Məhkəmə qərarları › İş №2-1(103)-2193/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2193/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2193/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “avtomobilin qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi L200 minik” markalı pikap tipli 99PE232 qeydiyyat nişanlı nəqliyyat vasitəsi istismara yararlı vəziyyətdə mülkiyyətçisi “Jahangir Logistics" MMC-yə qaytarılması, bu mümkün olmadıqda onun dəyərinin və istifadə edə bilmədiyi dövrə görə iddiaçıya vurulan zərərin əvəzinin ödənilməsin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, hər hansı mərkəzi icra hakimiyyəti orqanı, eləcə də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bilavasitə olaraq hazırkı iddiaya cavab verməli olan orqan deyildir. Başqa sözlə, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmadığından iddia mümkün sayılmamalıdır. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, şifahi sorğumuza cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bizə bildirilmişdir ki, məhkəmənin qeyd etdiyi qurum yaradılmamışdır. Həmin Xidmətin nümayəndəsi məhkəmə iclasında bir daha təsdiq etmişdir ki, qeyd edilən qurum(lar) yaradılmamışdır. Belə olan halda iddiaçı mövcud olmayan qurum(lara) qarşı necə iddia qaldırsın. Məhkəmə kollegiyası bildirir ki, iddia təkcə zərərin məbləğinin təyin edilib ödənilməsindən yox, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin götürdüyü nəqliyyat vasitəsinin iddiaçı mülkiyyətçiyə qaytarılmasından ibarət olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavab məktublarından (onlar iş materiallarında vardır) mübahisəsiz təsdiq edilir ki, iddiçıya məxsus avtomobil səfərbərlik üçün götürülmüşdür, sadəcə həmin avtomobilin məhz hansı dövlət orqanında olmasına dair dövlət qurumları arasında ziddiyyətli mövqe vardır ki, bu da iddiaçının problemi deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı Jahangir Logistics” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar