Məhkəmə qərarları › İş №2-1(103)-2193/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2193/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2193/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12920/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən İddiaçı MMC-ə məxsus 0.5 ha torpaq sahəsinə dair istifadə hüquqlarının İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-in Bakı ŞİH başçısının 29 dekabr 2003-cü il tarixli 548 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, M.Seyidov küçəsindən ayrılmış 0,5 ha torpaq sahəsinə daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, qurumun üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, Bakı ŞİH-in 29 dekabr 2003-cü il tarixli 548 saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün “MMM-98” firmasının istifadəsinə icarə əsasında 0.5 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış 4 noyabr 2023-cü il tarixli **********10 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1196/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərarı İdarə tərəfindən icra edilərək, Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidqv küçəsində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları mövcud vəziyyətdə, tikintialtı sahəsi 4.752 kv.m, texniki pasporta əsasən faktiki torpaq sahəsi 4.920 kv.m olmaqla İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə sərəncam verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan, qeyd olunan quruma müraciət olunması iddiaçıya bildirilmişdir. Bakı İnzibati Məhkəməsində hazırkı iddiası üzrə işə baxılmamışdan əvvəl Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 oktyabr 2023-cü il tarixli 3-21-3/2- 14981/2023 nömrəli bildirişlə İddiaçı MMC-yə müraciət olunmuş və «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq iddianın predmeti olan torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi cəmiyyətə təklif olunmuşdur. Lakin İddiaçı MMC tərəfindən Xidmətin qeyd olunan təklifindən imtina olunduğundan, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya qarşı «icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və hazırda qeyd olunan kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Xidmət hazırkı qərardan həmin qərar İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin icraatında olan yuxarıda qeyd olunan iş üzrə elektron kabinetə əlavə edildikdən sonra xəbərdar olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən qeyd olunan faktlar məhkəmədən gizlədilmiş, işə baxan Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdeh qurumun imtinada qeyd olunanlara hər hansı əhəmiyyət verilməyərək Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə tərəf qismində məhkəməyə cəlb olunmamış, nəticədə Xidmətin iştirakı olmadan qanunsuz qərar qəbul edilməklə dövlətin konstitusiya ilə nəzərdə tutulmuş mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı MMC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bakı ŞİH başçısının 29 dekabr 2023-cü il tarixli 548 nömrəli sərəncamı ilə Qaradağ RİH başçısının 12 dekabr 2023-cü il tarixli 5/830 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman sağlamlıq və ticarət mərkəzinin layihələndirilməsi və tikintisi üçün 0.5 ha torpaq sahəsi icarə əsasında “MMM-98” firmasının istifadəsinə verilmişdir. Sərəncamın 6.1-ci bəndinin yeddinci abzasından görünür ki, qeyd olunan sərəncam yalnız inşa olunacaq qeyri-yaşayış obyektinin yalnız layihələşdirilməsi məqsədilə “MMM-98” firmasının icarə əsasında istifadəsinə verilmişdir. Torpaq Məcəlləsi 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur. Məcəllədən göründüyü kimi, dövlət mülkiyyətində olanda torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir. Bu baxımdan qeyd olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən iddia tələbinin əsasını təşkil edən sərəncamın mahiyyətinə əhəmiyyət verilmədən və mövcud məsələ ilə bağlı tətbiq edilməli olan qanunvericilik normaları ətraflı araşdırılmadan, məhkəmənin özünün qanunvericiliyə uyğun gəlməyən mülahizəsi əsasında qəbul etdiyi hazırkı qərar tamamilə qanunsuzdur. İddianın predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair verilmiş 18 aprel 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, qeyd olunan qeyriyaşayış binası İddiaçı MMC-nin mülkiyyətində olmaqla, binanın yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Belə ki, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 51-ci maddəsinin altıncı hissəsinə və «Torpaq icarəsi haqqında» Qanunun 4-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Qanunvericilik normalarına görə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin İddiaçı MMC qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, ünvan 2 ünvanında yerləşən 4.920 kv.m torpaq sahəsinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçının iddianın predmeti olan torpaq sahəsi üzərində onun daimi istifadə hüququnun qeydiyyata alınması qeyri-mümkündür və hazırkı halda Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müvafiq müqavilə əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarının qeydiyyata alınması mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli araşdırılması ilə bağlı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülməmiş, hazırkı iddia tələbi dövlətin maraqlarına toxunmasına baxmayaraq, cavabdeh tərəfindən irəli sürülmüş dəlillərə uyğun olaraq səlahiyyətli dövlət qurumu olan Əmlak Məsələləri Dövlət Xidmətinin hazırkı işdə tərəf qismində prosesə cəlb olunmalı olduğu halda, məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq iddiaçının maraqlarına uyğun birtərəfli araşdırma aparılmış, nəticədə tərəflərin bərabərliyi və çəkişmə prinsipinin tələblərinə əməl olunmadan, ədalətli məhkəmə araşdırılması hüququ təmin olunmamışdır. İddiaçının hazırki tələbi dövlətə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydə alınması ilə bağlıdır və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsinə yalnız icarə əsasında verildiyindən və bununla bağlı səlahiyyətlər Xidmətə məxsus olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinin hazırki iş üzrə hüquqi marağının mövcudluğu birmənalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəsatəti (ərizəsi) təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, xx.xx.2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadının 77-ci bəndinə əsaslanaraq cavabdeh inzibati orqanın ərizəçi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olmaqla yanaşı onların hər ikisinin dövlətin icra hakimiyyəti qolunun tərkibinə aid olduğunu bildirmiş, bu səbəbdən ərizəçinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbi və bu səbəblə işin mahiyyəti üzrə qəbul olunmuş (qüvvəyə minməmiş) 7 dekabr 2023-cü il tarixli qərarın ləğvini məqsədəuyğun hesab etmədiyini qeyd etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci və Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsinin birinci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Torpaq Məcəlləsi 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur. Həmin Məcəllənin 51ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Məcəllədən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 29 dekabr 2003-cü il tarixli 548 saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün layihələşdirmə məqsədilə “MMM-98” firmasının istifadəsinə icarə əsasında 0.5 ha torpaq sahəsi ayrılmışdır. Belə ki, “MMM-98” firmasının sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulmasından sonra Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin hər hansı hüquqda (hazırkı iddia tələbinə münasibətdə daimi istifadə hüququ barədə) İddiaçı adına ayırılması barədə qərar və ya İddiaçı torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış hər hansı müqavilə məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı bildirilir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020- ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətləri sırasına daxildir. Belə ki, hazırkı işlə paralel olaraq Bakı Kommersiya Məhkəməsinin icraatında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı MMC-yə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” işə baxılır və iddiaçı hazırkı işə baxılması zamanı qeyd olunan faktı məhkəmədən gizlətmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli, 144 nömrəli əmri ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nizamnaməsinin 1.1-ci bəndinə əsasən həmin publik hüquqi şəxs daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən, Azərbaycan RespublikasıPrezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı MMC məxsus qeyri-yaşayış sahəsi mövcud olduğundan və mövcud qanunvericiliyə əsasən təqdim edilmiş sənədlər əsasında iddiaçının torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması mümkün olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********10 nömrəli imtina məktubunda haqlı olaraq, üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə sərəncam verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan, qeyd olunan quruma müraciət olunması iddiaçıya bildirilmişdir. Beləliklə, mübahisənin predmeti olan torpaq sahəsi özəlləşdirmə və icarə obyektidir, həmin sahənin özəlləşdirilməsindən və ya icarəyə verilməsindən əldə olunan vəsaitlər dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mövcud qanunvericiliyə əsasən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində səlahiyyətli qurum olan Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı olmadan qəbul edilmiş hazırkı qərar, dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli dərəcədə ziyan vurur. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehin və ərizəçinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları kifayət qədər araşdırmadan, dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, onun barəsində sərəncam verilməsi ilə bağlı hər hansı səlahiyyəti olmayan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olmasına əsaslanmaqla vəsatətin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə tamamilə yanlışdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 51-ci maddənin 6-cı hissəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2ci hissəsinə əsasən Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci hissəsinə əsasən dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 10-cu maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanı: 2.3. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər. 2.3-1. həmin Qanunun 10-cu maddəsinin altıncı hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. 2.4. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlara (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin maddədə nəzərdə tutulmuş digər torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar, habelə dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

31. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün ilk növbədə, məhkəmənin icraatında konkret bir iş mövcud olmalıdır. İcraatda olan iş dedikdə nəyin anlaşılmalı olduğunu müəyyənləşdirmək üçün isə iddia ərizəsinin icraata qəbul edilməsi və işin yekunlaşdırılması anı əsas götürülməlidir. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Buna görə, ərizənin məhkəmə dəftərxanasına daxil olmaqla müvafiq qaydada qeydiyyata alındığı andan məhkəmə icraatı başlanmış sayılır. Odur ki, məhz həmin andan etibarən də adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın həyata keçirilməsi mümkündür. İşin yekunlaşdırılması anı ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, eləcə də yeni açılmış hallar üzrə icraat təzələndikdən sonra cəlbetmə həyata keçirilə bilər.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPMin 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasına xüsusi mülkiyyət hüququ İddiaçı MMC-nin adına qeydiyyata alnmışdır, həmin ünvanda 0.4752 ha torpaq sahəsi təyinatı Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla dövlət torpağıdır. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, cavabdeh inzibati orqan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olmaqla yanaşı onların hər ikisi dövlətin icra hakimiyyəti qolunun tərkibinə aid olduğundan, ərizəçinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbi və bu səbəblə işin mahiyyəti üzrə qəbul olunmuş (qüvvəyə minməmiş) 7 dekabr 2023-cü il tarixli qərarın ləğvi məqsədəuyğun deyil. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsassızdır. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi cavabdehin səlahiyyətinə daxil deyil. Dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları icarəyə və istifadəyə vermək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş məhkəmə qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlarına toxunur, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırki iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırki iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar