj həmin Qanunun 13-cü maddəsinin «a» və «b» bəndlərinin axırıncı abzaslarında göstərilsə də, bu, qeyd olunan halda ümumi staja aid tələbin ümumiyyətlə nəzərdə tutulmaması anlamına gəlmir. Bu, sosial ədalət prinsipinə zidd hesab edilir (iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edildiyi halda, kişilər 50 yaşına çatdıqda, azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalarının və qadınlar 45 yaşına çatdıqda, azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışmalırının tələb edilməsi, habelə ümumi iş staı tələb edilmədən yalnız 1 il güzəştli iş stajı olan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi). Qeyd olunan halda ümumi staja olan tələb həmin Qanunun 13-cü maddəsinin «a» bəndində müəyyən edilmişdir (azı 20 il iş stajı). İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçının xx.xx.1997-ci ilədək təhsil dövrü də daxil olmaqla ümumi iş stajı 20 ildən azdır (xx.xx.1979xx.xx.1984 (təhsil), xx.xx.1984-xx.xx.1997). Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006cı ilədək güzəştli iş stajı 10 ildən azdır (xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1990, xx.xx.1993-xx.xx.1995, xx.xx.1995-xx.xx.1995). Göründüyü kimi, iddiaçının xx.xx.1997-ci il tarixədək qüvvədə olan normanın tələblərinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6916/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-219/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-219/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver