Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2190/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində Cənubi Koreya Respublikasından aldığı BMW AG BMW 520d markalı avtomobilin (VİN WBA5C3108ED042667) Azərbaycan Respublikasına buraxılması və gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində Cənubi Koreyadan şəxsi istifadəsi üçün zavod buraxılış tarixi 2014-cü il olan “BMW 520d” markalı avtomobil sifariş etmişdir. xx.xx.2023-cü il tarixli bank ödənişi sənədi vardır. Avtomobilə görə, bank vasitəsilə 9300 ABŞ dolları, nəqliyyat/daşıma üçün isə 2400 ABŞ dolları olmaqla, cəmi 11700 ABŞ dolları ödəniş etmişdir. Avtomobil 2023-cü ilin iyul ayında gəmi ilə Cənubi Koreyadan ixrac olunmuşdur. 2023-cü ilin oktyabr ayında karqo gəmisi gecikmə ilə Potiyə çatmışdır. Avtomobilini sərhəddən keçirmək üçün müvafiq məlumatları almaq istəyərkən ona bildirilib ki, guya maşın 2013-cü ilin buraxılışıdır, avtomobilin ölkəyə buraxılışına yalnız gömrük rəhbərliyinin göstərişi ilə icazə verilə bilər. Avtomobilin ilkin qeydiyyat sənədində (texniki pasportunda), elecə də bütün detallarında və rəsmi sənədlərində buraxılış ili “2014” rəqəmi kimi göstərilib, gömrük orqanlarında isə buraxılış ilinin 2013 olduğu bildirilmişdir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edərək, avtomobilinin ölkəyə buraxılışına, gömrük rəsmiləşməsinə icazə verilməsini xahiş etmişdir. 2013-cü il tarixinin hansı mənbədən əldə edildiyini araşdırmağı xahiş etmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 saylı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. “BMW” markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı olduğunu nəzərə alaraq, müraciətdə qeyd olunan avtonəqliyyat vasitəsinin istehsal ili haqqında məlumat verilməsi barədə "xxxx" MMM-yə rəsmi müraciət edilmişdir. "xxxx" MMM tərəfindən verilmiş cavaba əsasən nəqliyyat vasitəsinin istehsal tarixinin 17 sentyabr 2013-cü il olduğu təsdiq olunmuşdur. Texniki pasportda qeyd edilmiş 2014-cü il tarixi nəqliyyat vasitəsinin model ilini və ilkin qeydiyyat tarixini əks etdirir. Qeyd olunanlara əsasən müraciətinizdə göstərilən minik avtonəqliyyat vasitəsinin ölkə ərazisindən buraxılması sözügedən qərara uyğun olaraq gömrük orqanları tərəfindən təmin edilməmişdir”. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Satıcı tərəfindən ona təqdim edilmiş texniki pasportdan (ilkin qeydiyyat sənədindən) bilirdi ki, avtomobilinin istehsal tarixi 2014-cü ildir. Çünki avtomobil barədə həmin sənədə əsasən, eləcə də oradakı VİN nömrəsinə əsasən internet resursları üzərindən öyrənilməsi mümkün olan bütün məlumatlar, o cümlədən avtomobillərin mövcud alqı-satqı işgüzar qaydalarına əsasən eyniləşdirilməsi mümkün olan sair bütün məlumatlar ona məxsus avtomobilin istehsal tarixinin 2014-cü il tarixli olmasını təsdiq edir. Cavabdeh orqanın "xxxx" MMM-nin məlumatına əsaslanması tamamilə əsassızdır. Əvvəla, "İmprotex Motors” MMM-nin özünün qeyd edilən məlumatları hansı mənbədən əldə etdiyi məlum deyildir. "xxxx" MMM cavabdeh orqanın müvafiq idarəsinin sorğusuna verdiyi cavab məktubunda istinad etdiyi məlumatların əldə edilmə mənbəyini qeyd etməmiş, bunun hər hansı rəsmi mənbəyini açıqlamamışdır, məlumatların əldə edildiyi mənbənin rəsmi möhürü, sair təsdiqedici rekvizitləri ilə təsdiqlənmə yoxdur, mövcud deyildir. İkincisi, bu məlumatın vətəndaşlar tərəfindən əldə edilməsi mümkün deyil. İstehsal tarixi nəqliyyat vasitəsinin texniki pasportu - ilkin qeydiyyat sənədi ilə müəyyən edilir. İddiaçı avtomobili xx.xx.2023-cü il tarixli bank ödənişi ilə rəsmi olaraq almışdır. Həmin zaman iddiaçıya satıcı tərəfindən təqdim edilmiş avtomobilin ilkin qeydiyyat sənədindən (işgüzar mühitdə texniki pasport adlanan sənəddən) görünürdü ki, sözügedən avtomobilin ilkin qeydiyyat ili ”2014" tarixidir. Avtomobilin tarixini müəyyən etmək üçün iddiaçının başqa bir mənbədən məlumat alma imkanı yoxdur. Özünə xaricdən avtomobil gətirmək istəyən şəxsin avtomobilin buraxılış ilini yalnız texniki pasport adlanan ilkin qeydiyyat şəhadətnaməsindən öyrənmək imkanı vardır. Qüvvədə olan qanunvericilikdə nəqliyyat vasitəsinin qeydiyyat və ya tranzit nişanlarının, eləcə də nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədinin məlumatları əsas tutulur. Malik olduğu həmin sənədlərdə, yəni avtomobilin Cənubi Koreyadan daimi qeydiyyatdan çıxarılması sənədində buraxılış ili "2014" ilidir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-708/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixində Cənubi Koreyadan aldığı “BMW AG BMW 520d” markalı avtomobilin (VİN: WBA5C3108ED042667) Azərbaycan Respublikasına buraxılması və gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Avtomobilini sərhəddən keçirmək üçün müvafiq məlumatları almaq istəyərkən ona bildirilib ki, avtomobil 2013-cü ilin buraxılışlıdır, avtomobilin ölkəyə buraxılışına yalnız gömrük rəhbərliyinin göstərişi ilə icazə verilə bilər. Halbuki, avtomobilin ilkin qeydiyyat sənədində (texniki pasportunda), elecə də bütün detallarında və rəsmi sənədlərində buraxılış ili 2014-cü il kimi göstərilmişdir, gömrük orqanlarında isə bunun əksinə olaraq 2013-cü il olduğu bildirilir. Cavabdeh tərəfindən iddiaçının bununla bağlı müraciətindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Məhkəmənin qərarını əsassız hesab edir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarı əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi, xx.xx.2023-cü il tarixdən (qərarın dərc edildiyi gündən 30 gün sonra) məhdudlaşdırılmışdır. İddiaçı mübahisə predmeti olan nəqliyyat vasitəsini Nazirlər Kabinetinin 94 saylı qərarı qüvvəyə mindikdən sonra, yəni 17 iyul 2023-cü il tarixdə almışdır. Həmin nəqliyyat vasitəsinin raritet və ya gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobili olmaması işin mübahisəsiz halıdır. Ona görə də nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparılması həmin qərarın tələblərinə uyğun həll edilməli və onun zavod buraxılış tarixi müəyyən edilməlidir. İş materiallarında olan sənədlərlə və açıq informasiya mənbələrində internet-axtarış sistemində olan məlumatlardan iddiaçıya məxsus “BMW 520d” markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan avtomobilin istehsal ilinin xx.xx.2013-cü il tarixli olduğu görünür. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının gətirdiyi dəlilləri iddianın təmin edilməsi üçün əsaslı saymayaraq qeyd edir ki, avtomobilin Cənubi Koreya Respublikasındakı qeydiyyat şəhadətnaməsində və digər sənədlərindən göründüyü kimi, 2014-cü il nəqliyyat vasitəsinin istehsal tarixini deyil, onun model ilini və Cənubi Koreya Respublikasındakı ilkin qeydiyyat tarixini (xx.xx.2014) göstərir”. Məhkəmənin qənaəti əsassızdır. Belə ki, sözügedən imtina dəlili araşdırılarkən buna qarşı onun iddia ərizəsində irəli sürdüyü hüquqi və faktiki dəlillər, eləcə də məhkəmədə nümayəndəsinin verdiyi izahatın dəlilləri araşdırılmamış, qiymətləndirilməmişdir. Əvvəla, alqı-satqıdan öncə nümayəndəsi vasitəsilə satıcı tərəfindən ona təqdim edilmiş texniki pasportdan (ilkin qeydiyyat sənədindən) görünür ki, avtomobilinin texniki pasportuna əsasən istehsal tarixi 2014-cü ildir. Çünki avtomobil barədə həmin sənədə əsasən, eləcə də oradakı VİN nömrəsinə əsasən internet resursları üzərindən öyrənilməsi mümkün olan bütün məlumatlar, o cümlədən avtomobillərin alqısatqısının işgüzar qaydalarına əsasən eyniləşdirilməsi mümkün olan sair bütün məlumatlar ona məxsus avtomobilin istehsal tarixinin 2014-cü il tarixi olmasını təsdiq edir. İnternet resursları üzündən başqa bir məlumat almaq mümkün deyildir. Onun müraciəti zamanı cavabdeh 2013-cü il tarixi ilə bağlı ona ciddi bir rəsmi dəlil verə bilməmişdir. Cavabdeh orqan onun müraciətindən imtina edərkən "xxxx" MMM-nin məlumatına əsaslanmışdır. Lakin "xxxx" MMM-nin qeyd edilən məlumatları hansı mənbədən əldə etdiyi məlum deyil. "xxxx" MMM cavabdeh orqanın müvafiq idarəsinin sorğusuna verdiyi cavab məktubunda istinad etdiyi məlumatların əldə edilmə mənbəyini qeyd etməmiş, bunun hər hansı rəsmi mənbəyini açıqlamamışdır, məlumatların əldə edildiyi mənbənin rəsmi möhürü, sair təsdiqedici rekvizitləri ilə təsdiqlənmə mövcud deyildir. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Bu hal inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı və qiymətləndirilməli, pozulmuş hüquqları bərpa olunmalı idi, lakin nə araşdırılmış, nə də pozulmuş hüquqları bərpa olunmuşdur. İddiaçı avtomobili xx.xx.2023-cü il tarixli bank ödənişi ilə rəsmi olaraq almışdır. Həmin vaxt ona satıcı tərəfindən təqdim edilmiş avtomobilin ilkin qeydiyyat sənədindən (texniki pasportdan) görünürdü ki, sözügedən avtomobilin ilkin qeydiyyat ili 2014-cü ildir. Avtomobilin tarixini müəyyən etmək üçün onun başqa bir mənbədən məlumat almaq imkanı yoxdur. Qüvvədə olan qanunvericilikdə nəqliyyat vasitəsinin qeydiyyat və ya tranzit nişanlarının, eləcə də nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədinin məlumatları əsas tutulur. Malik olduğu həmin sənədlərdə, yəni avtomobilinin Cənubi Koreyadan daimi qeydiyyatdan çıxarılması sənədində buraxılış ili "2014" ilidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 saylı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. “BMW” markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı olduğunu nəzərə alaraq, müraciətdə qeyd olunan avtonəqliyyat vasitəsinin istehsal ili haqqında məlumat verilməsi barədə "xxxx" MMM-yə rəsmi müraciət edilmişdir. "xxxx" MMM tərəfindən verilmiş cavaba əsasən nəqliyyat vasitəsinin istehsal tarixinin 17 sentyabr 2013-cü il olduğu təsdiq olunmuşdur. Texniki pasportda qeyd edilmiş 2014-cü il tarixi nəqliyyat vasitəsinin model ilini və ilkin qeydiyyat tarixini əks etdirir. Qeyd olunlara əsasən müraciətinizdə göstərilən minik avtonəqliyyat vasitəsinin ölkə ərazisindən buraxılması sözügedən qərara uyğun olaraq gömrük orqanları tərəfindən təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Müraciətdə göstərilmiş BMW 520d markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin istehsal tarixi 17 sentyabr 2013-cü ildir. Texniki pasportda qeyd edilmiş 2014-cü il nəqliyyat vasitəsinin istehsal tarixini göstərmir, nəqliyyat vasitəsinin model ilini və ilkin qeydiyyat tarixini göstərir. Eyni zamanda “BMW” markalı avtomobillərin Azərbaycanda rəsmi distribütoru olduğunu nəzərə alaraq, sözügedən nəqliyyat vasitəsinin istehsal ili haqqında məlumat verilməsi barədə "xxxx" MMM-yə rəsmi müraciət edilmişdir. "xxxx" MMM tərəfindən verilmiş cavaba əsasən nəqliyyat vasitəsinin istehsal tarixinin 17 sentyabr 2013-cü il olduğu təsdiq olunmuşdur. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi X1 müraciətinə cavab olaraq verilmiş məktubda bildirilmişdir ki, WBA5C3108ED042667 şassi nömrəli, BMW 520d markalı avtomobilin istehsal tarixi xx.xx.2013-cü ildir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli invoysdan görünür ki, BMW AG BMW 520d markalı WBA5C3108ED042667 şassi nömrəli (buraxılış ili 2014) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Koreya Respublikasının Neungheodae-ro, Yeonsu-gu, İncheon istifadə zonasındakı şirkət tərəfindən İddiaçı göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən BMW AG BMW 520d markalı WBA5C3108ED042667 şassi nömrəli (buraxılış ili 2014) nəqliyyat vasitəsinin alışı üçün 11.700 ABŞ dolları məbləğində pul vəsaiti Koreya Respublikasının Neungheodae-ro, Yeonsu-gu, İncheon şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (№202209- 005293) tərcümə edilmiş surətindən görünür ki, BMW 520d markalı, ban nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin ilkin qeydiyyat ili xx.xx.2014-cü ildir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması haqqında şəhadətnamənin (№2814-202307-002215) tərcümə edilmiş surətindən görünür ki, BMW 520d markalı, ban nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin ilkin qeydiyyat ili xx.xx.2014-cü ildir, model ili 2014-cü ildir, qeydiyyatdan çıxarılma tarixi xx.xx.2023-cü ildir, qeydiyyatdan çıxarılma səbəbi ixrac edilmədir. İş materiallarında olan Avtomobil süvari dəstəsinin faktiki qeydiyyatı haqqında şəhadətnaməsində (№ 2814-202307-002215 E) BMW 520d markalı, ban nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin modelin ili 2014, birinci qeydiyyata alındığı gün xx.xx.2014-cü il olduğu qeyd edilmişdir. İş materiallarında olan İxracat bəyannaməsinin təsdiqinin tərcümə edilmiş surətindən görünür ki, BMW 520d markalı, ban nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin qeydiyyat ili 2014-cü ildir, ixracat tarixi xx.xx.2023-cü ildir. İş materiallarında olan nəqliyyat vasitəsinin qapısına zavod üsulu ilə həkk olunmuş yazının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, avtomobilin identifikasiya nömrəsi WBA5C3108ED042667 olan BMW 520d markalı avtomobilin orijinal istehsalçısı BMW AG Almaniya, idxalçı BMW Korea Co. LTD, istehsal ili 2014 göstərilmişdir. “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 94 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın. 2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 8.0.8. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq. 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Cənubi Koreya Respublikasından idxal etdiyi “BMW 520d” markalı avtomobilin gömrük proseduruna uyğun rəsmiləşdirilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli 94 nömrəli Qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırıldığı əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan nəqliyyat vasitəsini Nazirlər Kabinetinin 94 saylı qərarı qüvvəyə mindikdən sonra, yəni 17 iyul 2023-cü il tarixdə almışdır. Həmin nəqliyyat vasitəsinin raritet və ya gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobili olmaması işin mübahisəsiz halıdır. Ona görə də nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparılması həmin qərarın tələblərinə uyğun həll edilməli və onun zavod buraxılış tarixi müəyyən edilməlidir. İş materiallarında olan sənədlərlə və açıq informasiya mənbələrində internet-axtarış sistemində olan məlumatlardan iddiaçıya məxsus “BMW 520d” markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan avtomobilin istehsal ilinin xx.xx.2013-cü il tarixli olduğu görünür. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının gətirdiyi dəlilləri iddianın təmin edilməsi üçün əsaslı saymayaraq qeyd edir ki, avtomobilin Cənubi Koreya Respublikasındakı qeydiyyat şəhadətnaməsində və digər səndələrindən göründüyü kimi, 2014-cü il nəqliyyat vasitəsinin istehsal tarixini deyil, onun model ilini və Cənubi Koreya Respublikasındakı ilkin qeydiyyat tarixini (xx.xx.2014) göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh avtomobilin istehsal tarixi ilə əlaqədar "xxxx" şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi X1 müraciətinə cavab olaraq verilmiş məktuba istinad edərək avtomobilin istehsal tarixinin xx.xx.2013-cü il olduğunu bildirir. Lakin bununla bağlı rəsmi, o cümlədən açıq mənbələrə istinad olunmur. Belə ki, avtomobilin istehsal tarixinin məhz xx.xx.2013-cü il olması barədə mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin istinad etdiyi mənbələrin məhz bütün istehlakçılar, o cümlədən iddiaçı üçün açıq olan mənbələr olması öz təsdiqin tapmır. Əksinə, iş materiallarında olan sənədlərdə avtomobilin istehsal tarixinin 2014-cü il olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli invoysdan, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən, Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması haqqında şəhadətnamədən (ixracla əlaqədar qeydiyyatdan çıxma), İxracat bəyannaməsinin təsdiqi adlı sənəddən görünür ki, BMW 520d markalı, ban nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin ili 2014-cü ildir. İstehlakçıların əldə edə biləcəyi bütün mümkün məlumat mənbələrində avtomobilin istehsal ili 2014-cü il göstərilmişdir. İddiaçı da məhz avtomobilin istehsal tarixinin 2014-cü il olması ilə əlaqədar həmin məlumat mənbələrinə etimad göstərmişdir. Bundan başqa, nəqliyyat vasitəsinin qapısına zavod üsulu ilə həkk olunmuş yazıdan görünür ki, avtomobilin identifikasiya nömrəsi WBA5C3108ED042667 olan BMW 520d markalı avtomobilin istehsal ili 2014-cü il göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu, yanlış olaraq mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin lövhə istehsalçı tərəfindən vurulur, orada avtomobilə aid texniki göstəricilər (o cümlədən istehsal tarixi) göstərilir və istehlakçılar tərəfindən həmin məlumatlar mötəbər məlumat kimi qəbul edilir. Cavabdeh tərəf həmin məlumatların düzgün olmaması ilə əlaqədar (həmin yazının olduğu lövhənin dəyişdirilməsi, yazılara müdaxilə edilməsi və s.) sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən avtomobil alınarkən mövcud olmuş və istehlakçıların əldə edə biləcəyi mənbələrdə avtomobilin istehsal tarixi 2014-cü il göstərilmişdir. Belə olan halda iddiaçının gətirdiyi avtomobilin zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olmamışdır. Eyni zamanda cavabdehin istinad etdiyi məlumata əsasən avtomobilin istehsal tarixinin xx.xx.2013-cü il olması qəbul edilsə belə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı avtomobili xx.xx.2023-cü ildə almış, bununla bağlı ödənişi xx.xx.2023-cü ildə etmişdir. Həmçinin 2023-cü ilin iyul-avqust aylarında avtomobil ixrac edilmə səbəbi ilə qeydiyyatdan çıxarılmış və ixrac edilmişdir. Göründüyü kimi, avtomobil cavabdehin istinad etdiyi istehsal tarixindən əvvəl (həmin tarixdə cavabdehin istinad etdiyi tarixlə müqayisədə avtomobilin yaşı 10 ili keçməmişdir) artıq iddiaçı tərəfindən alınmış və ixrac edilmişdir, onun alındığı ölkədən hansı müddətə gətirilməsi isə iddiaçının iradəsindən asılı olmamış, iddiaçı avtomobili alarkən mövcud qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Qeyd olunanlar iddiaçı tərəfindən gətirilən avtomobilin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılan, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinə aid olmadığını göstərir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış “BMW 520d” markalı (VİN nömrəsi: WBA5C3108ED042667) avtomobilin Azərbaycan Respublikasına buraxılması və gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2190/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2190/2025
20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver