Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2194/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Xəzər Rayon Buzovna Bələdiyyəsi) «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2623/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 157 nömrəli sərəncamına əsasən Buzovna Bələdiyəsi tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün satılmış və hazırda onun sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 600 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2004-cü il tarixində ərizə ilə Buzovna Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün ona bələdiyyə ərazisindən torpaq ayrılmasını xahiş etmiş və Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 157N°-li sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 kvadrat metr torpaq sahəsi bazar qiyməti ilə ona satılmış, alqı-satqısına dair akt tərtib edilmiş və tərəfindən bələdiyyə xəzinəsinə 2 400 000AZM haqq ödənilmişdir. Göstərilən sənədlərlə birlikdə iddiaçı ona məxsus torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixdə 7 saylı ASAN xidmət mərkəzində daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması pəncərəsinə müraciət etsə də, əməkdaş iddiaçının sənədlərini qəbul etməkdən əsassız olaraq imtina etmişdir.Bundan sonra, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin özünə müraciət etmiş,lakin sonuncu xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəsinin təmin olunmasından imtina etmişdir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Sözügedən ünvanda yerləşən torpaq sahəsinin alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Bundan əlavə, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində yerləşir və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyası fərqi var…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2623/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 157 nömrəli sərəncamına əsasən Buzovna Bələdiyəsi tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün satılmış və hazırda iddiaçının sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlıAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli PlenumunQərarında hüquqi mövqe mövcuddur. Bundan əlavə, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində yerləşir və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyası fərqi var. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dəqiq yerləşməsi müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı tam araşdırma aparılmamışdır…» İşin apellyasiya mərhələsində məhkəmənin xx.xx.2024-cü iltarixli qərardadı ilə Buzovna bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb olunmuş, həmçinin, mübahisəli torpaq saəhsinin Buzovna bələdiyyəsinə aid torpaq sahəsi olub-olmadığına aydınlıq gətirilməsi üçün məhkəmənin xx.xx.2024-cü iltarixli digər qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, cavabdeh idarənin mühəndis-invertarlaşdırıcısının mütəxəssis rəyi və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzininin ekspert rəyi alınmışdır. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla, işə baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına ekspert rəyinin nəticə hissəsində 2-ci sual üzrə verdiyi cavabın mətnində yol verilmiş yanlışlığa aydınlıq gətirilməsi üçün məhkəməyə dəvət olunmuş ekspert Təhmasib Kərimov məhkəmə tərəfindən məsələ ilə bağlı dindirilərkən bildirdi ki, ikinci sualı cavabdandırarkən sonunda yapnlışlığa yol verilərək səhvən, “Buzovna ğələdiyyəsi” sözü əvəzinə “Şüvəlan bələdiyyəsi” sözləri yazılmışdır. Bu isə ondan irəli gəlmişdir ki, həmin gün 2 yerli baxışda olmuş, hazırkı iş üzrə Buzovnaya, başqa bir iş üzrə Şüvəlana getmişdir. Rəyləri yazarkən 1-ci Şüvəlana aid rəyi yazmış, həmin rəyin üstündə də Buzovna bələdiyyəsi ilə bağlı rəyi tərtib etmişdir. Bundan əlavə məhkəmənin suallarını cavablandırarkən ekspert əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus torpaq sayhəsi Buzovna bələdiyyəsinə məxsus ərazinin hüdudları daxilində yerləşir və həmin sahənin ətrafında hasara alınmış həyətyanı torpaq sahələri var və onların böyük əksəriyyəti üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. Ərazi böyük yaşayış məntəqəsi sahələridir. Baxış zamanı ona təqdim olunan torpaq sahəsinin koordinatları və cizgisi birə-bir həmin torpaq sahəsi ilə naturada üst üstə-düşmüşdür. