Məhkəmə qərarları › İş №2-1(103)-220/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-220/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-220/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1786/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “təyin edilmiş pensiyanın xx.xx.2020-ci il tarixdən azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi, cavabdehin **********0 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, əmək pensiyanın azaldıldığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən, əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: xx.xx.1954-cü il tarixdə doğulmuş, xx.xx.1984-xx.xx.1990-cı illərdə AR X4 Təchizat Komitəsində baş mütəxəssis, xx.xx.1991-xx.xx.1997-ci illərdə AR Material ehtiyatları nazirliyində 1-ci dərəcəli mütəxəssis-aparıcı mütəxəssis vəzifələrində işləmiş, xx.xx.2010cu il tarixdən ona DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmiş və 2020-ci ilin dekabr ayınadək cari pensiya məbləğləri ona ödənilmişdir. Daha sonra DSMF-nin Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində qulluq stajı 06 il 04 ay 10 gün olması müəyyən edilməsi müəyyən edilərək pensiya təyin olunarkən onun qulluq stajının düzgün hesablanmadığı əsası ilə pensiya məbləği azaldılmışdır. Bununla yanaşı xx.xx.2013-cü ildən xx.xx.2020-ci il tarixədək ona ödənilmiş 17.434 manat pulun geri ödənilməsi tələb olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərinin əsassız hesab edilərək əvvəlki vəziyyətinə bərpa edilməlidir. Belə ki, yuxarıda da sadalanan hallardan göründüyü kimi iddiaçının 12 il 04 ay 16 gün dövlət qulluğu stajı mövcud olmuş, xx.xx.2017-ci ilə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 20-ci maddəsinə əsasən ona, haqlı olaraq, qulluq stajına əsasən vəzifə maaşının 80% məbləğində pensiya təyin olunmuşdur. Cavabdeh tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən pensiyanı azaltmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixindən DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona xx.xx.2012-xx.xx.2022-ci illərdə ümumilikdə 20934,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin büdcəyə qaytarılması Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmış, bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi ona bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1786/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: İddiaçı təyin edilmiş pensiyanın xx.xx.2020-ci il tarixdən azaldılmasına yönəlmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının hərəkətləri əsassız hesab edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********0 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Əmək pensiyanın azaldıldığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki,araqşdırma zapmanı müəyyən olunqmuşdur ki, idddiaçının əmək pensiyası Əmək pensiyalarıhaqqında Qanunun 20.11.2-ci maddəsinəin 1xx.xx.2017-ci il taprizəjdək qüvvədə olan əsasən qüvvədə olmuş redaksiyasına əsaəən 6 il 4 ay 1-gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (715,12 manat) 47 faizi -336,11 manat məbləğində müəyyən olunmuşdur. Lak5in xx.xx.2013-xx.xx.2018-ci il tarixdəri arasında kı dövr ərzinjdə ona hər py 512,68 manat əmək pensiyası ödənilmişdir. Bu səbəbədən həmin dövr ona artıq pul vəsaitin ödəndildiyi aşkar edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ərizəsinə, cavabdehin iddiaçıya ünvanladığı imtina məhktubuna və hazırkı apellyasiya şikayətinə və pensiya işinə dair sənədlərə əsasən DSMF-nin xx.xx.20212-ci il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixdən iddiaçıya 56 yaşından sabiq dövlət qulluqçusu kimi orta aylıq əmək haqqının 80 faizi məbləğində əmək pensiyası təyin edildiyi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələləndirilən halları isə onunla səciyyənlənir ki, DSMF-nin Daxili Nəzarət Departamenti tərəfindən aparılmış audit nəticəsində aşkar olunmuşdur ki, iddiaçıya Əmək pensiyaları haqqında Qanunun 20.11.2-ci maddəsinin xx.xx.2017-ci il tapridək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 4 ay 1-gün qulluq stajına uyğun olaraq təyin edilən əmək pensiyası orta aylıq əmək haqqının (715,12 manat) 47 faizi - 336,11 manat məbləğində olduğu halda, ona xx.xx.2013-xx.xx.2018-ci il tarixdəri arasındakı dövr ərzində ona hər ay 512,68 manat əmək pensiyası ödənildiyi müəyyən olunaraq, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə (i.v.34 ) pensiya məbləği 433 manata qədər azaldılmışdır. Konkret halda iddiaçı cavabdehin həmin qərarının ləğv edilməsini və əmək pensiyasının azaldıldığı xx.xx.2020-ci il tarixdən əvvəlki vəziyyətinə bərpa edilməsini birinci instansiya məhkəməsindən tələb etmiş, məhkəmə tərəfindən onun tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki cavabdeh tərəfindən iddiaçının pensiyasının artıq ödənilmiş pensiya adı ilə azaldılaraq artıq məbləğin tutulması inzibati və əmək pensiyları haqqında hüquq normalarına uyğun olmamışdır. Birincisi ona görə ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsi nəzərədə tutur ki, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Digər tərəfdən, 39.1-ci maddəsinin cavabdehin qərarı qəbul olunduğu vaxt qüvvədə olan redaksiyasına görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdehin mübahisələndirilən qərarından isə görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq qəbul edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən qərar qəbul olunarkən inzibati icraat qaydalarına da riayət olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, birincisi, DSMF-nin Yasamal rayon şöbəsinin iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması barədə qeyd olunan qərarı ləğv edilməmiş, qüvvəsindədir. Başqa sözlə, ona münasibətdə cavabdehin hüquq sələfininin qəbul etdiyi əlverişli inzibati aktı qüvvədə olduğu halda, ona xx.xx.2012-ci il tarixdən təyin olunmuş pensiya ödənişnin xx.xx.2022-ci il tarixli qərarla yenidən hesablanraq 433,91 manat səviyyəsinə endirilməsi yolverilməzdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, iddiaçı, pensiya işi araşdırılıb pensiyanın yenidən hesablanması barədə qərar qəbul olunarkən, cavabdeh tərəfindən inzibati icraat aparılmamış, həmin icraata iddiaçı cəlb olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati aktı qəbul etmək inzibati orqanın vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına əsasən isə cavabdeh orqan tərəfindən inzibati qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən olunmur. Burada, həm də iddiaçının pensiyaçı kimi etimad göstərdiyi DSMF-nin Yasamal rayon şöbəsinin qərarına olan etimadı da inzibati icraat haqqında hüquq normalarına zidd olaraq pozulmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə iddiaçı tərəfindən yol verilməmiş, ümumiyyətlə, apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən pensiyaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verilməsi ilə bağlı heç bir əsaslandırma mövcud deyil və bununla əlaqədar cavabdeh tərəfindən dəlil-sübut da məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «…Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdeh tərəfindən iddiaçının pensiyasının xx.xx.2022-ci il tarixli qərarla dayandırılaraq ondan xx.xx.2012-xx.xx.2022-ci illər ərzində ödənilmiş 20934,90 manat məbləğində pensiya vəsaitinin büdcəyə qaytarılmasının tələb olunmasının inzibati icraat haqqında hüquq normalarına və Avropa Məhkəməsinin presedent qərarlarına zidd olduğu sübuta yetiriilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə dair məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1786/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1786/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar