Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2193/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Əliyev Qədir Nahid oğlu) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(112)-2358/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Əliyev Qədir Nahid oğlunun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyatdan keçən seriya RX0014898 Əliyev Qədir Nahid oğlunun adına dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Əliyev Qədir Nahid oğlu və Əmlak Məsələləri Dövlət Komitəsini cavabdehlər siyahısından çıxarılmasını, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdeh qismində tanınmasını və Əliyev Qədir Nahid oğlunun adına verilmiş çıxarışın (250 kv.m hissədə) etibarsız hesab edilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(112)-2358/2023 saylı qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələbi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədardır və inzibati icraat qaydasında işə baxılması mümkündür. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li 10 aprel 2015-ci il tarixli Qərarına istinad etsə də, həmin Qərarın mənasına görə onun iddiası mümkün sayılmalıdır, çünki söhbət vərəsəliyə aid olan hissədən getmir. Mübahisə iddiaçının hərrac yolu ilə əldə etdiyi Dövlət əmlakından gedir. Mülki qaydada baxılmalı olan iddialara baxılıb və iş hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olub və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə - (İddiaçı (Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı işi üzrə) 3-cü şəxs Əliyev Nahid Atabala oğlunun kassasiya şikayəti təmin edilməmiş və həmin Qərarla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2021-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. O, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, Sabunçu rayon məhkəməsinin 2(008)-9249/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarı əsasında Əliyev Nahid Atababa oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Əliyev Qədir Nahid oğlunun adına verilmiş Dövlət Reyestrindən Çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilmişdir. X2 Nahid oğlu apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 4728/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Əliyev Qədir Nahid oğlunun apellyasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda da həmin qətnamə öz qanuni qüvvəsini almışdır. Bundan əlavə, Abşeron Bələdiyyəsinin qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-958/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 3-cü şəxs Əliyev Qədir Nahid oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-235/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən Əliyev Qədir Nahid oğluna torpaq sahəsinin ayrılması barədə Bələdiyyə qərarı qanunsuz hesab edilmişdir. Hal-hazırda qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olmasına baxmayaraq, Əliyev Qədir Nahid oğlunun adına olan çıxarış ləğv edilməmişdir. Halbuki, həmin çıxarış etibarsızdır. Ərazi İdarəsinə müraciət edərək **********82 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12157/2022 nömrəli sorğuya cavab olaraq 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “**********82 reyestr nömrəli Çıxarışın ləğv və etibarsız hesab edilməsi ilə bağlı müraciət qeydə alınmamışdır.” Əgər mübahisə mülki xarakter daşısaydı iddiaçı inzibati orqana niyə müraciət edirdim? Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və iddia mümkün sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmalarına baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı instansiyaya şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılmış və müəyyən edilmişdir ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər (12 mart 2019-cu il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 427) ilə yeni məzmunda 7-ci hissə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin inzibati orqan olmaları müəyyən edilmişdir (ixtisaslaşdırılmış hüquqi şəxslər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır (Qərarın 17-ci bəndi). Plenumun qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirilməlidir. Hətta adıçəkilən qərarında Ali Məhkəmə birbaşa vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə münasibət bildirmiş, həmin mübahisə üzrə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olmaması barədə mövqe nümayiş etdirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı halda qeyd olunan iddiaya Ali Məhkəmə birbaşa vərəsəlik şəhadətnaməsinin qeydin əsası olduğu halda Plenum Qərarında formalaşdırdığı mövqe nəzərə alınmalıdır. Plenum Qərarının tələbi isə açıq-aşkar hazırkı mübahisəyə baxılmasında səlahiyyətli məhkəmənin rayon məhkəməsi olması ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(112)-2358/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2193/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2193/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver