Məhkəmə qərarları › İş №2-1(103)-2197/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2197/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2197/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) “qərarın ləğv edilməsi və ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4557/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “Avant Park” 11-ci binasında, 11-ci blok, 12-ci mərtəbə, 4 №-li, iki otaqlı olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 29 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilin ödənilmiş ümumi dəyəri üzrə ƏDV məbləği 20439 manat, onun qaytarılan hissəsi, yəni 30%-i isə 6.131,7 manat təşkil etmişdir. Mənzil alınan zaman "xxxx" işçilərinə ƏDV-nin geri qaytarılması məsələsi ilə bağlı sual verdikdə onlar ƏDV-nin geri qaytarılmalı olan hissəsinin xeyli müddət sonra - 2024-cü ildə bina təhvil verilən zaman (məzilin çıxarışı ilə birlikdə) qaytarılacağını bildirərək iddiaçını səhv məlumatlandırmış, yanlış yönləndirmiş, ƏDV məbləğinin depozit hesaba ödənilməli olduğunu bildirməmiş, bu kimi halları alıcı üçün aydınlaşdırmağa zəruri olan sənədləri ona təqdim etməmiş, əksinə ona yalnız bir rekvizit təqdim etməklə bütün məbləği həmin hesaba ödəməli olduğunu bildirmiş və nəticədə Qaydanın 4.1-ci bəndinin tələbini kobud şəkildə pozmuşlar. Halbuki, Qaydanın həmin müddəasına əsasən, satıcı mənzilin tam dəyəri (ƏDV daxil olmaqla) ilə bağlı elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Buna baxmayaraq, MTK tərəfindən həmin vaxt qaiməfaktura ona çap edilərək təqdim edilməmişdir. Qaimə-faktura yalnız xeyli müddət sonra - 31 mart 2023-cü il tarixində (satışdan üç ay keçdikdən sonra) tərtib edilərək portala yerləşdirilmiş və qaimənin yerləşdirilməsi barədə ona heç bir bildiriş verilməmişdir. Bununla da MTK tərəfindən Qaydanın 4.1-ci bəndi növbəti dəfə pozulmuşdur. MTK-nın işçiləri bu təkrar və kobud hüquq pozuntusunu portalın normal işləməməsi ilə əsaslandırmış, o cümlədən qaimənin portala yükləməsi ilə bağlı alıcıların mobil nömrəsinə sms-bildiriş göndərilməsi barədə ona yalan məlumat vermişlər. Elektron qaimə-fakturanın alıcıya təqdim edilməsinin xüsusi praktik əhəmiyyəti var və Qaydada onun çap edilərək alıcıya imperativ qaydada verilməli olduğu məhz bu səbəbdən nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, Qaydanın 4.2-ci bəndində elektron qaimə-fakturada göstərilməli olan məlumatların arasında qaytarılacaq ƏDV-nin məbləğinin də göstərilməli olduğu qeyd edilmişdir. Burada satıcıya ödəniləcək məbləğ, həmçinin ƏDV məbləği ayrılıqda göstərilməklə alıcının səhv yönləndirilməsinin qarşısı alınmış olur. Buna baxmayaraq, MTK-nın əməkdaşları Qaydanın tələblərini pozmaqla onda yanlış təəssürat yaratmış və onu tamamilə səhv yönləndirərək tərəfindən məbləğin ƏDV ilə birlikdə birbaşa satıcının hesabına ödənilməsinə səbəb olmuşlar. Üstəlik, qeyd edilməlidir ki, ödənişin sonrakı qalıq hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş kredit hesabına birbaşa bankın özü tərəfindən satıcıya köçürülmüşdür. Bu halda o, bankı vətəndaş olaraq məcbur edə və ya onun ödəniş proseslərinə müdaxilə edə bilməz ki, ƏDV ilə bağlı hissəni məhz satıcının ƏDV depozit hesabına ödəsin. Bank tərəfindən ödənişin düzgün ödənilmədiyini isə iddiaçı təbii ki, bilə bilməzdi və bunu yalnız prosesin gedişində sonradan öyrənmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu baxımdan, iddiaçının ƏDV-ni geri almaqdan imtina etməsi və ya bilərəkdən həmin məbləği ƏDV depozit hesabına ödəməməyi barədə hər hansı sübutun olmaması və bütün bu halların vergi ödəyicisi olaraq qanuni mənafeləri pozulmaqla yanlış yönləndirilməyindən irəli gəldiyinə görə, vergi orqanının Qaydanın 5.1.2-ci bəndinə istinad edərək onu günahkar sayması və bu əsasla tələbini təmin etməməsi qanuni və əsaslı deyil. Nəzərə alınmalıdır ki, ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi ona hər hansı əlverişli şərait yaratmır, ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanının mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi formal xəta olaraq qəbul edilməli və onun hüquqlarının həyata keçirilməsinə mane olan hal kimi dəyəndirilməməlidir. Cavabdeh inzibati orqan vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4557/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən iddiaçının tələbinin qanuni əsasını və tələbin əsaslılığını zəruri hesab etdiyini bildirsə də, istinad etdiyi əsasların iddiaçıya münasibətdə qanunsuz olaraq pozulduğunu və tələbin vaxtında verilə bilməməsinin məhz cavabdehin və satıcının qanunazidd hərəkətlərinin səbəb olduğunu nəzərə almamışdır. ƏDV-nin qaytarılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq tənzimləyici qaydaların (bundan sonra - Qayda) tələbləri pozulmaqla iddiaçı tamamilə səhv yönləndirilmiş, yekun nəticədə iddaçı öz qanuni mənafelərinin təmin olunmasından məhrum olmuşdur. İşin nəticəsinə təsir edən bu kimi zəruri halların heç biri inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki, iddiaçı mənzil alınan zaman "xxxx" işçilərinə ƏDV-nin geri qaytarılması məsələsi ilə bağlı sual verdikdə onlar ƏDV-nin geri qaytarılmalı olan hissəsinin xeyli müddət sonra – 2024-cü ildə bina təhvil verilən zaman (mənzilin çıxarışı ilə birlikdə) qaytarılacağını bildirərək iddiaçını səhv məlumatlandıraraq yanlış yönləndirmiş, ƏDV məbləğinin depozit hesaba ödənilməli olduğunu bildirməmiş, bu kimi halları alıcı üçün aydınlaşdırmaq məqsədilə zəruri olan sənədləri iddiaçıya təqdim etməmiş, əksinə ona yalnız bir rekvizit təqdim etməklə bütün məbləği həmin hesaba ödəməli olduğunu bildirmiş və nəticədə Qaydanın 4.1-ci bəndinin tələbini kobud şəkildə pozmuşlar. Halbuki, Qaydanın həmin müddəasına əsasən, satıcı mənzilin tam dəyəri (ƏDV daxil olmaqla) ilə bağlı elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Buna baxmayaraq, "xxxx" tərəfindən həmin vaxt qaimə-faktura iddiaçıya çap edilərək təqdim edilməmişdir. Qaimə-faktura yalnız xeyli müddət sonra - 31 mart 2023-cü il tarixində (satışdan üç ay keçdikdən sonra) tərtib edilərək portala yerləşdirilmiş və qaimənin yerləşdirilməsi barədə də iddiaçıya heç bir bildiriş verilməmişdir. Bununla da, "xxxx" tərəfindən Qaydanın 4.1-ci bəndi növbəti dəfə pozulmuşdur. "xxxx" işçiləri bu təkrar və kobud hüquq pozuntunsunu portalın normal işləməməsi ilə əsaslandırmış, o cümlədən qaimənin portala yükləməsi ilə bağlı alıcıların mobil nömrəsinə sms-bildiriş göndərilməsi barədə iddiaçıya yalan məlumat vermişlər. Elektron qaimə-fakturanın alıcıya təqdim edilməsinin xüsusi praktik əhəmiyyəti var və Qaydada onun çap edilərək alıcıya imperativ qaydada verilməli olduğu məhz bu səbəbdən nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, Qaydanın 4.2-ci bəndində elektron qaiməfakturada göstərilməli olan məlumatların arasında qaytarılacaq ƏDV-nin məbləğinin də göstərilməli olduğu qeyd edilmişdir. Burada satıcıya ödəniləcək məbləğ, həmçinin ƏDV məbləği ayrılıqda göstərilməklə alıcının səhv yönləndirilməsinin qarşısı alınmış olur. Buna baxmayaraq, "xxxx" əməkdaşları Qaydanın tələblərini pozmaqla iddiaçıda yanlış təəssürat yaratmış və onu tamamilə səhv yönləndirərək tərəfindən məbləğin ƏDV ilə birlikdə birbaşa satıcının hesabına ödənilməsinə səbəb olmuşlar. Bu ciddi hüquq pozuntuları iddia ərizəsində ətraflı şəkildə göstərilsə də, birinci instansiya məhkəməsi, sanki, bütün bunları görməzdən gəlmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını zəruri həddə və lazımi qaydada araşdırmamış, bu isə iddiaçının qanuni mənafelərinə zidd qərarın çıxarılması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ödənişin sonrakı qalıq hissəsi Azərbaycan Beynəlxalq Bankı tərəfindən iddiaçıya verilmiş kredit hesabına birbaşa bankın özü tərəfindən satıcıya köçürülmüşdür. Bu halda iddiaçı bankı vətəndaş olaraq məcbur edə və ya onun ödəniş proseslərinə müdaxilə edə bilməzdi ki, ƏDV ilə bağlı hissəni məhz satıcının ƏDV depozit hesabına ödəsin. Bank tərəfindən ödənişin düzgün ödənilmədiyini isə iddiaçı, təbii ki, bilə bilməzdi və bunu yalnız prosesin gedişində sonradan öyrənmişdir. Bu baxımdan, iddiaçının ƏDV-ni geri almaqdan imtina etməsi və ya bilərəkdən həmin məbləği ƏDV depozit hesabına ödəməməsi barədə hər hansı sübutun olmaması və bütün bu halların vergi ödəyicisi olaraq iddiaçının qanuni mənafeləri pozulmaqla yanlış yönləndirilməsindən irəli gəldiyinə görə, vergi orqanının 5.1.2-ci bəndinə istinad edərək onu günahkar sayması və bu əsasla tələbini təmin etməməsi qanuni və əsaslı olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya hər hansı əlverişli şərait yaratmamış, ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanının mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə olan hal kimi dəyəndirilməməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4557/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etməyərək onun təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli Payçı müqaviləsinə əsasən dəyəri 133989 manat olan mənzilin dəyərini nağd qaydada ödəyərək almışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Qeyd olunmalıdır ki, tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənilməsini göstərmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Həmçinin, Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2023-cü il tarixdə ödəmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu iş üzrə mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərar çıxararkən ƏDV-nin qaytarılması ilə bağlı iddiaçının cavabdehə vaxtında müraciət etməməsinin məhz cavabdehin və satıcının qanunazidd hərəkətlərinin səbəb olduğunu nəzərə almaması barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, satıcı olaraq üçüncü şəxs "xxxx" MTK-nın iddiaçıya ƏDV-nin geri qaytarılması ilə bağlı yanlış məlumat verilməsi, müvafiq sənədlərin ona gec verilməsi və nəticə etibarılə iddiaçının əhəmiyyətli ziyan çəkdiyini hesab etdiyi halda iddiaçı müvafiq tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4557/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar