Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2201/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5096/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2023 tarixli, NA00019996 nömrəli Qərarının ləğv edilməsi və ona aid 36194 nömrəli bakalavr diplomunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, NA00019996 nömrəli qərarın ləğv edilməsi və 36194 nömrəli Menecement ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-2019-cu illərdə Türkiyə Respublikası Atatürk Universiteti Biznes İdarəçiliyi fakültəsinin Menecment bölməsi üzrə distant formalı təhsil almış, təhsilini xx.xx.2019-cu il tarixində bitirərək 36194 nömrəli diplom almışdır və bununla da ona Universitet tərəfindən Bakalavr ali-ixtisas peşə dərəcəsi verilmişdir. Diplom müvafiq qaydada apostil edilmiş və notarial qaydada təsdiq olunmuşdur. Atatürk Universiteti Türkiyə Ali Təhsil Şurasının (YÖK-X11) müvafiq qərarı əsasında Azərabycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada təhsil almağına imkan yaratmışdır. Tərəfindən xx.xx.2023-cü il tarixində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyaya) dair cavabdehə lazımi qaydada müraciət edilərək adı çəkilən diplomun tanınması üçün müraciət edilmişdir. Lakin cavabdeh qurum xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2023cü il tarixli, NA00019996 nömrəli Qərar qəbul edərək xarici təhsilə dair kvalifikasiyanın tanınmasından imtina etmişdir. Cavabdeh öz qərarını “açık öğretim” təhsilalma formasının ənənəvi təhsilalma formasına aid olmamasını, habelə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən az üçdə ikisində təlim metodlarına əsaslanan formal təhsilə uyğun olmaması ilə əsaslandırmışdır. Qeyd olunan qərar əsassız və qanunsuz olaraq qəbul edildiyindən ləğv edilməli və cavabdehin üzərinə kvalifikasiya şəhadətnaməsinin verilməsi, diplom üzrə ixtisasın tanınmasına dair vəzifə qoyulmalıdır. Belə ki, cavabdeh öz qərarını “açık öğretim” təhsilalma formasının ənənəvi təhsil formasına aid olmamasını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023 tarixli “Xarici dövlətlərin ali təhsil yardım kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1 və 4.1.5-ci bəndlərinə istinad etsə də, həmin müddəalarda distant təhsillə bağlı heç bir məsələ tənzimlənmir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Qanunun 1.0.9-cu maddəsinə əsasən distant (məsafədən) təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqramtexniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Təhsil aldığı “açık öğretim” təhsil forması da həmçinin, bu anlayışa uyğun gəlməklə birlikdə, bakalavr diplomuna əlavə edilmiş qiymətlər cədvəlindən və ümumvətəndaş pasportundakı giriş-çıxış möhürlərindən də göründüyü kimi, təhsil aldığı müddətdə istər distant, istərsə də Türkiyədə üzbəüz müəyyən edilmiş bütün imtahan və yoxlamalardan uğurla keçmiş və bütün təhsil proqramını yetərli səviyyədə mənimsəmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-5096/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” 1.12.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı verilmiş Türkiyə Respublikasının Atatürk Universitetinin 36194 nömrəli, Menecment ixtisasının tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Təhsildə X1rşı Türkiyə Atatürk Universiteti tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, 36194 nömrəli bakalavr diplomu üzrə əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 73.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən təhsilalma formaları üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. İddiaçı məxsus diplomun surətindən görünür ki, o, “İdarəetmə” fakültəsinin 5 illik təhsilini tamamlayaraq xx.xx.2019-cu il tarixli diplom əldə etmişdir. İddiaçının diplom əlavəsində onun təhsilalma formasının açıq öyrətim (açıq təhsil) olduğu qeyd edilir. Ali təhsil pilləsinin dövlət standartı və proqramı təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmiş və nəzərdə tutulmamışdır. İddiaçının təhsilalma forması üzrə təhsilalma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və programı”nın tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərizəçinin təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. Ərizəçinin əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə Azərbaycan Respublikasında belə təhsil formasına (açıköğretim) yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya tələblər arasında qeyd olunmuşdur. Məhkəmə öz qərarının əsaslandırmasında distant təhsilin tədris normativlərinin mövcud olmamasını əsas gətirmişdir ki, halbuki cavabdeh orqanın yeni normativ hüquqi akta əsaslanan imtina qərarında bu məsələyə ümumiyyətlə toxunulmamış, imtina aktı bu fakta əsaslanmamışdır. Qəbul edilmiş imtina qərarı Qaydaların tanınmaya dair tələblərinə əsaslanmışdır ki, həmin tələblərin nəzərdə tutulduğu norma ilə əyani və qiyabi olmayan təhsil forması üzrə tələbələrin xarici dövlətdə ümumi təhsil dövrünün üçdə biri qədər tədrisə cəlb olunmasına yol verilir. “Açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “X3” haqqında Qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olunan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyil. Həmçinin bu hal özünü iddiaçının təhsil aldığı müəssisənin agentliyə ünvanlamış olduğu məktubda “açıköğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd etməsi ilə də özünü təsdiqləyir. Açık öğretimlə təhsilverən ölkə (Türkiyə) öz vətəndaşlarının xarici ölkədə açık öğretim təhsil forması ilə təhsil almış tələbələrin əldə etdikləri xarici kvalifikasiyaları tanımadığı halda Azərbaycan Respublikasında açık öğretim təhsil forması ilə xarici ölkədə təhsil almış tələbələrin əldə etdikləri xarici kvalifikasiyaların tanınması, həmçinin qeyd olunan təhsil formasının Azərbaycan Respublikasında mövcud olan dörd təhsil formasına (əyani, qiyabi, distant, ekstrenat təhsil) uyğun gəlmədiyi təqdirdə məhkəmə əsassız olaraq qərar qəbul etmişdir. Belə ki, “açıköretim” təhsil formasında tələbə dərsləri tədris edən mentorla heç bir ünsiyyət, əlaqə qurmadan sadəcə dərs materiallarına və ya audio-video yazılar istifadə edilməklə tədris prosesində iştirak edir. Qeyd olunanlara əsasən məlum olur ki, açık öğretim və uzaktan eğitim oxsar texnologiyadan istifadə edilsədə, fərqli təhsil formasıdır. Birinci İnstansiya Məhkəməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Qaydaların müvafiq bəndini normativ hüquqi aktın aid olduğu mərkəzi icra hakimiyyətinin əks etdirdiyi iradəsini nəzərə almadan, normativ aktın qəbul edilməsi məqsədlərinə tamamilə zidd bir şəkildə təfsir etməyə çalışmışdır. Cavabdehin tanınma haqqında şəhadətnamənin verilməsindən imtina qərarı normativ aktla tamamilə əsaslıdır və normativ hüquqi aktın ona verdiyi ona verdiyi diskresion səlahiyyət əsasında qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00019996 nömrəli xx.xx.2023-cü il tarixli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan X5 Universiteti tərəfindən verilmiş 36194 nömrəli, xx.xx.2019cu il tarixli bakalavr diplomuna əsasən Açıq Təhsil Fakültəsindəki təhsilini müvəffəqiyyətlə başa vuraraq, Türkiyə Respublikasının qanunlarının verdiyi hüquq və səlahiyyətlərdən istifadə etmək üçün bu Diplomu almağa layiq görülmüşdür. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. 1.5-ci bəndinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir. Bakalavriatı bitirən məzunlara “bakalavr”, əsas (baza ali) tibb təhsilini bitirən məzunlara isə “həkim” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1004-VQ saylı Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”:
1. Hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.
12. Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İşin faktiki halları ondan ibarətdir ki, Atatürk Universiteti tərəfindən 12 may 2019-cu ildə verilmiş 36194 nömrəli bakalavr diplomuna əsasən İddiaçı Atatürk Universitetini bitirmiş və ona Bakalavr dərəcəsi verilmişdir. İddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının təlim müddəti ərzində təhsil aldığı “açık öğretim” təhsilalma formasının Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında təhsilalma forması kimi nəzərdə tutulmadığını, "açık öğretim" təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin müddəalarına görə “distant” təhsil forması digər təhsil formalarından fərqli olmaqla yanaşı, müxtəlif səciyyəvi xüsusiyyətlərə malikdir. Belə ki, distant forma - təhsil prosesinə xas olan bütün komponentləri (məqsədlər, məzmun, metodlar, təşkilati formalar, tədris vasitələri) əks etdirən və internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil formasıdır. Distant təhsil (uzaktan öyretim) təhsilalanlarla təhsilverənlər (müəllimlər) arasında bilavasitə kontakt, ünsiyyət olmadan məsafədən əlaqəni təmin edən texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Yəni distant təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə etməklə məsafədən öyrənməyə imkan verən müasir təcrübədir. Qeyd olunmalıdır ki, qanunvericilik distant formada təhsilin təşkili qaydalarını şərtləndirməsə belə, iddiaçının təhsil aldığı ölkə ilə Azərbaycan Respublikası Höküməti arasında təhsil sahəsində əməkdaşlıq münasibətləri mövcuddur ki, bununla da iddiaçının distant təhsil formasının təsdiq edilməsi üçün müəyyən əsaslar yaranır. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom tanınması üçün kifayət qədər zəruri əsasdır. “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması qanunverici tərəfindən mövcud xarici təcrübə nəzərə alınaraq təsbit olunmuşdur. Bu baxımdan, həm də nəzərə alınmalıdır ki, həmin Qanunla ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili ilə bağlı qanunvericilik və tədris bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. İstinad olunan Qanunun qəbulundan keçən müddət ərzində səlahiyyətli orqanlar tərəfindən qanunun həmin tələbinin yerinə yetirilməməsi, yəni distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi və tədris proqramlarının hazırlanmaması şəxsin distant (məsafədən) təhsil alma imkanlarının məhdudlaşdırılmasını şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Distant təhsilin xüsusi forması olan açıq təhsil - tədrisin onlayn formada həyata keçirildiyi təhsil formasıdır. Təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir. Açıq təhsil təhsilə çatım imkanlarının genişləndirilməsi məqsədlərinə xidmət edir. Belə ki, açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil formasından fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsil formasıdır. Göründüyü kimi, təhsil sahəsində mövcud olan qanunvericilikdə distant təhsilalma forması təsbit olunsa da, ali təhsil səviyyəsinin bakalaviriat pilləsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmamasına və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsinə baxmayaraq, iddiaçıya xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş, onun distant təhsil üzrə xarici dövlətin ali təhsil proqramını müvəffəqiyyətlə bitirməsini və ona bakalavr ali ixtisas dərəcəsinin verilməsini təsdiq edən diplom mövcuddur. Qeyd olunan halların mövcudluğuna isə iddiaçı cavabdehlik daşımır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5096/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.