Məhkəmə qərarları › İş №2-1(103)-2198/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2198/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2198/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi, İddiaçı hüquqi varisi X1 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin kart hesabına köçürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-3829/2021 saylı qərarından İddiaçı hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ona 01.01.2007-ci il tarixdən bu günə kimi Qanunun 23.2 və 23.3-cü maddələrinə görə ildə bir dəfə olmaqla 4 aylıq maaş həcmində pulunun birdəfəlik onun kart hesabına keçirilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı 12.01.1974-cü ildən Daxili İşlər Nazirliyinin Penitensiar Xidməti İdarəsinə işə qəbul olunmuşdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən 10.01.1998-ci ildə pensiyaya çıxana kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-cı il tarixli, 499 saylı Fərmanı ilə Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə pensiya təminatı ilə bağlı bütün funksiyalar Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinə həvalə edilmişdir. Hal-hazırda bütün bu əməliyyatlar Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən yerinə yetirilir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən Ədliyyə orqanları işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Onun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə dəfələrlə etdiyi şifahi müraciətlərinə cavab bir olub ki, pensiyaçılara maddi yardım verilməsi nəzərdə tutulmayıb. Cavabdeh əvvəllərdə onlara qarşı laqeyd yanaşmış, bununla bağlı tərəflərindən kollektiv surətdə müxtəlif məhkəmə instansiyalarında məhkəmə mübahisələri olmuş və məhkəmə qaydasında tələbləri təmin olunmuşdur. Cavabdehə kollektiv surətdə müraciət edərək, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələrin onlara ödənilməsini xahiş etsələr də, cavabdeh 14.11.2019-cu il tarixli, **********0 nömrəli cavab məktubunda onların kollektiv müraciətlərini qanunla əmək pensiyaçılarına maddi yardım göstərilməsinin nəzərdə tutulmadığını əsas gətirərək imtina etmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və ona 01.0.2007-ci ildən bugünə kimi ildə bir dəfə olmaqla aylıq maaşının 4 qat həcmində müavinət yardım pulu ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-(112)-790/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin geri götürülmüş sayılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının hüquqi varisi X2 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1597/2020 saylı, 21.10.2020-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh Filiala qarşı müavinətlərin ödənilməsinə dair iddiasını qəbul etmirlər. Belə ki, iddiaçıya 10 dekabr 1997-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını DSMF həyata keçirtdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Filial tərəfindən ödənilir. 01.09.2019-cu il tarixindən iddiaçının xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 403.00 manat, rütbə maaşı 150.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 276.50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 141.05. manat və ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla cəmi təminat xərcliyi 1,034.55 manat təşkil etmiş və həmin tarixdən İddiaçıya 981.88 manat məbləğində əmək pensiyası müəyyən edilməklə ödənilmişdir. 31.03.2020-ci il tarixdən iddiaçının rəhmətə getməsi ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır. İddiaçı 01.01.2007-ci il tarixdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulan müalicə və məzuniyyət ilə bağlı müavinətlərin Filial tərəfindən ona ödənilməsini istəyir. Halbuki, bu ödənişlər iddiaçının qulluq keçdiyi ədliyyə orqanının səlahiyyətinə aiddir. Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Hesab edirlər ki, iddia tələbi cavab verməli olan inzibati orqana qarşı irəli sürülməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş şərtlərin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının” 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası DSMF-yə göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qeyd edilən qərardan göründüyü kimi, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Pensiya təminatı ilə bağlı iddiaçının xidmət etdiyi qurum tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edilir. Həmin Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən baza, sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinin tərkib hissəsidir. Lakin bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-3829/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum atası İddiaçı 12 yanvar 1974-cü il tarixdən DİN-in Penitensiar Xidməti İdarəsinə işə qəbul olmuşdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən 10 yanvar 1998-ci il tarixdə pensiyaya çıxana kimi müxtəlif vəzifələrdə işləmişdir. Atası “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələrin ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 14 noyabr 2019-cu il tarixli məktubu ilə qanunla nəzərdə tutulmuş əlavələrin verilməsindən imtina etmişdir. Atası “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələrin ona ödənilməsi üçün cavabdehə, cavabdehin imtinasından sonra isə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh də, işə baxan məhkəmə də “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 23.2 və 23.3-cü maddələrini bir kənara qoyub, guya atasının pensiyanın yenidən hesablanması üçün müraciət etdiyini və buna görə də maddi hüquqi əsası olmadığından iddia tələbinin əsassız olduğunu göstərmişlər. Cavabdeh dolayısı yolla və məhkəmə də bunun davamı olaraq bilərəkdən qanunsuz və əsassız olaraq qanunla nəzərdə tutulmuş müavinətin ödənilməsindən imtina etmiş, məhkəmə də bu imtinanın əsaslı olduğunu təsdiqləyərək səhv nəticəyə gəlmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş müavinətlər nəzərə alınmaqla, iddiaçının pensiyasının yenidən hesablanması üçün maddi hüquqi əsası olmadığından, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdehin 06.12.2019-cu il tarixli, **********1 nömrəli imtina məktunda iddiaçının pensiyanın hesablanması ilə bağlı müraciətinə cavab olaraq bildirmişdir ki, 1 mart 2018-ci il tairxinədək olan təminat xərcliyi (814.00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1034.55 manat) arasındakı fərq məbləğinin (220.55 manat) 83.50 faizi – 184.16 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (797.72 manat) üzərinə əlavə olunmaqla 981.88 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürüldüyü qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması kimi qəbul edərək araşdırmanı da məhz bu istiqamətdə aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım etmək məqsədi ilə 04 dekabr 2019-cu il tarixli məktub ünvanlaraq Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması təklif edilmiş, lakin sonradan Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblərinə uyğun hər hansı prosessual hərəkət edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində tədbir görmədən iddia tələbini öz mülahizəsinə əsasən “pensiyanın əlavələr nəzərə alınmaqla yenidən hesablanması” kimi qəbul edərək qiymətləndirməni bu tələbə uyğun apararaq rədd etmişdir. Halbuki, iddiaçının hüquqi varisi apellyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbi 01.01.2007-ci il tarixdən bu günə kimi “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələrin (müalicə və məzuniyyət ilə bağlı müavinətlərin) ödənilməsi ilə bağlıdır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia ərizəsinə etirazda qeyd etmişdir ki, iddiaçı 01.01.2007-ci il tarixdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulan müalicə və məzuniyyət ilə bağlı müavinətlərin Filial tərəfindən ona ödənilməsini istəyir. Halbuki, bu ödənişlər iddiaçının qulluq keçdiyi ədliyyə orqanının səlahiyyətinə aiddir. Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Hesab edirlər ki, iddia tələbi cavab verməli olan inzibati orqana qarşı irəli sürülməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Ali Məhkəmənin Plenumunun 2015-ci il 10 aprel tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərara əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 1.1, 1.3, 2.1, 2.3-cü bəndləri). Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrinin tələblərinə uyğun tədbir görməli, tələbin əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı olduğu təqdirdə, müraciətin həmin tələblə bağlı olub-olmamasını, iddia tələbi müavinətin ödənilməsi ilə bağlı olduğu təqdirdə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalı və bu zaman cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hüquqi varisi X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-3829/2021 saylı qərarı ləğv edilsin. İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin kart hesabına köçürülməsi” tələbinə dair iş, məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar