Məhkəmə qərarları › İş №2-1(103)-2190/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2190/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2190/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı cavabdeh AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı sosial müavinətin təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4115/2021 saylı iş üzrə qəbul etdiyi 03 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi, birdəfəlik müavinətin verilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4115/21 saylı iş üzrə qəbul etdiyi 03 iyun 2021cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsinin təşkilatı hüquqi əsasları və bu sahədə yaranan müavinətlər “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR Qanunu ilə tənzimlənir. Qanunun 1.0-cı maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının Qanunverciliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətdə azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 14.1-ci maddəsinin əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı 01.10.2021-ci il tarixli mənkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi 01.10.2021-ci il tarixli mənkəmə iclasında apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 24.09.2020-ci il tarixli 17/40- 3945 nömrəli arayışında göstərilmişdir: “xx.xx.1955-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 113-də qeydiyyatda olan İddiaçı AR CMnin 178.2.1,178.2.4 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş və 04.04.2019-cu il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 05.04.2019-cu il tarixdə 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri əvəzinə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından azad edilmişdir.” İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, cavabdeh tərəfindən verilmiş 25.11.2020-ci il tarixli, **********1 nömrəli imtina məktubunda bildirilmişdir ki, ““Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə — Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər — qanunvericilikdə müəyyən edilmiş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 05.04.2019-cu il tarixindən 10.09.2020-ci il tarixinədək həbs qətimkan tədbiri kimi istintaq təcridxanasında olduğunuz göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(105)-207/2020 saylı qərarı ilə barənizdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli 1(105)- 207/2020 hökmü ilə təqsirli bilindiyiniz ittiham üzrə cinayət məsuliyyətindən azad edilərək barənizdə cinayət işinin icraatına xitam verilmiş və ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, cəzaçəkmə müəssisəsində cəza çəkməyinizlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından Qanunun 14-cü maddəsinə əsasən sizə birdəfəlik müavinətin ödənilməsi mümkün hesab edilmir.” Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi, birdəfəlik müavinətin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə — Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər — qanunvericilikdə müəyyən edilmiş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sosial adaptasiya tədbirlərinin növlərindən biri kimi qeyd olunmuşdur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına (ƏƏSMN) təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 56-cı maddəsində azadlıqdan məhrum etmə növündə cəzanın çəkildiyi cəzaçəkmə müəssisələrinin dairəsi əhatə olunmuşdur. Həmin müddəada törədilən ictimai təhlükəli əməlin növündən aslı olaraq, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün məntəqə tipli, ümumi rejimli, ciddi rejimli, xüsusi rejimli və həbsxana növündə cəzaçəkmə müəssisəsiləri müəyyən edilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. İşin hallarından görünür ki, iddiaçı yalnız təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində ilk öncə həbs qəti-imkan tədbiri tətbiq edilərək, AR ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, daha sonra məhkəmə qərarı ilə həbs qəti-imkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhkum olunmamışdır. 08.10.2020-ci ildə isə barəsində sonuncu qəti-imkan tədbiri də ləğv edilərək, cinayət məsuliyyətindən azad edilmişdir. İddiaçı İstintaq Təcridxanasında olması faktını əsas götürərək, cavabdeh orqan tərəfindən ona birdəfəlik müavinətin ödənilməsini tələb edir. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçının apelyasiya şikayətində istinad etdiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun sırf penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində yaranan münasibətləri tənzimləyir. Yuxarıda sadalanan qanunvericilik normalarını iddiaçıya münasibətdə təhlil etdikdə isə aydın olur ki, penitensiar müəssisə dedikdə azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi nəzərdə tutulur. İstintaq təcridxanası isə azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsinin nəzərdə tutulduğu cəzaçəkmə müəssisəsi olmamaqla, yalnız xüsusi kateqoriya məhkumlar (təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar) üçün cəzaçəkmə müəssisəsinin funksiyalarını həyata keçirir. İddiaçı isə həmin kateqoriyaya aid deyildir. Beləliklə, hazırki iş üzrə İddiaçı penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxs statusuna malik olmadığı üçün “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu üzrə sosial təminat hüququ yaranmamışdır. Kollegiya hazırki halda cavabdeh orqan tərəfindən inzibati icraat gedişində işin faktiki hallarının araşdırılması və hüququn tətbiqi ilə bağlı pozuntulara yol verilmədiyini nəzərə alaraq iddianın təmin edilməsinə dair qanuni əsasların olmadığı nəticəsinə gəlir. AR İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 03 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4115/2021 saylı iş üzrə qəbul etdiyi 03 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar