Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2196/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənlməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənlməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 284/2021 saylı 19 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1 saylı Təmir Tikinti İdarəsinin X4 Yığıncağının 15.02.2007-ci il tarixli protokolundan görünür ki, İddiaçı mənzil hüququna malik olmayan şəxs kimi pasport qeydiyyatına götürülməsi gündəlik məsələdə müzakirə olunmuşdur. 1 saylı Təmir Tikinti İdarəsinin rəisi G.Cavadovun məlumat və çıxışları nəzərə alınaraq İddiaçı mənzil hüququna malik olmayan şəxs kimi idarənin nəzdində olan yataqxanaya pasport qeydiyyatına götürülməsinə etiraz edilməmişdir. 1 saylı Təmir Tikinti İdarəsinin rəisi tərəfindən verilmiş 15.02.2007-ci il tarixli 6 nömrəli orderin surətindən görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 24 ünvanında olan 1 saylı Təmir Tikinti İdarəsinin yataqxanasına 14.5 kv.m ölçüdə sahəyə dair İddiaçı adına order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli “Bakı şəhər yerli xərclərindəki MKTD-nin müvafiq qurumlarında və rayon MKTB-ri üzrə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulan vəsaitdə dəyişiklik edilməsi barədə” sərəncamın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərdiyi şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinin xəzinə hesabına 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manatın köçürülməsinə göstəriş verilməsi barədə 2017-ci il 26 sentyabr tarixli, 7-430/4g nömrəli məktubundakı təkliflə Maliyyə Nazirliyi 2017-ci il 23 oktyabr tarixli, 07/03-317-5172 nömrəli məktubu ilə razılıq verərək, qaldırılan məsələnin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar: 1. Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi: 1.1.Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 manat məbləğində vəsaitin ayrılmasını Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1,2,3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etməsi; 1.2. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1,2,3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etməsi barədə sərəncam qəbul edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti baçısının 134 nömrəli, 06.11.2017-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının 25.10.2017-ci il tarixli, 491 saylı sərəncamının icrasının təmin olunması haqqında” sərəncamın surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının 1.1. bəndi ilə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 manat məbləğində vəsaitin ayrılmasının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həlli Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə tapşırılmış, 7-487/7g saylı, 01.11.2017-ci il tarixli məktub ilə həmin sərəncam icrasının təmin olunması üçün Suraxanı RİH-ə göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının icrasının təmin olunması məqsədilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 1.6, 3.15.11. bəndlərinə istinad edərək qərara alınmışdır ki: 1. BŞİH Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının 1.1. bəndində nəzərdə tutulmuş vəsait hesabına Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (M.Məmmədov): 1.1. Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35 000 manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40 000 manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15 150 manat) birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsini təmin etsin. 1.2. Aidiyyəti qurumlarla razılaşdırılmaqla 40000 manat vəsait hesabına Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 21/1 və 24 saylı qəzalı yataqxana binalarının söküntüsünü, həmin binaların balansdan silinməsini və 80000 manat vəsait hesabına sökülmüş binalarının yerində abadlıq işlərinin görülməsini təmin etsin; 1.3. Hövsan qəsəbəsi, Rüfət Abdulllayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında maddi yardım almış şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə dair sənədlərin ləğvi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş 1/1883 nömrəli, 13.11.2019-cu il tarixli məktub və ona əlavə edilmiş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasında qeydiyyatda olmaqla yaşayan ailələrin Suraxanı RİHB-nin 89 nömrəli, 31.07.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, həmin siyahıya sözügedən yataqxanada qeydiyyatda olmaqla yaşayan şəxslər daxil edilmiş, siyahıda İddiaçı adı aşkarlanmamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən 01.12.2020-ci il tarixli, 096- 29161-1210 nömrəli məktubla təqdim edilmiş İddiaçı fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sözügedən ünvana qeydiyyata düşməsinə əsas kimi 1 saylı Təmir Tikinti İdarəsinin rəisi tərəfindən verilmiş 15.02.2007-ci il tarixli, 6 nömrəli order göstərilmişdir. İddiaçı onun kompensasiya almaq hüququ olan şəxs olduğuna istinad edərək kompensasiya məbləğinin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçıya ünvanlanmış Q-118/2-150 saylı 16.09.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin yataqxanada faktiki yaşayan ailələrin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadlaşdırılması üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə maliyyə vəsaiti ayrılmışdır. Həmçinin, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) iddiaçının adının olmadığı, eləcə də, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədi ilə keçirilən baxış zamanı həmin yataqxana binasında yaşamadığı müəyyən edildiyindən müraciətində qaldırdığı məsələnin müsbət həlli imkan xaricindədir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu ünvan hal-hazırda qəzalı vəziyyətdə olduğundan sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi ilə bağlı ona da, sözügedən yardımın ödənilməsi vəzifəsinin cavabdehin və əlaqədar orqanların üzərinə qoyulması həmçinin, ən azı 1 il müddətində ona bu pulun ödənilmədiyi üçün 12 ay müddətində əlavə kirayə haqqı ödədiyindən bu məbləğ ona dəymiş ziyan kimi (bu məbləğ aylıq 250 manat olmaqla, ümumilikdə minimum 3000 manat) kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdən bəri yuxarıda qeyd etdiyi ünvanda yaşamaqdadır və hal-hazırda da, qeydiyyatdadır. Hazırda anası ağır şəkər xəstəsi olan və 40 ildən çox xalqın balalarının təhsilə qovuşmasında xidmət etmiş təqaüddə olan müəllimə X1 onun himayəsində yaşayır. İşi ilə əlaqədar olaraq bir müddətdir ki, həmin ünvanda qeydiyyatda olsa da, orada olan qəzalı vəziyyətlə bağlı olaraq kirayədə anası ilə birlikdə yaşayır. Ona məlum olduğuna görə, qeydiyyatda olduğu ünvan hal-hazırda qəzalı vəziyyətdə olduğundan sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi işi dövlət tərəfindən həyata keçirilməkdədir. Hesab edir ki, bununla bağlı ona da, sözügedən yardım ödənilməlidir ki, köçüb hansısa ünvanda yaşaya bilsin. İnzibati orqana müvafiq qaydada ərizə ilə müraciət edərək, sözügedən ünvandan sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək birdəfəlik maddi yardımın ona da ödənilməsinə dair müvafiq göstəriş verilməsini xahiş etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, yuxarıdakı imtina qərarı ilə onun və himayəsində olan yaşlı anasının hüquqları pozulmuşdur və verilmiş qərarla onun hansısa yerdə yaşamaq imkanları məhdudlaşdırılaraq onsuz da ağır olan maddi vəziyyəti daha da çətinləşmişdir. İnzibati orqan komissiya keçirilən vaxtı onun orada yaşamadığı faktını onunla əsaslandırmışdır ki, onsuz da bina qəza vəziyyətində olduğundan təhlükəsizliyini fikirləşərək o, müvəqqəti olaraq başqa bir yerdə kirayədə yaşamaqdadır və həm də, kirayə pulu ödəyərək birtəhər maddi çətinliklərlə yaşamaqdadır. İmtinanın digər səbəbi kimi o da qeyd olunmuşdur ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) adı mövcud deyil. Hesab edir ki, həmin siyahıda səhlənkarlığa yol verilərək işin faktiki halları kifayət qədər aydınlaşdırılmadan onun adı əsassız olaraq siyahıya daxil edilməmişdir. Hesab edir ki, imtina qərarı ləğv edilərək onun adı da sözügedən siyahıya daxil edilməli və inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə ona kompensasiya ödənilməsi həyata keçirilməlidir. Hesab edir ki, sözügedən ünvandan sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək birdəfəlik maddi yardımın ona ödənilməsinə dair müraciəti ilə əlaqədar məsələ heç cür obyektiv baxılmadan rədd oluna bilməzdi, belə ki, cavabdeh onun məsələsinə səthi baxmış və ədalətsiz qərar qəbul etməklə onu evsiz qalmağa vadar etmişdir. Həmin yataqxanada o, müvəqqəti olaraq yaşasa da, həmin ünvana onun qeydiyyatla bağlı istifadə hüquqları da, yaranmışdır. Evə dair mülkiyyət hüququ qeydə alınmasa da, daha öncə qeyd olunduğu kimi, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdehin etirazı: İş üzrə cavabdeh tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı RİH-ə müraciət edərək yaşayış yeri üzrə Suraxanı rayonu, Hövsan qəsəbsəi, Rüfət Abdullayev küçəsi 24 saylı yataqxanada qeydiyyatda olduğunu nəzərə alaraq, həmin yataqxana binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ona birdəfəlik maddi yardım ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin ünvan 3 ünvanında yerləşən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin yataqxanada faktiki yaşayan ailələrin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadlaşdırılması üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə maliyyə vəsaiti ayrılmışdır. Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) İddiaçı adının olmadığı, eləcə də, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahının tərtib olunması məqsədi ilə keçirilən baxış zamanı həmin yataqxana binasında yaşamadığı müəyyən edildiyindən, onun müraciətinə RİH-nin Q-118/2-150 nömrəli, 16.09.2019-cu il tarixli məktubu ilə cavab verilərək xahişinin təmin edilməsinin RİH-in səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh İddiaçı qaldırdığı iddianın əsassız hesab edilməklə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddiasının təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 16.09.2019-cu il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 23.09.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı tələbi onun qeydiyyatda olduğu ünvanın hal-hazırda qəzalı vəziyyətdə olması səbəbindən sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi ilə bağlı ona da sözügedən yardımın ödənilməsi vəzifəsinin cavabdehin və əlaqədar orqanların üzərinə qoyulması, həmçinin, ən azı 1 il müddətində ona bu pulun ödənilmədiyi üçün 12 ay müddətində əlavə kirayə haqqı ödədiyindən bu məbləğ ona dəymiş ziyan kimi (bu məbləğ aylıq 250 manat olmaqla, ümumilikdə minimum 3000 manat) kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul edilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasının boşaldılması və əvəzində həmin ünvanda qeydiyyatda olmaqla yaşayan ailələrin hər birinə 35000 manat kompensasiya ödənilməsi ilə bağlı icra tədbirlərinin görülməsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə ki, “Bakı şəhər yerli xərclərindəki MKTD-nin müvafiq qurumlarında və rayon MKTB üzrə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulan vəsaitdə dəyişiklik edilməsi barədə” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 491 nömrəli 25.10.2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 134 nömrəli 06.11.2017-ci il tarixli sərəncamına əsasən Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35000 manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40000 manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15150 manat) birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi barədə sərəncam verilmişdir. Həmin qəzalı vəziyyətdə olan yataqxana binalarının kompenesasiya məbləği ödənilməklə boşaldılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsində müvafiq iddialar qaldırılmış və həmin iddialar məhkəmə tərəfindən təmin edilmişdir. “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 3.15.11-ci maddəsinə əsasən təbii fəlakət və ya fövqəladə hadisə baş verdikdə, əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək, bu hadisələr nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsini təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) yataqxanalarda yaşayış sahələri aiddir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 84.0.1-ci və 84.0.3-cü maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Hazırki işdə iddiaçı 1 saylı Təmir Tikinti İdarəsinin X4 Yığıncağının 15.02.2007-ci il tarixli protokoluna və verilmiş order əsasında onun yataqxanada qeydiyyatda olduğuna, orada yaşadığına və buna görə də cavabdeh inzibati orqan tərəfindən qəzalı vəziyyətdə olan yataqxananın sakinlərinin köçürülməsi ilə bağlı ona da birdəfəlik kompensasiya məbləğinin verilməli olmasına istinad edir. Bu barədə qeyd olunmalıdır ki, əvvəla iddiaçının sözügedən yataqxanada qeydiyyata alınması üçün əsas olan ən başlıca sənəd 1 saylı Təmir Tikinti İdarəsinin X4 Yığıncağının 15.02.2007-ci il tarixli protokolu sayılır. Həmin protokola görə, İddiaçı mənzil hüququna malik olmayan şəxs kimi mübahisəli yataqxanada qeydiyyata alınmışdır. İddiaçı həmin İdarə tərəfindən 15.02.2007-ci il tarixli 6 nömrəli order verilmişdir. Sözügedən orderə əsasən iddiaçı Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasına qeydiyyata düşmüş, lakin Suraxanı RİHB-nın 89 nömrəli 31.07.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş sözügedən ünvanda qəzalı vəziyyətə düşmüş yataqxana binasında qeydiyyatda olmaqla yaşayanların siyahısında İddiaçı adı aşkarlanmamışdır. Bu səbəbdən də iddiaçıya mübahisəli ünvanda yaşamamasına görə birdəfəlik ödəmənin ödənilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə araşdırmaları zamanı İddiaçı həmin yataqxanada yaşamasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməsi tələb olunsa da, onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla da İddiaçı həmin yataqxana binasında qeydiyyatda olmaqla yaşaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu baxımdan işə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı sözügedən qəzalı vəziyyətdə olan yataqxana binasına formal qeydiyyatda olmaqla, yəni mübahisəli ünvana mənzil hüququ verilmədən qeydiyyata alınmasına, onun sözügedən yataqxana binasında qeydiyyatda olmaqla yaşaması faktının öz təsdiqini tapmamasına, eləcə də onun yataqxana binasının boşaldılmaqla birdəfəlik ödəmə ödənilməsi nəzərdə tutulan ailələr kateqoriyasına aid olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbinin yataqxana binasından köçürülməyə görə nəzərdə tutulmuş birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı hissəsi təmin edilmədiyindən, hüquqi müqəddaratı həmin tələblə bağlı olan digər törəmə tələblərin də rədd olunması ilə bağlı məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olduğu üçün iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2021 saylı 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2021 saylı 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2196/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2196/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver