Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2192/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-271/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 26 fevral 2021-ci il tarixli göndəriş əsasında 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü ildə odlu silahdan sağ ayaq baldır oynağından yaralanmış, hərbi-həkim komissiyasının xx.xx.2011-ci il tarixli 421 saylı qərarı ilə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdfaiəsi zamanı alınmışdır» kimi şəhadətləndirilmiş, 2013-cü ildə ona TSEK-in qərarı ilə İİİ dərəcəli əlillik təyin edilmiş, 8 il ərzindəfasiləsiz olaraq tibbi müəyinələrdən kemiş, 2021-ci ilə kimi əlilliyi təsdiq olunmuşdur. Sonuncu dəfə X1 və Ortopediya İnstitunda xx.xx.2021-ci il tarixdə müayinədən keçmiş və 724/751 saylı arayışla təsdiqini tapmış, o, Sabirabad rayon Mərkəzi Xəstəxanasının 0311003AAQ8Z №-li forma 088 elektron göndəriş əsasında 2021-ci il tarixdə TTSEK-ə müraciət etmiş, lakin sonuncu tərəfindən onun əlillik vəziyət qiymətləndirilərək əsassız olaraq əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, göndəriş natamam doldurulduğundan əlilliyin təyinindən imtina edilmişdir. Daha sonra, 14 iyun 2021-ci il tarixli göndərişi əsasında sağlamlıq vəziyyətinə baxılmış və müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti və diaqnozu əlilliyin təyininə əsas vermir. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda və əlillik dərəcəsinin müəyyən edəcək meyara malik olduğu halda əlillik dərəcəsininn verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 26 fevral 2021-ci il tarixli Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müddalarına istinadən onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının tələbləri baxımından Bakı inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Əliyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə məhkəmədən onun səhhətinin ağır vəziyyyətini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi,məcburetmə haqqında iddia (İPM m.33.1.) vasitəsilə ona 26 fevral 2021-ci il tarixli göndəriş əsasında 3-cü dərəcəli əlilliyin təyin edilməsi barədə öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasınının iyun xx.xx.2011-cı il tarixli qərarından görünür ki, iddiaçıya “Hərbi travmadır, Azərbaycan Respublikasının müdfaiəsi zamanı alınmışdır» səbəbi ilə aşağıdakı diaqnoz qoyulmuşdur. - odlu silahdan sağ ayaq baldır oynağından postravmatik artrozufunksiyası və cüzi dərəcədə pozulması ilə travma» İddiaçının bundan sonrakı dövr üzrə əlillik təyinatlar üzrə diaqnozları aşağıdakı kimi olmuşdur:
1. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı səbəbi ilə (15 fevral 2013-cü il tarixli göndəriş əsasında),
2. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı səbəbi ilə (24 fevral 2014-cü il tarixli göndəriş əsasında),
3. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/pozulması və qarın boşluğu orqanlarının travması səbəbi ilə (13 fevral 2015-ci il tarixli göndərişi əsasında),
4. qarın boşluğu orqanlarının travması səbəbi ilə (15 fevral 2016-cı il tarixli göndərişi əsasında),
5. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyui, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/pozulması səbəbi ilə (03 mart 2016-cı il tarixli göndərişi əsasında). Beləliklə də, qeyd olunanlardan aydın göründüyü kimi, hərbi həkimi komisssiyasının qərarına əsasən odlu silahdan yaralanmasının nəticəsi olaraq, iddiaçıya verilən diaqnozlar hər dəfə tibbi göndərişlər üzrə iddiaçıya qoyulmuş diaqnz «Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyui, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/pozulması» olaraq təkrarlanmış, həmin diaqnoz üzrə ona İİİ əlillik dərəcəsi təyin edilmişdir. İşə əlavə olunmuş Sabiraabad rayon xəstəxanasının 088 formalı sonuncu göndərişindən də görünür ki, 26 fevral 2021-ci il tarixli 0311003AAQ8Z №-li göndərişindən də görünür ki, iddiaçının odlu silahdan aldığı travma nəticəsində yaranmış xəstəliyi üzrə əsas diaqnozu öz təsdiqini aşağıdakı kimi tapmışdır. Əsas diaqnoz: Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanma, hər iki topuq nahiyyəsinin travmasından sonrakı davamlı qalıqlar; Ağırlaşmalar: R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozmaları dayaq-hərəkət aparatının funksiyasının pozulması; M24.5. Oynaqların kontrakturası hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (solda açma 115 dərəcə, bükmə 105 dərəcəs, sağda açma 110 dərəcəs, bükmə 100 dərəcə), S93.0. Aşıq-baldır oynağının çıxığı, sol pəncənin yarımçıxığı, L91.0. Hipertrofik çapıq, sağ aşıq-baldır oynağının ön və arxa-tış səthinin kobud dartıcı çapıq toxumaları, S82.5. İçəri (medial) topuğun sınığı, sol iç topuğun qoymaqla bitişməyən sınığı, yalançı oynağı. M19.1. Digər oynaqların posttravmatik artrozu, hər iki aşıq-baldır oynağının travmadan sonrakı artrozu, R52.2. Digər daimi ağrı, Neyropatik ağrılar, daimi ağrı sindromu, M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hər iki baldır əzələlərini atrofiyası. Lakin,cavabdehin işə əlavə olunmuş qiymətləndirmə qərarından görünür ki, həmin göndərişin natamam və keyfiyyətsiz doldurulduğunu əsas gətirərək iddiaçıya əlillik təyin olunmasından imtina olunmuşdur. Halbuki, göndərişin bütün qrafaları mükəmməlliyi ilə doldurulmuş, iddiaçıda müəyyən olunan diaqnozlar əlillik meyarlarının kodlarına uyğun yerləşdirilmişdir. Burada komissiyası tərəfindən nəyin doldurulmadığına və hansı keyfiyyətsizliyə işarə etdyinə aydınlıq gətirilməmişdir. Cavabdehin iddiaçının əyani müayinəsi üzrə qəbul etdiyi 27 sentyabr 2022-ci il tarixli digər qərarında, iddiaçının diaqnostik müayinələrini aparmadan, onu adi müşahiədə ilə X1 və Ortopediya İnstitunda xx.xx.2021-ci il tarixli 724/751 saylı arayışında iddiaçıya qoyulan - «Odlu silah yaralanmasından sonra aşıq baldır oynağının ön və arxa səthində dartıcıçapıq toxumaları, sol topuğun qopmasıyla bitişməyən sınığı, yalançı oynağın, pəncənin yarımçıxığı,hər iki aşıq baldır oynağının travmadan sonrakı artrozu, açıcı-bükücü kəskin kontrakturası (solda açma 115 dərəcə,bükmə 105, sağda açma 110,bükmə 100) əzələlərin artrofiyası, neyropatik ağrılarhissiyat zəifliyi daimi ağrı sondromu və dayaq hərəkət funksiyasının pozulması» diaqnozun obyektiv müayinə zamanı öz təsdiqini tapmadığını qeyd etməsi də çox bəsit və inandırıcı görünmür. Belə çıxır ki, İnstitut səviyyəsində iddiaçının keçdiyi müayənələri cavabdehin qiymətləndirmə komissiyası adi gözlə müşahidə aparmaqla, bircə «öz təsdiqini tapmamışdır» kəlməsi ilə iddiaçıda əlillik meyarının mövcudluğunu istisna etmişdir. Başqa sözlə, burada da komissiya tərfindən «öz təsdiqini tapmayan» halın nədə ifadə olunduğu, özünün tapdığı halın isə nədən ibarət olduğuna aydınlıq gətirilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iki dəfə məhkəmə-tibb ekspertizası aparılmış, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin (PHŞ) ekspert rəyləri alınmışdır. xx.xx.2021-ci il tarixli ilkin ekspert rəyində ekspertlər tərəfindən qeyd olunmuşdur ki, əsas diaqnoz və əlilliyə əsas verə biləcək patofunskional dəyişikliklər arasında bəzi uyğunsuzluqlar vardır. Belə ki, sağ aşıq oynağında artroz olduğu halda kəskin kontraktura qeyd edilmişdir. Həmçinin qeyd edilir ki, iddiaçıda göndərişdə olan xəstəliklərin reabilitasiyası mümkün dür. Reabilitasiya müalicəsi vaxtaşırı olaraq uzun müddət aparıla bilər. Dəqiq müddət yoxdur. Hazırda onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur. Göründüyü kimi, iddiaçıda ekspertlər tərəfindən müvafiq xəstəliyin mövcudluğu inkar olunmur,lakin bildirilir ki, müalicəsinin mümkün olduğu, daha sonra isə, bu müalicənin uzun müddət aparıla biləcyi vurğulanır. Ekspertlərin qeyd olunan mövqeyi ifadə tərzi baxımından, əgər iddiaçının sağlamlığının reabilitasiyası üçün uzun müddət müalicə tələb olunursa, deməli, iddiaçının əllik təyini üçün əsas olan əvvəlki xəstəliyi hal-hazırda da davam edir. Birliyin ekspertləri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əlavə ekspert rəyində isə qeyd olunur ki, əsas diaqnoz və əlilliyə əsas verə biləcək patofunskional dəyişikliklər arasında bəzi uyğunsuzluqlar vardır. Belə ki, sağ aşıq oynağında artroz olduğu halda, kəskin kontraktura qeyd edilmiş, eyni zamanda, qeyd olunmuşdur ki, göndərişdə olan xəstəliklərin reabilitasiyası mümkündür. Reabilitasiya müalicəsi vaxtaşırı olaraq uzun müddət aparıla bilər. Dəqiq müddət yoxdur. Hazırda onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur. Göründüyü kimi, burada da eksperlər tərəfindən iddiaçının vaxtaşırı olaraq uzun müddət müalicəsi aparılarsa, reabilitasiyasının mümkün olacağı bildirilməklə, dolyısı ilə əslində, onun ələliyinə əsasən verən əvvəlki xəstəliyinin (diaqnozunun) davam etdiyi təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İşin tədqiq olunnan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, iddiaçıda 2011-ci ildən rəsmiləşdirilməsinə başlanılan və ona əlllik dərəcəsi verilməsinə əsas olan xəstəlik göstəriciləri, o cümlədən, sonuncu 26 fevral 2021-ci il tarixli 0311003AAQ8Z №-li göndərişdə təsbit olunan əsas diaqnozu üzrə xəstəliyi, onun vaxtaşırı müalicələrinə baxmayaraq, hal-hazıradək öz kəskinliyi ilə davam etməkdədir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının qeyd olunan 1.5.3-cü bəndindən isə göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi əllik təyinatı üçün göndəriş verilməsi üçün əsas sayılır. 2021-ci ildə cavabdehin əlilliyi qiymətləndirilərkən, qüvvədə olmuş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci hissəsinin 2.5.5-ci bəndi isə nəzərdə tuturdu ki, topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) -3-cü dərəcəli əlillik təyini üçün əsasdır. İşin tədqiq olunan sübutlarla müəyən olunan hallarından isə göründüyü kimi, iddiaçıda həmin xəstəlik diaqnozu bütün əllik dövrü mövcud olmuş və hazırda da davam edir. Qeyd olunanlardan göründüyü kimi, sonuncu göndəriş üzrə qiymətləndirilmənin aparıldığı vxt qüvvədə olan “Meyarlar”a görə - iddiaçıının xəstəlik vəziyyətinin 3-cü dərəcəli əlilliyə uyğun gəldiyi sübuta yetrilir. Cavabdeh isə iddiaçının xeyrinə olan həmin halların nəzərə alınmasından və inzibati hüquq normaları ilə üzərinə düşən öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi nəzərdə tutur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də cavabdehin apellyasiya şikayətinin iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, o cümlədən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmadığını mübahisələndirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu isə onu göstərir ki, cavabdeh tərəfindən 088 formalı sonuncu göndəriş üzrə iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi qanunsuz olmuş onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərə də tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 271/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.