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 157 nömrəli sərəncamına əsasən Buzovna Bələdiyəsi tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün satılmış və hazırda onun sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin: 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İş materiallarından, o cümlədən, Dövlət Arxivinin Bakı Filialının arxiv sənədlərinə və ƏXZ/1 941585 nömrəli kassa mədaxil orderinin qəbzinə (surətlərinə) əsasən müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov rayon Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarxili, 157 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Buzovna qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyəsi ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair akt bağlpanaraq həmin torpağın ******* AZM məbləğində dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İşdən görünür ki, iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu reallaşdırmaq üçün cavabdehə müraciət etmiş, sonuncu ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, əlavə olaraq iddia ərizəsinə etirazında həmin torpaq sahəsinin bələdiyyə sədri tərəfindən kollegiyal qərarla deyil, təkcə sərəncam əsasında ayrılmış və bələdiyyə mülkiyyəti olmasının aşkar edilmədiyi bildirilmişdir. Eyni əsaslar cavabdeh orqannın 2 dekabr 2024-cü il tarixli mütəxəsssis rəyində də təkrarlanmışdır. Məhkəmə kolleiyası aşağıdakılara görə hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla iddiaçıya imtina cavabı verməsi əsassızdır. Birincisi, qeyd olunmalıdır ki,cavabdeh orqanın qeyd olunan dəlilləri adi söz yığınından ibarət olub əyani sübutlarla əsaslandırılmamışdır. İkincisi, işə əlavə olunmuş Buzovna Bələdiyyəsi tərəfindən Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 02/210 nömrəli məktubunda bildirilir ki, vətəndaş İddiaçı xx.xx.2004-cü il tarixli 157 saylı Buzovna bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə ayrılan 600 kv.m torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. İşdən də görünür ki, bələdiyyə tərəfindən həmin torpaq sahəsinin sxemi və xəritədən çxıarışı tərtib olunmuşdur və bu burada iddiaçıya ayrılan torpağın koordinatları, konfiqurasiyası, sahə ölçüləri, yerləşdiyi ərazi - başqa sözlə, yerləşdiyi yeri müəyyən etməyə imkan verən bütün parametrləri təsbit olunmuşdur. Üçüncüsü, hazırkı mərhələdə torpağın Buzovna bələdiyyəsinə aid torpaq olub olmadığına aydınlıq gətirilməsi üçün bir daha, AR ƏN Məhkəmə Ekspertizası Mərəkəzinə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və həmin Mərkəz tərəfindən 15 noyabr 2024-cü il tarixli 10/6899 saylı ekspert rəyi verilmişdir. İşə əlavə olunmuş həmin rəydən və onu vermiş ekspertin hazırkı məhkəmə iclasında dindirilərkən məhkəməyə verdiyi ifadəsinə əsasən müəyyən olunur ki, Buzovna bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 157 saylı sərəncamı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılarkən, həmin sahənin Buzovna (burada Şüvəlan sözünün səhvən yazıldığını ekspert dindirmə zamanı təsdiq etmişdir) bələdiyyəsinə məxsus ərazinin hüdudları daxilində yerlədyi müəyyən edilmişdir. Eyni zamanda, ekspert tədqiqatı zamanı müəyyən olunmuşdur ki, naturada ekspertə təqdim olunan həmin torpaq sahəsinin koordinatları birə-bir torpaq sahəsinin cizgisi ilə üst üstə-düşür. Həmin sahənin ətrafında həyətyanı sahələr və üzərində fərdi yaşayış evləri yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan da göründüyü kimi, Buzovna bələdiyyəsinin sərəncamına əsasən iddiaçıya satılan 600 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınması üçün Qanunun qeyd olunan normalarında nəzərdə tutulan sənədlər mövcuddur. Həmin sərəncamın bələdiyyə sədri tərəfindən təkbaşına çıxarıldığını və torpaq sahəsinin alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq olunmaması ilə bağlı cavabdehin dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, nə bələdiyyənin həmin sərəncamı, nə də ki həmin sərəncam əsasında tərtib olunmuşsözügedən alqı-satqı aktı bu günə kimi ləğv olunmamış, geri çağırılmamış, hər iki sənəd öz qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir k, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin dəqiq yerləşməsinin müəyyən edilmədyini və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı tam araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2623/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2623/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2194/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2194/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver