Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2194/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyn və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qanunsuz olaraq etibarsız hesab edilmiş əlliliyin bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2022, 17 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-587/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-ci ilin fevral ayından yaşadığı evin damındakı qarı təmizləyərkən sürüşüb sağ çiyni üzərinə yıxılması nəticəsində sağ çiyninin sümüyündə qırılma baş vermiş, güclü zərbənin nəticəsidə başı və beli zədələnmişdir. Qırılmış sümüyə Rayon Mərkəzi Xəstəxanasında gips qoyulmuşdur. Bu hadisədən bir müddət keçdikdən sonra onun başında ağrılar olmuş və rayonda etdiyi müalicənin nəticəsi olmadığından Bakı şəhərinə müalicə üçün getmişdir. 2016-ci ildə aldığı zərbə nəticəsində beli də zədələnmişdir. 2017-ci ildə belindən tutan güclü ağrı nəticəsində uzun müddət yerdə yatmış, müalicə alıb yeriməyə başladıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Müalicə X3 Kompyuter Tomoqrafiya müayinəsi olmuş və L4-L5 diskdə geniş əsaslı arxa-posterior 6,5 mm yırtıq və L5-S1 diskdə mərkəzi yırtıq 9,5 mm yırtıq olduğu müəyyən olunmuşdur. Ona, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin olunmuş və yanvar 2020-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri 1 iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubuna əsasən heç bir qanuni əsas gətirmədən əlilliyə görə əmək pensiyası hüququnun ləğv olunduğu bildirilmişdir.Şifahi olaraq ona bildirmişlər ki, 2016-cı ildə çiyninin qırıq olması barədə əsas sənəd işində olmadığından şübhəli gəldiyi üçün müvəqqəti dayanıb Rayon Mərkəzi Xəstəxanasından çiyninin müayinəsi üçün Respublikanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilmiş və 18 fevral 2020-ci il tarixində Respublikanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədən keçmiş və çiyninin körpücük sümüyünün köhnə sınığı olması barədə nəticəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə Biləsuvar rayonunda təşkil olunmuş komissiyasına təqdim etmiş və komissiya tərəfindən müayinə olunmuş, komissiya tərəfindən sənədlərinin düzgünlüyünü təsdiq etmişlər və sənədlərini yenidən göndərmişlər. Bir müddət sonra isə, ona Bakıya Reabilitasiya Xidməti Mərkəzinə əyani müayinəyə getməyini bildirmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə qəbul barədə vurduğu teleqrama əsasən onu xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədri Əbdül-X5 qəbuluna çağırmışlar. Cavid müəllim işlə tanış olduqdan sonra qəbul otağına 2 nəfər həkim çağırmış və onu müayinə etmişlər və həqiqətən də, 2-ci qrup əlil olduğunu bildirmişlər. Günün sonu olduğu üçün növbəti iş günü yəni xx.xx.2020-ci il tarixdə, saat 15:00-da komissiyanın əyani baxışına gəlməsini bildirmişlər. O, xx.xx.2020-ci il tarixdə gəlməsinə baxmayaraq onu komissiyanın əyani baxışına qəbul etməmişlər və bildirmişlər ki, onu qəbula salsalar, gərək 2-ci qrup əlil olduğu barədə sənəd versinlər. Çünki o, həqiqətən də, əmək qabiliyyətinin müəyyən qədərini itiribdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 saylı məktubu ilə İddiaçı Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və ona 4110003AABEC saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Daha sonra, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0234003AAJ8K saylı göndərişi əsasında qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması – Səbəb: Son bir il ərzində stasionar müalicə müddəti yetərsizdir” əsası ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədləlrə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən 4110003AABEC saylı göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfidnən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı adı göndərişləri etibarsız hesab edilmiş siyahıda 799-cu sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci maddəinə əsasən göndərişin verilməsi üçün əsaslardan biri də, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olmasıdır. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2017-ci il tarixdən təyin olunan əlilliyinin heç bir inzibati akt olmadan və imtinaya dair qərar qəbul etmədən fevral 2020-ci il tarixdən qanunsuz dayandırılmasını və sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdən yenidən təkrar olaraq əvvəlki xəstəliyinin bərpa olunmasını nəzərə alaraq, cavabdeh tərəfindən fevral 2020-ci il tarixdən noyabr 2021-ci il tarixə qədər yəni 21 ay əliliyinin dayandırılmasının qanunsuz hesab edilməsi və həmin dövr üzrə əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2022, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli göndəriş natamam doldurulduğu üçün imtina verilmiş, xx.xx.2021-ci il tarixli göndəriş əsasında təkrar qiymətləndirmə ilə beş il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir. İddiaçı yeni göndərişlə müraciət etdiyi üçün əlilliyin etibarsız hesab edilməsi ilə bağlı qərarla razılaşdığını hesab etmək olar. Vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də əsaslı olaraq Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2- 1(112)-862/2022 saylı qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi üçün Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AABEC saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00 –S09 – Başın travmaları => S06-Kəllədaxili travma => S06.0 – Baş beynin silkələnməsi; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Kəllə-daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator-statik pozğunluqlar. Kəskin astenonevrotik sindrom.; Meyar: 2.2.İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərçarpan veg...” əsası ilə 5 il müdətinə ikinci dərəcə əlillik dərəcəsinin təyini barədə qərar verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə cavabdeh orqana müraciət olunmuş, bundan sonra cavabdeh həmin göndəriş əsasında iddiaçıya təyin olunmuş əlillik təyinatını “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Hazırki məhkəmə icraatının gedişatında Məhkəmənin 2-1(112)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı icrası ilə əlaqədar olaraq , iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAP88 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T90 – Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya. Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, -Vaqovegentativ krizlər və koordinator statik pozğunluq. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epieptik sindromlar, - Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Ağırlaşma F48.0 Nevrasteniya, - Kəskin astenonevrotik sindrom. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, - Kəllə daxili hipertenziya Yanaşı xəstəliklər M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, - Sağ yuxarı ətrafın atrofiyası, parezi. Əlin tutma funksiyasının pozulması. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, Sağ bazu oynağının ağrılı kontrakturası.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9)” səbəbi ilə beş il müddətinə 3-cü dərəcə əlillik dərəcəsi verilmişdir. İddiaçı hazırda cavabdehin əllillik dərəcəsinin təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir və fevral 2020-ci il tarixdən noyabr 2021-ci il tarixədək olan dövr üzrə əlilliyin etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik təyinatının həmin dövr üzrə bərpa olunmasını inzibati məhkəmə icraatından xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatına əsaslı şübhə olduğu halda onu əyani müayinəyə dəvət etməmiş, iddiaçının əlillik vəziyyətini yoxlamadan əlillik təyinatını etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixində 5 il müddətində təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. İnzibati orqan apellyasiya şikayətindəki “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında təkrar qiymətləndirmə ilə beş il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verildiyibi, iddiaçı yeni göndərişlə müraciət etdiyi üçün əlilliyin etibarsız hesab edilməsi ilə bağlı qərarla razılaşdığı” dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əlilliyin etibarsızlığı məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2022, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2022, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2194/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2194/2022
26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver