Məhkəmə qərarları › İş №2-1(103)-2197/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2197/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2197/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs: "xxxx" ASC) qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1686/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: 1.İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamının Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən fərdi yaşayış evinin və qeyri-yaşayış təyinatlı tikilinin yerləşdiyi 15 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC 3- cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin 23 dekabr 2021-ci il tarixli, 340 saylı Sərəncamına əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC (bundan sonra – üçüncü şəxs) tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə üçüncü şəxsin istifadəsinə verilmişdir. Üçüncü şəxs həmin sərəncamı əsas gətirərək əmlakın dəyərinin ödənilməsi ilə bağlı aralarında heç bir razılaşma olmadan iddiaçının əmlakını sökməyə cəhd göstərmiş, evinə gedən su və qaz xəttlərini sındırmış, habelə avtomobil yolunu qazıb yararsız hala salmışlar. Dəfələrlə bununla bağlı üçüncü şəxsin rəhbərliyinə, habelə cavabdehə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2025 nömrəli, xx.xx.2025-ci tarixli qərarı ilə iddia təmin edilməmişdir.

5. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. Tərəflərin izahatları:

7. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

10. İşdən görünür ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır.

11. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 hektar torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Kristal Bakı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

12. İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən mənzil Bəxtiyar Vəliyev tərəfindən iddiaçıya bağışlanmışdır.

13. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 75.13 kv.metr olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1500 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 75.13 kv.m (3 otaq yaşayış sahəsi 32.9 kv.m, köməkçi sahə 42.23 kv.m) olan mənzil və köməkçi tikililər (kafe kimi istifadə olunur) mövcuddur. Qeyd olunan mənzil **********43-05101-093001 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahə Xarici dairəvi yolun kənarında yerləşir. Sahənin 3 kv.metr hissəsi su xəttinin mühafizəsindədir. Sözügedən sahə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müraciəti olmuş ərazinin hüdudları daxilində yerləşir. Bundan əlavə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli, 14 iyun 2023-cü il tarixli Fərmanının icrası ilə əlaqədar ərazinin 1087,8 kv.m hissəsinə X1 tərəfindən müraciət olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.4. . Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 46.1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

17. “İnzibati icraat haqqında” Azərabaycan Respublikası Qanunu: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan nzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

22. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etmiş və hesab etmişdir ki, “...Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən yaşayış sahəsi mənzil kimi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin yaşayış sahəsinin fərdi yaşayış evi olaraq, onun yerləşdiyi və həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Lakin, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində həmin yaşayış sahəsinin mənzil kimi iddiaçının mülkiyyətində olduğu, torpaq sahəsinin isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdir. Yəni, iddiaçının həmin mənzilin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərində hər hansı hüququ yoxdur. Cavabdeh isə dövlət torpaqlarının balanssaxlayıcısı olmaqla, həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ mövcuddur. Bu səbəbdən cavabdeh 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı qəbul etməkdə səlahiyyətli olmuşdur. Həmin sərəncamda isə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 hektar torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə üçüncü şəxsə icarəyə verilmişdir. Göründüyü kimi, iddia ərizəsində etibarsızlığı tələb olunan sərəncamın etibarsızlığının tanınması üçün hər hansı əsas yoxdur. Bu səbəbdən hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iddia tələbini qismən əsaslı hesab edir və aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır.

25. İş materiallarından müəyyən olur ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən yaşayış sahəsi mənzil kimi iddiaçının xüsusi mülkiyyətindədir.

26. Bakı şəhər İcra Hakimiyyətinin 23 dekabr 2021-ci il tarixli, 340 saylı Sərəncamına əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 25,31 ha torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin istifadəsinə verilmişdir.

27. Hal-hazırda iddiaçı həmin torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən buna müvafiq səlahiyyəti olmadığı halda 3-cü şəxsə ayrılmasını qanunsuz hesab etdiyi üçün İcra Hakimiyyətinin müvafiq sərəncamının etibarsız hesab edilməsini tələb edir.

28. Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən, nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 75.13 kv.metr olan mənzilin-fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının gözlənti hüququ olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir.

29. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan (buna dair gözlənti hüququ olan) torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir.

30. “İnzibati icraat haqqında” Qanununun 65.1.2-ci maddəsinin tələblərinə əsasən qeyd edilməlidir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, həmin hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

31. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe yuxarıdakı şəkildə əsaslandırılmışdır.

32. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində həmin yaşayış sahəsinin mənzil kimi iddiaçının mülkiyyətində olduğu, torpaq sahəsinin isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdir.

33. Həmin rəydən də göründüyü kimi iddiaçının xüsusi mülkiyyətində, eləcə də faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları mövcuddur. Cavabdeh isə həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququna malik deyil.

34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən mənzilinfərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 75.13 kv.m olan torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar