Məhkəmə qərarları › İş №2-1(103)-22/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-22/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-22/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) (üçüncü şəxs Maraqlı şəxs) qarşı “torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, elektron kadastra daxil edilmiş məlumatların silinməsi və bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 5/2019 saylı, 16 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X7 və İstismarı Birliyinin onunla bağladığı müqaviləni nəzərə alaraq, digər şəxsin adına verilmiş əsası olmayan sənədin ləğv edilməsi və bağın adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçı son olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixdə 41041 nömrə ilə uçota alınmış A №528949 saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0.25 ha olan 1462 saylı bağ Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1968-cı il tarixli 16 saylı sərəncamına əsasən ona məxsusdur. Həmin tarixdən etibarən hər il torpaq vergilərini ödəmiş və qəbzləri təqdim etmişdir. X7 və İstismarı Birliyinin iddiaçı ilə bağladığı 2007-ci il 14 mart tarixli sonuncu müqavilədə həmin bağ 1335 saylı bağ kimi göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 03 fevral tarixli 2-1(82)- 611/2016 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı ilə (hakim: Z.Tağıyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Qərardan narazı qalan cavabdeh tərəf qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı iş materialları hərtərəfli araşdırılmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən, ən əsası maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 1335 saylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğundur. Lakin idarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlər əsasında Maraqlı şəxs adına **********40 reyestr nömrəsi ilə 1462 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər icra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon icra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X4 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq İnzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən təkrar ekspertiza təyin olunmalıdır. Belə ki, ilkin ekspertiza düzgün keçirilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 05 noyabr tarixli, 2-1(103)-2044/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması və yekun qərar qəbul edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 mart tarixli, 2-1(102)-947/20 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 05 noyabr tarixli, 2-1(103)-2044/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 mart tarixli, 2-1(102)-947/20 nömrəli qərarındakı göstərişlər: - hazırkı mübahisəyə dair qərar qəbul edərkən işin «aydın» olmayan və «ziddiyyətli» hallarının araşdırılması, onlara düzgün hüquqi qiymət verilməsi; - iddiaçı tərəfindən bütün bu illər ərzində mübahisəli torpaq sahəsinə görə dövlətə müvafiq ödənişlər edildiyi, eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinin (№ 1335) qonşuluğunda (ətrafında) yerləşən torpaq sahələrinin (№1336, №1334) iddiaçının qardaşının və bacısının istifadəsində olmasının araşdırılması və onlara İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsi. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 2- 1(103)-1201/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-77/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 2- 1(103)-1201/2020 nömrəli qərarı cavabdehin şikayətinə əsasən ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin şikayəti iddianın rədd edilməsi tələbinə aid hissədə təmin olunmamışdır. Üçüncü şəxsin şikayəti üzrə kassasiya mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2-1(102)-77/2021 nömrəli qərarındakı göstərişlər: - İddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsində iddia etdiyi “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixində 41041 nömrə ilə uçota alınmış A №528949 saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi” məzmunda tələbinin İPM-in 34.1 və 35.1-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin “kadastra daxil edilmiş məlumatların silinməsi”nə səlahiyyətli (iqtidarlı) olub-olmadığının müəyyən edilməsi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçının vəkili izahatında bildirdi ki, cavabdeh tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmədən, elektron kadastr məlumatlarına istinad edərək əsassız mütəxəssis rəyi verilmiş, həmin rəy olduğu kimi ekspert rəyinə köçürülmüşdür. Hansı ki, məhz elektron kadastr məlumatlarında səhvlik olduğu iş üzrə araşdırma nəticəsində aşkar görünür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2-1(102)-77/2021 nömrəli qərarındakı göstərişləri də nəzərə alaraq iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmış, məhkəmə gedişatında tələbinin həcmini artırmış, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixdə 41041 nömrə ilə uçota alınmış A №528949 saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, illərlə iş məhkəmələr tərəfindən araşdırılmış, qeyd edilən tələbə qarşı cavabdeh tərəfindən etiraz ərizələri və apellyasiya şikayəti verilmişdir. Belə olan halda ilkin olaraq inzibati orqana artırılmış tələb üzə məhkəmədən əvvəl müraciət edilməsi öz prosessual əhəmiyyətini bir növ itirmiş hesab edilir. Məhkəmə kollegiyasının da mövqeyi ondan ibarətdir ki, artıq inzibati orqan tərəfindən irəli sürülmüş tələb üzrə etiraz ərizələri təqdim edildiyindən, prosessual qənaət prinsipini rəhbər tutaraq yenidən iddiaçının inzibati orqana müraciətinin edilməsinə ehtiyac duyulmur. Buna baxmayaraq, iş kassasiya instansiya məhkəməsindən yenidən baxışa qaytarıldıqdan sonra iddiaçı tərəfindən sonuncu tələb üzrə məhkəmədən kənar inzibati orqana müraciət ünvanlanmış, cavabdeh inzibati orqan tərəfindən sözügedən müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələlər idarənin səlahiyyətləri xaricindədir. Bundan əlavə hazırki iş üzrə cavabdeh inzbati orqanın səlahiyyətli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının tələbinin birinci hissəsi vaxtilə mövcud olmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixində 41041 nömrə ilə uçota alınmış A №528949 saylı torpaq sahəsinin planölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanında qeyd edilmişdir ki,

1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin. 2.Müəyyən edilsin ki, 2.1. ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnaməyə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi, iddiaçının silinməsini xahiş etdiyi məlumat elektron kadastra keçmiş DTXK tərəfindən daxil edilmiş olsa da, hazırda dövlət torpaq kadastrı ilə bağlı səlahiyyətlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilmişdir. Belə olan halda qaldırılan iddia üzrə cavabdehlik daşıyan inzibati orqan məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsidir.

Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərkollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İş materiallarındakı sənədlərdən göründüyü kimi, həm iddiaçının, həm də üçüncü şəxsin (onun hüquqi sələfinin) adına Ləhiş bağ massivində bağ sahələrinin ayrılmasına dair X7 və İstismarı Birliyi ilə bağlanmış müqavilələrin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. İddiaçı ilə cavabdehin hüquqi sələfləri və cavabdehin özü ilə müxtəlif vaxtlarda 3 dəfə bağlanmış müqavilələr qanunidir. Belə ki: - “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında xx.xx.1968-ci il tarixli 16480 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 saylı prokola əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1462 saylı bağ sahəsi xx.xx.1978-ci il tarixədək 10 illik İddiaçı icarəsinə verilmişdir. - “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında xx.xx.1979-ci il tarixli 16480 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 saylı prokola əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi 10 illik İddiaçı icarəsinə verilmişdir. - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 16480 saylı müqavilə ilə Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. - Azərbaycan Trespublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X6 inkişafı və istismarı Birliyinin Ləhiş ərazisindəki 1335 nömrəli bağın istifadəyə verilməsi haqqında 14 mart 2007ci il tarixli 16480 saylı müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1968-ci il tarixli 16 saylı sərəncamına (protokolu) əsasən Sabunçu rayonu, ləhiş ərazisində 0,25 ha torpaq sahəsi olan 1335 N-li bağ İddiaçı istifadəsinə verilmişdir. Üçüncü şəxsin hüquqi sələfinə bağ sahəsinin ayrılmasına dair arxiv sənədləri: - “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında xx.xx.1968-ci il tarixli 16250 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 10 saylı prokola əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1462 saylı bağ sahəsi xx.xx.1978-ci il tarixədək X2 icarəsinə verilmişdir. - Azərbaycan Respublikası DT və XK-nın A №528948 saylı dövlət kadastr kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən Bakı şəhər İH BTİ və İB-nin xx.xx.1968-ci il tarixli 16250 saylı müqaviləsi ilə Sabunçu rayonu ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi Bayramov X12 adına 1462 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə ünvan X1 adına hüquqi qeydiyyata alınmışdır. - xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2001-ci ildə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Əzizbəyov küçəsi, ev 35-də yaşayan oğlu Maraqlı şəxs olduğu və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr kitabının 52261 nömrəli vərəqində qeydiyyata alınmış RX 056419 seriya nömrəli çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 23 yanvar 2015-ci il tarixli, ********* arayışa əsasən ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən ibarətdir. - xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüyə əsasən torpağın sənəd üzrə və faktiki sahəsi 0.25 ha kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixli, RX seriyalı, 571142 saylı çıxarış ilə ünvan üzərinə mülkiyyət hüquqları Maraqlı şəxs adına hüquqi qeydiyyata alınmışdır. İş materiallarındakı müqavilələrdən, arxiv materiallarından aydın göründüyü kimi, iddiaçıya ilkin olaraq Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 saylı prokola əsasən 1462 nömrəli bağ sahəsi ayrılmış, iddiaçının ərizələri əsasında müqavilələrin müddətləri uzadılmış, daha sonrakı eyni nömrəli (16480) müqavilələrdə bağın nömrəsi 1335 olaraq qeyd edilmişdir. İş üzrə məhkəmələr tərəfindən araşdırmalar zamanı bir nəçə mütəxəssis və ekspert rəyləri alınmışdır: - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********49 saylı mütəxəssis rəyində X5 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə Bayramov X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 21403 saylı rəyində X5 iddia etdiyi və naturada göstərdiyi 0.25 ha torpaq sahəsinə Bayramov X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********23 saylı mütəxəssis rəyində X5 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə Bayramov X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 8638 saylı rəyində X5 iddia etdiyi və naturada göstərdiyi 0.25 ha torpaq sahəsinə Bayramov X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********83 saylı mütəxəssis rəyində X5 iddia etdiyi və naturada göstərdiyi torpaq shaəsinə Bayramov X17 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********40 sahəsi 0.25 ha olan çıxarış verildiyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında əvvəlki nömrəsi 1462, yeni nöməsi 1335 saylı bağ sahəsi olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara əsasən mərhum X12 adına qeydiyyata alındığı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” xx.xx.1972-ci il tarixində tərtib olunmuş yerləşmə cizgisi və bağların sxematik xəritəsinə uyğun olduğu, bağ sahəsi şimaldan 1461/1334, cənubdan 1463/1336 saylı bağlarla əhatə olunduğu və X5 iddia etiyi və göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Bakı şəhər Ərazi İdarəsindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli planölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 23915 saylı rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0.25 ha torpaq sahəsindən ibarət olan üzərində mükiyyət hüquqları X3 adına RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışla qeydiyyata alınmış 1462 saylı bağ sahəsinin natirada müəyyəne dilmiş koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2018-ci il tarixli, 7245 saylı rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, iş üzrə iddiaçı X5 iddia etdiyi və göstərdiyi torpaq shaəsinin naturada müəyyəne edilmiş koordinatları ilə Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü müəyyən edildiyi qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli yerli baxış aktından göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********70 saylı məktubunda göstərilən əraziyə texniki baxış keçirildiyi, torpaq shaəsinin sərhədləri şərti və üzərində tikili olmadığı, iddiaçı X9 tərəfindən təqdim etdiyi 1335 saylı bağ müqaviləsinin uyğun yerləşməsi, qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğun gəldiyi, 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən göstərilən sahə 1462/1335 saylı bağ shaəsi kimi **********40 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********76 saylı məktubunda torpaq sahəsinə texniki baxış keçirildiyi, bağ sahəsi bağların bölügüsünə dair sxematik xəritəyə uyğun olaraq vətəndaş Maraqlı şəxs adına **********40 reyestr nömrəsi ilə 1462 saylı bağ kimi qeydiyyatdan keçdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 mart tarixli, 2-1(102)-947/20 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin (№ 1335) qonşuluğunda (ətrafında) yerləşən torpaq sahələrinin (№1336, №1334) iddiaçının qardaşının və bacısının istifadəsində olmasına da hüquqi qiymət verilməlidir. Məhz iş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə təkrar apellyasiya baxışı zamanı bir neçə mütəxəssis və ekspert rəyləri alınmışdır. - “X24 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 180 saylı mütəxəssis rəyinə əsasən, naturada mübahisələndirilən torpaq sahələrinin (1335 və 1462 saylı bağ torpaq sahələri) koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən İddiaçı məxsus 1335 saylı və üçüncü şəxs Aydın Bayramova ayrılmış 1462 saylı bağ sahələri biri-birindən 192 metr kənarda yerləşir, birgə sərhədləri yoxdur və üstüstə düşmür. Lakin Maraqlı şəxs Aydın oğluna müvafiq hüquqverici sənədlər, həmçinin xx.xx.2015-ci il tarixdə plan-ölçü sənədi tərtib edilərkən koordinatları öz yerinə, yəni 1462 saylı bağ sahəsinin ərazisinə deyil, iddiaçıya məxsus 1335 saylı bağ torpaq sahəsinin ərazisinə işlənmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamın aradan qaldırılması, həmçinin, İddiaçı məxsus 1335 saylı və üçüncü şəxs Maraqlı şəxs ayrılmış 1462 saylı bağ sahələrinin naturada yerinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə ekspertiza keçirilməsi məqsədəuyğun hesab olunmuş və məhkəmə kollegiyasının 2-1(103)-22/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə mütəxəssis rəyinin verilməsi “X14” MMC-nin "GPS" elektron ölçü aparatına malik mütəxəssislərinə həvalə edilmiş, ekspertizanın keçirilməsi mübahisəli ərazidə tərəflərin iştirakı ilə baxış keçirilməklə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi müəyyən olunmuşdur. - “X14” tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən, iddiaçının torpaq sahəsinin naturada yeri Ləhiş bağların sxematik xəritəsinə uyğun olaraq 1335 saylı bağla üst-üstə düşür. Ləhiş bağlarının sxematik bölgü planına əsasən X2 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 1462 saylı torpaq sahəsinin ilkin icarə müqaviləsi üzrə tərtib edilmiş plan-ölçü həmin şəxsin adına xx.xx.2015-ci ildə tərtib olunmuş plan-ölçü ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında xx.xx.1979-cu il tarixli 16480 nömrəli müqavilə ilə X5 adına olan 1335 saylı torpaq sahəsinin naturada yeri Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxeminə (planına) əsasən 1334 və 1336 saylı torpaq sahələrinin qonşuluğunda (arasında) yerləşir. 1462 saylı torpaq sahəsinin naturada yeri Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxeminə (planına) əsasən 1461 və 1463 saylı torpaq sahələrinin qonşuluğunda (arasında) yerləşir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 1334 və 1336 saylı torpaq sahələrinin naturada yeri Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxeminə (planına) əsasən müəyyənləşdirilmiş və müvafiq olaraq 1333, 1335 və 1337 saylı torpaq sahələri ilə həmsərhəddirlər. X2 adına xx.xx.2015-ci ildə tərtib olunmuş plan- ölçüdə qeyd olunmuş 1462 saylı bağ sahəsi Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxemində (planında) 1335 saylı bağ sahəsinin yerində yerləşdiyinə görə X11 adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuş plan ölçüdə qeyd olunmuş 1336 saylı bağ sahəsi ilə hasarla ayrılmış qonşu sahələrdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2023-cü il tarixli, 10/1723saylı rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bir tərəfdə qonşu hasarla ayrılmış digər iki tərəflərinə mişar daşları qoyulmuş sahədir (üzərində tikili yoxdur). İddia olunan sahənin cizgisi və koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. Cavabdehin adına qeydiyyatdan keçmiş 1462 saylı bağ sahəsinin arxiv cizgisinə əsaəsən yeni nömrəsi 1462/1335 kimi qeyd olunub, müqavilədə bağ sahəsinin köhnə nömrəsi qeyd olunmuşdur. Arxiv məlumatlarında bağ sahəsinin cizgisi olmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağın dəqiq koordinatlarını müəyyən etmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən 1462 saylı bağ sahəsi **********40 reyestr nömrəsi ilə qeydiyyata alınıb, özəl 1334K, 1334L və 1336 saylı bağ sahəsi ilə həmsərhəddir. Qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 1462/1335 saylı bağ sahəsi 1462 saylı bağ sahəsinin yerinə uyğun gəlir və özəl 1334K, 1334L və 1336 saylı bağ sahələri ilə həmsərhəddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1334 və 1336 saylı torpaq sahəsi özəl 1336 saylı bağ sahəsi, özəl 1462 saylı bağ sahəsi və 1337 saylı bağ sahəsi ilə həmsərhəddir. Hasarla ayrılmış qonşu sahələrdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli bağ sahəsi ilə bağlı müxtəlif vaxtlarda ekspertizalar keçirilmişdir. Mütəxəssis rəylərindən ikisi özəl, müstəqil ekspertiza mərkəzləri tərəfindən (“X24 və Ekspertiza Mərkəzi” MMC və “X14” MMC) tərtib olmuşdur. İş materiallarının qarşılaşdırılmasından aydın olur ki, bu mütəxəssis rəylərinin nəticələri bir-birini təkzib etmir və hər iki hal tədqiqatın nəticəsinin doğruluğuna dair şübhə doğurmur, tədqiqat sualları aydın və konkret şəkildə cavablandırılmışdır. Lakin cavabdeh orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən təqdim edilən mütəxəssis rəyinin məlumatları olduğu kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən işlənilməklə təqdim olunmuş ekspert rəyi mötəbər hesab edilmir. Belə ki, iş materiallarının araşdırılmasından məlum olmuşdur ki, ekspert qarşısında qoyulmuş suallar səthi şəkildə və qısa formada cavablandırılmış, ətraflı araşdırma aparılmadan, sadəcə mütəxəssis rəyinə əsasən tədqiqat prosesi başa çatdırılmışdır. Ekspert rəyində ekspert tərəfindən qeyd olunmuşdur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından iş üzrə müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən bağ sahəsi ilə bağlı təqdim olunmuş ekspert rəyinin mötəbərliyinə şübhə vardır. Buna səbəb ekspert rəyinin tamamilə cavabdeh tərəfindən təqdim olunmuş mütəxəssis rəyi ilə eyni olmasıdır. Mütəxəssis rəyi elektron baza məlumatları rəhbər götürülməklə tərtib olunmuş, tərəflərin iştirakının təmin olunması ilə yerli baxışın keçirilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının tələbinin mahiyyəti həm də elektron baza məlumatlarında səhvliyin olması və onun aradan qaldırılması ilə bağlı olmuşdur. Bu halda məhz elektron baza məlumatlarına əsasən hazırlanan rəy şübhəli qəbul edilir. Belə ki, dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən İddiaçı məxsus 1335 saylı və üçüncü şəxs Aydın Bayramova ayrılmış 1462 saylı bağ sahələri biri-birindən 192 metr kənarda yerləşir, birgə sərhədləri yoxdur və üst-üstə düşmür. Lakin Maraqlı şəxs Aydın oğluna müvafiq hüquqverici sənədlər, həmçinin xx.xx.2015-ci il tarixdə plan-ölçü sənədi tərtib edilərkən koordinatları öz yerinə, yəni 1462 saylı bağ sahəsinin ərazisinə deyil, iddiaçıya məxsus 1335 saylı bağ torpaq sahəsinin ərazisinə işlənmişdir. Cavabdeh inzibati orqanın da iddiaçının ilkin müraciəti üzrə imtina məktubuna və daha sonra etiraz ərizəsinə, apellyasiya şikayətinə diqqət edildikdə aydın görünür ki, “iddiaçı tərəfindən təqdim edilmiş 1335 saylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğundu. Lakin idarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlər əsasında Maraqlı şəxs adına **********40 reyestr nömrəsi ilə 1462 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir ”. Cavabdeh orqanın qeyd edilən imtinasından o nəticə hasil olur ki, vaxtilə DTXK tərəfindən 3-cü şəxsə dair elektron kadastra işlənmiş məlumat düzgün olmamışdır. Belə ki, iddiaçının iddia etdiyi bağ (1335 saylı) nömrə ardıcıllığına görə göstərilən yerə uyğundur. Göstərilənlərə əlavə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair uzun illər ərzində müvafiq ödənişlər etməsi, hasar qonşusunun vaxtilə bacısı və qardaşına ayrılmış bağ sahələri olması və iddia etdiyi bağın nömrə ardıcıllığına görə göstərilən yerə uyğun olması onu deməyə əsas verir ki, müvafiq inzibati orqan tərəfindən 3-cü şəxsin kadastr məlumatları elektrona səhv işlənilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. İş üzrə təkrar apellyasiya baxışı zamanı ekspert rəyi vermiş “X14” MMC-nin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli, 33 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cı il tarixli 10/1723 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyindən birinci instansiya məhkəməsində çəkilmiş prosessual xərclərdən əlavə 300 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq, “X14” MMC-nin bank hesabına, 50 manat isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 300 (üç yüz) manat isə “X14” MMC-nin Kapital bank ASC-nin Sahil filialında olan bank hesabına (AZ64AİİB400900C**********208) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar