Məhkəmə qərarları › İş №2-1(103)-2191/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2191/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2191/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının yaxınlığında yerləşən birmərtəbəli fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (İPM m.33.1.) İddianın əsaslarına görə iddiaçı 1988-ci ildə ailə üzvlərilə birlikdə Ermənistanın Masis rayonundan məcburi köçürülmüş,06 sentyabr 1988-ci il tarixdə onunla, Bakı şəhərində yaşayan X4 və X5 arasında tikilinin dəyişdirilməsi müqaviləsi bağlanmış və xx.xx.1988-ci il tarixli 06 nömrəli qeydiyyat vəsiqəsinə əsasən sonunculara məxsus olan Bakı şəhərində yerləşən 69,1 kv.m yaşayış, 30,0 kv.m köməkçi sahədən ibarət 200,4 kv.m torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evi, Ermənistan SSR, Masis rayonu, Setamat kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi ilə dəyişdirilmişdir. Sözügedən hər iki qardaşın ayrı-ayrılıqda, torpaq sahəsində kərpicdən tikilmiş su hovuzu və ayrı-ayrı toyuq damı və tut ağacları olmuşdur. Dəyişdirmə müqaviləsinin şərtləri yerinə yetirilmişdir və həmin vaxt da iddiaçı ailə üzvlərilə qeyd edilən fərdi yaşayış evinə köçərək yaşamağa başlamışdır. Həmin şəxslərə məxsus olmuş fərdi yaşayış evi yararsız olduğundan iddiaçı tərəfindən bərpa edilmişdir və yaşayış üçün yararlı hala salınmışdır. İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin yenidən qurulmasına razılıq verilmişdir. Bu fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi itmişdir və iddiaçı bu barədə müraciət etsə də, dublikat qeydiyyat vəsiqəsi verilməmişdir. xx.xx.1988-ci il tarixdə iddiaçı ailə üzvlərilə birlikdə bu ünvana pasport qeydiyyatına alınmış, bu yaşayış sahəsindən faktiki istifadə etməklə sahiblik əldə etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin sənədləşdirilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********43 nömrəli məktubu ilə ərizəni təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahin etmiş və bunu imtina məktubunda qeyd olunanlara uyğun əsaslandırmış, eyni zamanda qeydetmişdir ki, iddiaçı tərəfindən İdarənin mütəxəssislərinə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş daşınmaz əmlak deyil, 3 torpaq sahəsi kənarda yerləşən özbaşına inşa edilmiş həyət evi göstərilmişdir. Habelə, hüquqmüəyyənedici sənədlərdə qeyd olunan fərdi yaşayış evinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış, bununla bağlı İddiaçı **********43 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, qərar qeyri-qanuni və əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşin faktiki halları məhkəmə tərəfindən tam araşdırılmamış, yalnız qanunvericilik normalarını sadlamaqla kifayətlənmişdir. Mülki Məcəllənin 153.1, 157.8, 159, 163.1, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 12.1; 81.2, 87.6; 87-ci maddələrinə istinadən hesabedir ki,şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, dəyişdirilən fərdi yaşayış evi iki qardaşa məxsus olmuş, onların hər birinin evi mövcud olmuş, evin biri mövcud olsa da, digəri yaşayış üçün tam yararsız olmuş,demək olar ki, uçurullmuş yeri qalmış və o, həmin yerdə yeni birmətəbəli ev inşa etmişdir. Tikilən ev, birinci evdən bir neçə həyət aralıqda yerləşir. Hesab edir ki, həmin dəyişdirmə müqaviləsi nəzərə alınmaqla, cavabdeh tərəfindən onun adına qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdehin nümayəndəsi Ə.Abbaslı məhkəməyə verdiyi iizahatında qeydetmişdir ki, mübahisəli ünvanda dəyişdirilən fərdi yaşayış evinə dair iddiaçının adına qeydiyyat aparılaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının mübahisələndirdiyi ev isə birinci evdən 40 metr aralıda yerləşir, aralarında qonşu həyət evləri vardır. Həmin evin tikildiyi torpaq sahəsinə iddiaçının hüquqmüəyənedici sənədləri də mövcud deyil, özbaşına tikildir. Həmin evin torpaqla birlikdə vahid əmlak kimi qeydiyyata alınması üçün hüquqi əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarını qüvəsində saxlanılmasını məhkəmədən xahiş edir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı ilə Bakı şəhərində yaşamış erməni millətindən olan Zaven Arakelyan və Qerov Arakelyan adında şəxslər arasında xx.xx.1988-ci il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tikilinin dəyişdirmə müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş həmin müqaviləyə və xx.xx.1988-ci il tarixli 30/791 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X1 və X2 məxsus olmuş, ev 260.4 kv.metr torpaq sahəsində yerləşən 69.1 kv.metr yaşayış, 38.3 kv.metr köməkçi sahəsi olan 4 otaqlı fərdi yaşayış evi - İddiaçı məxsus Ermanistan SSR Masis rayonu, Setamat kəndində yerləşən 2900 kv.metr torpaq sahəsində yerləşən ikimərtəbəli 4 otaqlı 106.5 kv.metr yaşayış, 40.8 kv.metr köməkçi sahəsi olan fərdi yaşayış evi ilə dəyişdirilmişdir. İş materillarının 71-ci vərəqindən görünür ki, dyişdirmə müqaviləsi bağlandıqdan sonra xx.xx.1988-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, dəyişdirilən həmin fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq ona həmin evə mülkiyyət hüququnu təsdiq edən 30/1676 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından isə göründüyü kimi, iddiaçı 1988-ci ildə Eremenistanda yerləşən fərdi yaşayış evini Bakıda yaşayan erməni millətindən olan şəxslərə məxsus fərdi yaşayış evi ilə dəyişdirdiyini, lakin həmin şəxslərdən ikincisinə məxsus ev tam yararsız olduğundan yarasız evin yerində yeni bir birmətəbəli ev inşa etdiyini bildirərək həmin evə mülkiyyət hüququnun cavabdedeh tərəfindən qeydə alınmasını tələb etmişdir. İş materiallarından görünür ki, iddiaçının müvafiq müraciəti ilə bağlı cavabdehin nümayəndələri tərəfindən iddiaçının hüquqlarının qeydiyyata alınması ilə bağlı başlanmış inzibati icraat çərçivəsində mübahisələndirilən əmlaka baxış keçirilmiş və xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) akt tərtib olunmuşdur. Həmin aktda təsbit olunur ki, «vətəndaşla əlaqə yaradılmış, məlum olmuşdur ki, ərizəçi arxiv texniki pasportu təqdim edilmiş yaşayış evinin deyil, 3 həyət kənarda inşa olunmuş özbaşına tikilinin qeydiyyatdan keçirilməsini istəyir. 8 Mart küçəsi, ev 3-ə dair vətəndaşın hər bir sənədi var. Ərizəçinin göstərdiyi sahəyə dair isə heç bir hüquqmüəyyənedici sənəd yoxdur.» İddiaçının və cavabdehin nümayəndəsinin hazırkı məhkəmə iclasında məhkəməyə verdiyi izahatlarından da göründüyü kimi, tədqiq olunan səndələrlə müəyyən edilən halların həqiqliyi öz təsdiqini tapır. Beləliklə də qeydolunanlardan göründüyü kimi iddiaçı, dəyişdirmə müqaviləsində göstərilən ünvan 5 ünvan üzrə dəyişdirilmiş fərdi yaşayış evi ilə bağlı hüququnun dövlət qeydiyyatına alınnaraq ona qeydiyyat vəsiqəsi verildiyi halda, hazırkı iddia tələbində həmin evin yaxınlığında (3 həyət kənarda) yerləşən, hüquqmüəyyənedici sənədi mövcud olmayan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə (birmərtəbəli evə) də həmin ünvan üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Qanunvericiliyin tələbləri əsasən isə iddiaçının özbaşına inşa etdiyi həmin daşınmaz əmlaka hüququnun reyestrdə qeydə alınmasını istisna edilir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (Müvafiq icra hakimiyəti - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir). 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində göstərilən əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına təqdim olunmalıdır ki, həmin əmlak dövlət qeydiyyatına alınsın. İddiaçının isə «Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında» Qanunun qeyd olunan tələblərinə əsasən mübahisələndirilən tikiliyə hüququnun qeydə alınması üçün sözügedən əsasların heç biri mövcud deyildir. Başqa sözlə, onun tərəfindən sənədi olmayan torpaq sahəsində, şəhərsalma və tikinti normalarına zidd olaraq inşa etdiyi özbaşına tikilinin (evin) dövlət qeydiyyatı barədə müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı deyildir. Belə olan halda isə həmin Qanunun 15.1-ci maddəsinin gələbinə görə isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından irəli gələrək, mübahisələndirilən daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsaslı olaraq imtina etmişdir. İPM-in 73.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. İşin sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, cavabdehin mübahisəli əmlakın dövlət qeydiyatından imtinası qanunauyğun olmuşdur. Qanunauyğun imtina isə , iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin gəldiyi nəticə işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3048/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar