Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2199/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əliliyin bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı anadangəlmə ikitərəfli əyripəncəliklə doğulmuşdur. 2006-cı ildə H.X4 Mehriban xanım Əliyevanın göstərişi ilə Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sol ayağında “Zasepin” əməliyyatı aparılmışdır. Həmin vaxtdan 18 yaşınadək sosial müavinət və hər il dayaq-yeriş funksiyasının pozulması səbəbindən Bərpa Mərkəzindən üçün xüsusi sifarişlə ortopedik ayaqqabı almışdır. xx.xx.2021-ci il tarixdə 18 yaşı tamam olması ilə əlaqədar Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xüsusi komissiyadan keçmişdir və “İkitərəfli baldır əzələlərinin atrofiyası və dayaq yeriş funksiyasının pozulması” diaqnozu və ortopedik ayaqqabı ilə təmin olunma barədə arayış (xx.xx.2021-ci il tarixli № 2370/5007) verilmişdir. Binəqədi rayonu 35 saylı şəhər poliklinikası oğlunun sənədlərini onlayn qaydada Tibbi-Sosial Ekspert Komissiyasına göndərmiş, xx.xx.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasından yanlış və natamam doldurulma, elektromioqrafiya müayinəsi səbəb kimi göstərilməklə imtina gəlmişdir. xx.xx.2021-ci il tarixdə Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nəzdində yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndəriş vərəqəsi ilə Bakı Sağlamlıq Mərkəzində elektromioqrafiya olunmuşdur. Bu elektrofizioloji müayinədə bilaterial tibial peronal sural sinirlər müayinə edilmişdir. Oradan “xronik nevroloji proses lehinə dəyərləndirilə bilər” nəticəsi verilmişdir. Bu arayışı o, 4 saylı DOST Xidmətinin nəzdində olan VTEK-ə təqdim etmiş və **********2 nömrəsi ilə sənədi aktlaşdırılmışdır. Ona bildirilmişdir ki, əlaqə saxlanılacaq. Üç ay keçməsinə baxmayaraq, onun müraciəti ilə əlaqədar heç bir xəbər olmayıb. O, X7 müraciət etdikdə onu yenidən əyani müayinədən keçəcəyini bildirdilər. Oktyabr ayında komissiya təşkil olunmadan yalnız Telman adlı bir həkimin ( soyadını ona deməkdən imtina etdilər) göz baxışı ilə müayinəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli qərarına istinadən oğlunun əlillik dərəcəsi olmadığı şifahi şəkildə bildirililmişdir. Əgər onlar 2015-ci il qərarına istinad edirdilərsə, bəs oğluna 6 saylı Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2016-cı ildə növbəti 5 il üçün (xx.xx.2016-xx.xx.2021-ci ilədək) sosial müavinətin alınması barədə sənəd niyə verilirdi?! xx.xx.2021-ci il tarixdə ona Azərbaycan Pespublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 heyətinin sədrinin müavini Mətanət Məmmədovanın imzası ilə cavab məktubu gəlmişdir ki, 35 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişinin natamam doldurulması səbəbini əsas göstərərək elektron qaydada yenidən müayinə olunub göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti qiymətləndiriləcək. Sual olunur ki, bu Agentliyin onun iyun ayında elektromioqrafıya müayinədən keçməsi barədə təqdim etdiyi sənədin DOST Mərkəzində aktlaşdırılması haqqında niyə xəbəri yoxdur və niyə VTEK xx.xx.2021 -ci il tarixli **********2 nömrəli aktın üzə çıxarılmasına etiraz edir? O, bu sualın cavabı ilə əlaqədar Reabilitasiya Agentliyinə gedərək Anar Bayramovun qəbuluna yazılmışdır. Bu yalnız formal xarakter daşıyır, heç kim Anar Bayramovun qəbuluna düşə bilmir. Ona özünü səlahiyyətli şəxs kimi təqdim edən bir nəfər bildirmişdir ki, həftənin ikinci günü, yəni noyabr ayının 2-də onu A.Bayramov qəbul edəcək. Bakı Sağlamlıq Mərkəzində oğlunun ayağının elektromiaqrafıya müayinəsinin cavabını elektron qaydada qeydiyyatda olduğu 35 saylı Poliklinika vasitəsilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsin. Noyabrın 3-də həmin sənədi elektron qaydada deyilən ünvana göndərmişdir. O, Agentliyə gedib A.Bayramovun onu niyə qəbul etmədiyini soruşduqda onu X5 Aqşin adlı şəxsin yanına göndərmişlər. Onun yanında Aqşin A.Bayramovun səlahiyyətli nümayəndəsinə telefonla zəng edərək, ona necə kömək edə biləcəyini soruşdu. Sonra onu oğlu ilə birlikdə İdarəyə dəvət etmişdir. O, Agentliyə zəng vurub kiminləsə danışmış və bundan sonra adını bilmədiyi bir həkimə oğlunu müayinə etmək üçün yönləndirilmişdir. Noyabr ayının 5-də Bərpa Mərkəzində 5 saat gözlədikdən sonra ayaqları şişmiş oğlunu 2 dəqiqəlik müayinə etmişər, onun sağlam olmadığını bildirərək ona əlillik verilməsinə imtina etmişlər. O, 18 dekabr tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə X6 Əliyevaya şikayət məktubu ilə müraciət etmiş, fevral ayının 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şöbə müdiri Xədicə xanım zəng edərək oğlu Mirseyidlə onu Ombudsmana ünvanladığı məktubla əlaqədar nazirliyə dəvət etmişdir. Xədicə xanımın qəbulunda tanımadığı daha başqa bir qadın da, vardı. Onlar oğlu Mirseyidi sorğu-sual etmişlər, ayağına baxmışlar. Xədicə xanım yanındakı xanıma onun ayağının həqiqətən qüsurlu olduğunu və ayaqqabı ilə təmin olunmasına bəlkə köməklik edək sualını verdikdə, adını bilmədiyi xanım nazirliyin işçisini cərrah kimi təqdim edib otağa dəvət etmişdir. Özünü təqdim etməyən həmin kostyumluqalstuklu “cərrah” ayağına baxıb:”- Niyə özünə əlillik adı qoyursan? Boylu-buxunlu oğlansan, gəl səni məşğulluq idarəsinə göndərək, işlə təmin etsinlər”,dedi.O, həmin adama xüsusi ayaqqabı olmadan 3 saatdan artıq ayaq üstə dayana bilmədiyini, xüsusi ayaqqabı olmadığı üçün ayağının pəncəsinin dönərək deformasiyaya uğradığını bildirmiş, Xədicə xanım onun ayaqqabı ilə təmin olunması məsələsinə nazirlikdə baxılandan sonra şəxsən kömək edəcəyinə söz vermişdir. Amma əlillik statusunun bərpası barədə heç kim heç nə deməmişdir. Bu şəxslər bilmirlər ki, xüsusi ayaqqabı əlilliyi olan şəxslərə verilir? İki gündən sonra Xədicə xanım şəxsən ona zəng edərək bildirmişdir ki, söz verdiyi kimi ona kömək etməkdə acizdir, çünki oğlunun əlillik dərəcəsi olmadan ona xüsusi ayaqqabı vermək mümkün deyildir. İndi ona kim deyə bilər, əməliyyatdan sonra sinirləri pozulan, ayağındakı problemdən maddi və mənəvi əziyyət çəkən oğlu nə qədər səriştəsiz insanların göz müayinəsindən keçiriləcək, müalicə ala bilməməsi, hüquqlarının pozulması səbəbindən daha da ağır fəsadlarla ( onurğa sütununun deformasiyası və s.) üzləşəcək? Hal-hazırda da, oğlunun ortopedik ayaqqabısı olmadığı üçün ayağı deformasiyaya uğrayır və özünə qapanıb stress keçirməsinə səbəb olur. O, İİ Qarabağ müharibəsinin iştirakçısı, qazi qardaşı kimi çox xahiş edir ki, hüquqlarının qorunması, eləcə də, əlillik statusunun bərpasında ona köməklik göstərilsin. Əlilliyi ilə bağlı bütün sənədlərin kserosurətini və şəkilləri iddia ərizəsinə əlavə etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmə qərarını xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almasını təsdiq edən məhkəmə qəbzi mövcuddur. Göründüyü kimi iddiaçının nümayəndəsi məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və iddiaçıya bildiriş ünvanlaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu xx.xx.2023-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2199/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2199/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver