Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2200/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 13 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 13 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3109/2021 saylı 26 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 246 saylı 27.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 25.10.1981-cı il tarixdən 15.11.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus AZE seriyalı ******* saylı 12.11.1985-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 10.06.1981- ci il tarixdə öz xahişi ilə kolxozda işləmək üçün kolxoz üzvlüyünə qəbul edilmiş, 20.10.1985-ci ildə öz xahişi ilə başqa yerə oxumağa getdiyi üçün kolxoz üzvlüyündən azad edilmişdir, 03.01.1986-cı il tarixdən “Xəzərdənizgəmiçiliyi” “Zaqfederasiya” adına Gəmi Təmiri zavodunda qaynaqçı köməkçisi, 15.11.1988-ci il tarixdən gəmi takelajçısı şagirdi, 16.12.1988-ci il tarixdən (Gövdə sahəsinə) 2-ci dərəcəli gəmi takelajçısı, 03.11.1989-cu il tarixdən 3-cü dərəcəli gəmi takelajçısı, 16.03.2007-ci il tarixdən 4-cü dərəcəli gəmi takelajçısı, 05.01.2010-cu il tarixdən 5-ci dərəcəli gəmi takelajçısı, 03.02.2014-cü il tarixdən Mexaniki təmir sexində 3cü dərəcəli takelajçı, 15.05.2014-cü il tarixdən Mexaniki təmir sexində 4-cü dərəcəli takelajçı, 02.02.2015-ci il tarixdən Mexaniki təmir bölməsində 5-ci dərəcəli takelajçı peşəsində işləmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin 25 saylı 20.02.2020-ci il tarixli arayışından görünür ki, Ağdaş rayon Qoşaqovaq kənd sabiq “Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1980-ci il, il ərzində adam günü 180, pulu 360 manat, iş nömrəsi 145, vərəqə nömrəsi 42; 1981-ci il, il ərzində adam günü 180, pulu 371 manat, iş nömrəsi 150, vərəqə nömrəsi 59; 1984-cü il, il ərzində adam günü 238, pulu 631 manat, iş nömrəsi 171, vərəqə nömrəsi 15; 1985-ci il, il ərzində adam günü 181, pulu 426 manat, iş nömrəsi 176, vərəqə nömrəsi 13. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin 73 saylı 19.04.2021-ci il tarixli arayışından görünür ki, Ağdaş rayon Qoşaqovaq kənd sabiq “Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1980-ci il, vəzifəsi kolxozçu, minimum adam günü 240, il ərzində adam günü 180, pulu 360 manat, iş nömrəsi 145, vərəqə nömrəsi 42; 1981-ci il, vəzifəsi kolxozçu, minimum adam günü 240, il ərzində adam günü 180, pulu 371 manat, iş nömrəsi 150, vərəqə nömrəsi 59; 1984-cü il, vəzifəsi kolxozçu, minimum adam günü 200, il ərzində adam günü 238, pulu 631 manat, iş nömrəsi 171, vərəqə nömrəsi 15; 1985-ci il, vəzifəsi kolxozçu, minimum adam günü 200, il ərzində adam günü 181, pulu 426 manat, iş nömrəsi 176, vərəqə nömrəsi 13. İddiaçı oğlu onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh iddiaçıya ünvanlanmış **********4 saylı 17 mart 2020-ci il tarixli və **********5 saylı 13 oktyabr 2020-ci il tarixl imtina məktublarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, yəni 13 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-1981 və 1984-1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) vəzifəsində işləmişdir. 03.01.1986-cı il tarixdən X7 Təmiri zavodunda qaynaqçı köməkçisi kimi əmək fəaliyyətini davam etdirmiş, həmin tarixdən bu günədək həmin idarədə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun 01.01.2006-cı il tarixədək ümumi əmək stajı 26 il 01 ay 10 gün, güzəştli iş stajı 16 il 01 ay 15 gün təşkil edir. Onun işlədiyi peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2150300a-18451- çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun 1980-1981 və 1984-1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) vəzifəsində işləməsi faktının təsdiq edilməməsi səbəbindən tələbinin təmin olunmasından imtina edilmiş, bununla bağlı hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi bildirilmişdir. O, hüquqi faktın müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 iyun 2020-ci il tarixli qərardadı ilə onun hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin sözügedən qərardadında da iddiaçının 1980-1981 və 1984-1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) vəzifəsində işləməsi öz əksini tapmışdır. Bundan sonra o, ikinci dəfə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən eyni məzmunlu cavab verilmiş və pensiya hüququnun təminatından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etirazın məzmunu iddiaçıya ünvanlanmış imtina məztubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3109/2021 saylı 26 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 13.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli şəraitdə işlədiyini iddia etdiyi məsələlər məhkəmə tərəfindən araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq orqanlara sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 13.10.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 08.12.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun ümumi stajının 25 ildən az təşkil etməsinə istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə, 01.01.2006-cı il tarixinə qədər ümumi iş stajı (25 il 06 ay 20 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi xidmətdə olması barədə arayışı, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 246 saylı 27.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 25.10.1981-cı il tarixdən 15.11.1983-cü il tarixədək (2 il 20 gün) keçmiş SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, güzəştli iş stajı ilə bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının kifayət qədər olmaması (25 ildən az olması) təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, əmək fəaliyyətinə ilk olaraq “Şirvan” kolxozunda 1980-ci ildə başlamış, həmin kolxozda 1980, 1981, 1984 və 1985-ci illərdə kolxozçu fəhlə işləmiş (bu barədə arxiv arayışı da var), sonradan 03.01.1986-cı il tarixdən 16.03.2007-ci il tarixədək və 05.01.2010-cu il tarixdən 06.09.2017-ci il tarixədək Gəmi Təmiri Zavodunda işləmişdir. Onun əmək kitabçasındakı məlumatlara əsasən 03.01.1986-cı il tarixdən 01.01.2006-cı il tarixə olan ümumi stajı 19 il 11 ay 27 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İşdən göründüyü kimi, iddiaçının 25 ildən artıq ümumi stajının tamam olması ilə bağlı istinad etdiyi hal onun 1980, 1981, 1984, 1985-ci illərdə Ağdaş rayon Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) kimi işləməsi ilə bağlıdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin 25 saylı 20.02.2020-ci il tarixli və 73 saylı 19.04.2021-ci il tarixli arayışlarında iddiaçının həqiqətən də həmin illərdə sözgedən kolxozda işləyərək əmək günü və əmək haqqı qazanmasına dair qeydlər öz əksini tapmışdır: 1980 və 1981-ci illərdə minimum adam günü 240 gün olduğu halda iddiaçı kolxozda həmin illərdə hər il 180 gün, yəni hər il 9 ay (180 x 12 ay : 240 = 9 ay), 1984 və 1985-ci illərdə isə minimum adam günü 200 gün olduğu halda iddiaçı 1984-cü ildə 238 gün, yəni 1 il (minimum 200 adam günü normasından artıq olduğu üçün 1 il sayılır), 1985-ci ildə isə 181 gün, yəni 9 ay (181 x 12 ay : 200 = 10 ay) işləmişdir ki, bu da cəmi 3 il 6 ay (9 ay + 9 ay + 1 il + 10 ay) təşkil edir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, iş üzrə iddiaçının hərbi xidmət dövrü (2 il 20 gün), 1980, 1981, 1984 və 1985-ci illərdə “Şirvan” kolxozunda işlədiyi dövr (3 il 6 ay) və əmək kitabçasındakı məlumatlara əsasən stajı (19 il 11 ay 27 gün) nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 6 ay 16 gün ümumi stajının olduğu müəyyən olunur. Nəzərə alınmalıdır ki, xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Buna baxmayaraq Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Azərbaycan X7çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 03.03.2020-ci il tarixli RM 01/28 nömrəli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Azərbaycan X7çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Mexaniki təmir bölməsində takelajçı peşəsində işləyir. O, 15.11.1988-ci il tarixdən “Xəzərdənizgəmiçiliyi” “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu Gövdə sahəsində gəmi takelajçısı şagirdi, 16.12.1988-ci il tarixdən 2-ci dərəcəli gəmi takelajçısı, 03.11.1989-cu il tarixdən 3-cü dərəcəli gəmi takelajçısı, 16.03.2007-ci il tarixdən 4-cü dərəcəli gəmi takelajçısı, 05.01.2010-cu il tarixdən 5-ci dərəcəli gəmi takelajçısı, 03.02.2014-cü il tarixdən Mexaniki təmir sexində 3-cü dərəcəli takelajçı peşəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi təmiri zavodu adlandırılmışdır. Qeyd olunan peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2150300a-18451 - çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 13.02.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İddiaçının “13 fevral 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə münasibətdə qeyd olunmalıdır ki, ona pensiya 13.02.2020-ci il tarixdən təyin olunduğundan alınmamış pensiya məbləğinin ödənilməsi üçün qanunla müəyyən edilmiş 3 illik müddət keçmir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3109/2021 saylı 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2200/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2200/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver