Məhkəmə qərarları › İş №2-1(103)-2193/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2193/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2193/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(112)- 1213/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun KB 018675 saylı, 02.07.1983-cü il tarixli diplomda qeyd edilmiş 1978-1983-cü illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı, 18.01.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1286/2019 saylı, 18.09.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı cavabdeh KB 018675 saylı diplomda qeyd edilmiş 1978-1983-cü illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni 18.01.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-73/2020 saylı, 06 mart 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)-1268/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-954/2020 saylı, 05.05.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinə qarşı “təhsil müddətlərinin sosial stajına daxil olunmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə cavabdeh DSMF-nun Sumqayıt şəhər Şöbəsi əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-954/2020 saylı, 05.05.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinə qarşı “təhsil müddətlərinin sosial sığota stajına daxil olunmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Masallı rayonu Kəlbəhüseynli kəndində anadan olmuşdur. 01.09.1978-02.06.1983-cü ilə kimi “M.Əzizbəyov adına X4 Ordenli Azərbaycan Neft və Kimya” İnstitutunda “istilik energetik mühəndisi” ixtisası üzrə ali təhsil almışdır. 01.12.1983-cü il tarixdən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi əmək kitabçasından da, görünür ki, müxtəlif vəzifələrdə çalışmaqla 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 12 il 6 ayından artıq bir müddətini (01.12.1983-15.02.1984; 15.02.1984-18.11.1986; 18.11.1986-03.09.1990; 03.09.1990-01.02.1999; 01.0.1999- 27.03.2000-ci illər ərzində) “Sumqayıt İEM-2”-də xüsusi-zərərli iş şəraitində işləmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarının Xİİİ bəndinə əsasən 2 saylı siyahısında qeyd olunmuş göstərişə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. 26.04.2019-cu il tarixdə o, cavabdehə ərizə ilə rəsmi qaydada müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdeh təşkilat 29.04.2019-cu il tarixli cavabı ilə onun müraciətini təmin etməmiş və ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 il ümumi stajın yalnız 22 il 29 günün mövcud olduğunu göstərmişdir. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 18, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(112)-1213/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı KB 018675 saylı, 02.07.1983-cü il tarixli diplomda qeyd edilmiş 1978-1983-cü illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan yəni hüququnun yarandığı, 18.01.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən - iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi” hissəsində ləğv olunması və həmin hissədə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. Cavabdeh də məhz apellyasiya şikayətində ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi məsələsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(112)-1213/2021 saylı qərarı qismən “məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar