Məhkəmə qərarları › İş №2-1(103)-2191/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2191/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2191/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlunun ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və qeyrilərinə qarşı “vurulmuş ziyana görə borcun tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mərhum atalarından miras qalmış 3 otaqlı mənzilin alğı-satqı müqaviləsi ilə ipotekaya qoyulması nəticəsində onlara, qanun üzrə vərəsələrə cavabdehlərdən vurulmuş ziyana görə 75/000 manat həcmində borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən cəvabdehlər, iddiaçının subyektiv hüquqlarına zidd olaraq atasının mənzilini öz niyyətlərindən əl çəkmədən, hecnədən çəkinmədən və qanunvericiliklə qoyulan qadağalara məhəl qoymadan, alğı-satq etmələri faktı, və miras qoyan atasının, övladlarına çatmalı pul vəsaitlərini lazımi qaydada ödənişlər etmək niyyətlərinin olmamasi, özlərinə sərf etdikləri mənfəəti əldə etmələri məqsədlərinə və bu kimi hərəkətlərində özlərini təqsirsiz hesab etmələri və etdikləri əməllərdən məsuliyyətdən yayinmaq hərəkətlərinin davam etdirilməsi, işin faktiki hallarinın, iddiaçı ücün stres vəziyyətinin, əsəb gərginliyinin dözülməz olmasını, xarkteriminə və ahıl yaşına uyğun olmamasını, işin baxışı zamanı yol verilmiş nöqsanların və qanunsuzluqların, prosessual və maddi normaların səhflərlə qoyulmuş təfsilatı, işin mövcud hallarına və dəlillərinə hüquqi əhəmiyyəti olan digər faktların, qanun üzrə vərəsələrin maraqlarına hər hansı açıqlama yeri qoymadan, lakin cavabdehlərin hərəkətlərində qanuni əsasların olub olmamasının heç bir əhəmiyyət kəsb etmədiyini, işin düzgün təfsilatı ilə həll olunmaması və 75.000 manat dəyərində vurulmuş ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi haqqinda iddia mahiyyəti üzrə həll edilməyərək mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiada cavabdeh qismində göstərilmiş Cavabdeh2 və X2 inzibati orqan deyildirlər. Bu səbəbdən, iddia onlara münasibətdə subyektiv tərkiblərinə görə inzibati orqan olmadıqlarından mümkün sayılmamalıdır. İddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə yönəlmiş hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına baxış keçirilən zaman, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etməsi barədə sübut aşkar edilməmiş, bundan əlavə iddia ərizəsində cavabdeh inzibati orqana münasibətdə iddiaçının qanunla qorunan hansı hüquqlarının pozulması halı əsaslandırılmamış, iddiaçının hüquqlarına cavabdeh inzibati orqan tərəfindən birmənalı və açıq şəkildə hər hansı bir müdaxilə edildiyi müəyyən edilməmişdir. Ona görə məhkəmə həmin hissədə də iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X7 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 5.1-ci və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd olunan qanunvericilik normalarına əsasən iddianın Cavabdeh2 və X1 yönəlmiş hissəsində məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin şəxslər inzibati orqan sayılmadıqlarından iddia həmin hissədə mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat” haqqında qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə yönəlmiş hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin hissədə iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik normalarının tələblərinə riayət olunmadığından məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərara gəlmişdir. Belə olan halda şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar