Məhkəmə qərarları › İş №2-1(103)-2196/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2196/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2196/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3277/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəyliyin icrası haqqında iddia ərizəsi təqdim edərək, Zirə qəsəbəsinin şimal-şərq hissəsində 42 № li sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgi və xəritədən çıxarışının iddiaçıya verilməsi öhdəliyinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34.1.). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının "vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" xx.xx.1993-cü il tarixli, 629/847 nömrəli Sərəncamı ilə iddiaçıya Zirə qəsəbəsinin şimal-şərq hissəsində 42 № li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə müraciət etsə də, imtina olunaraq bildirilmişdir ki, göstərdiyi torpaq sahəsi "Zirə Südçülük-Tərəvçilik " sovxozunun ərazisidir. Torpaq sahəsinə dair arxiv sənədlərinin və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (sxem, plan) təqdim olunmalıdır. Torpaq sahəsinin ona ayrılarkən, plan-sxemi təqdim edilmədiyi üçün Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə də müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirmişdirlər ki, istifadəsində olan torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Hesab edir ki, Cavabdeh imtinası tam qanunsuz və əsassızdır. İstifadəsində olan torpaq sahəsinin hasar qonşusu belə öz torpaq sahəsinə çıxarış əldə etmişdir. Həmin ərazidə uzun müddət hər hansı sovxoz və ya kolxoz fəaliyyət göstərmir. Keçmiş sovxoz və kolxozların bütün torpaq sahələri vətəndaşlara paylanaraq, daha sonra özəlləşdirilmişdir. İddiaçı da torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi ilə əlaqədar müraciət etsə də, inzibati orqan tərəfindən ona əngəllər yaradılır. "Sovxoz və kolxozların islahatı haqqında" AR Qanunun 3-cü bəndinə əsasən, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla Əsaslandırılmışdır: “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3277/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/847 saylı xx.xx.1993-cü il sərəncamı ilə İddiaçı ayrılmış Zirə qəsəbəsinin şimal-şərq hissəsində 42 № li sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgi və xəritədən çıxarışının verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “... Məhkəmənin qərarı əsassızdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq torpaq sahəsinin Zirə-Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşməsi səbəbindən cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Məhkəmənin nəzərinə çatdırırılır ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon era Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi ‘Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsində inzibati işə baxılarkən iş üzrə tam və obyektiv araşdırma aparılaraq yekun nəticəyə gəlmədən öncə cavabdehin imtinasının dəlillərinin araşdırılması üçün torpaq sahəsinə yerində baxış keçirilməmişdir...” Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə, habelə məhkəməyə gəlmədiyi halda işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya keçmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının "vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" xx.xx.1993-cü il tarixli 629/847 nömrəli Sərəncamı ilə Zirə qəsəbəsinin şimalşərq hissəsində 42 № li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, lakin bu zaman həmin sahənin yerləşmə cizgi- sxemi hazırlanıb həmin qərarla birlikdə ona verilməmişdir. Halbuki, həmin vaxt (2001-ci ilə qədər) qüvvədə olmuş, 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tututudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Məcəllənin 23-cü maddəsi isə nəzərdə tuturdu ki vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Hazırda qüvvədə olan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində də qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq qanunvericiliyinin qeyd olunan tələbləri baxımından, cavabdehin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən, cavabdeh tərəfindən ilk öncə yerquruluşu qaydalarına müvafiq torpağayırma həyata keçirilməmiş, torpağın naturada planı hazırlanmamış, sadəcə, sərəncamın qəbulu ilə kifayətlənilmiş, hal-hazırda da həmin nöqsanın aradan qaldırılması üçün iddiaçının müraciətinə tərəfindən imtina verilmişdir. Ən azından, plan-cizginin yoxluğu, həmin sərəncamla ona ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Yəni, plan-cizgi mövcud olmadığı halda, torpaq sahəsinin əraziyə uyğun gəlib-gəlməməsini müəyyən edilməsini mümkünsüz olur və məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Halbuki, keçmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini yerinə yetirməkdən, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan cizgisinin tərtib olunub ona verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsinə dair hüququnu rəsmiləşdirilməsi istiqamətində məhdudlaşdırır və onun “legitim gözlənti” hüququnu pozur. Cavabdehin apellyasiya şikayətinin, mübahisəli torpaq sahəsinin Zirə qəsəbəsinin keçmiş Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşməsini mübahisələndirməsinə gəldikdə isə, birincisi, həmin torpaq sahəsi faktiki olaraq ayrıldığı vaxtdan iddiaçının istifdəsindədir. İkincisi, torpaqayırma sərəncamı ləğv olunmamış, etibarsız hesab edilməmiş, hal-hazırda qüvvədədir. AR Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin Bakı Filialının 27 dekabr 2021-ci il tarixli məktubu ilə sərəncamın arxiv çıxarışı iddiaçıya təqdim olunmuşdur. Üçüncüsü, həmin sərəncamla ayrılan torpaq sahəsinin cizgisi, sadəcə, yerləşdiyi yeri müəyyən etməyə imkan verən hüquqmüəyyənedici sənəd xüsusiyyətlərinə malik olmayan texniki bir sənəddir. Dördüncüsü, cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının həmin torpağa dair hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı inzibati icraat mərhələsində qeydiyyat orqanı ilə münasibətlərində ortaya çıxa biləcək və həmin mərhələdə həll edilməli olan bir məsələni ehtiva edir. Odur ki, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası cavabdehin sözügedən dəlillərini əsassız sayır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3277/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3277/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar