Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2203/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 1975-ci ildə əmək fəaliyyətinə başlamış, 2006-cı ilə qədər 26 il ümumi, 14 il 16 gün xüsusi (güzəştli) stajı vardır. Bununla əlaqədar xx.xx.2021-ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun fərdi hesabnın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçıya münasibətdə qanuna görə pensiya kapitalı 38.000,00 manat tələb olunduğu halda, onun fərdi hesabında 23.714,87 manat təşkil edir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 1.8-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39.200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı, cəmi, 20.876,63 manat təşkil edir. Məhkəmənin qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Miriyeva apellyasiya şikayətini müdafiə etdiyini, eyni zamanda məhkəmənin qərarda iddiaçıya müraciət etdiyi gündən əvvəlki 3 ilə görə pensiyasının hesablanıb ödənilməsi məsələsinin açıq qaldığını bildirərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, eyni zamanda, pensiyasının pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki üçün hesablanıb ödənilməsinə etirazı olmamışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi göstərilmişdir. Cavabdehin işə əlavə olunmuş imtina məktubunun və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinadən onun tərəfindən “2006-cı il tarixinədək qüvvədə olan pensiya qanunvericilyinin tətbiq edilməli olduğu və güzəştli şərtlərlə pensiya təyin olunması üçün iddiaçının müvafiq yaş həddinə çatdığı və onun azı 25 il ümumi iş stajına malik olduğu və bu stajın 12 il 6 aydan çoxunu 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışdığı mübahisələndirilmir. Hər bir halda, iddiaçının iş materiallarına (şəxsiyyət vəsiqəsinə (Bakı ş., Nizami RPİ xx.xx.2003, No ********), əmək kitabçasının (xx.xx.1979,İT-İ ******* No) surətinə, orta ixtisas təhsilinə dair 11 nömrəli Bakı Texniki Peşə məktəbinin diplomun (xx.xx.1978, No784830) surətlərinə, Nizami rayon hərbi Komissarlığı tərəfindən Hərbi biletin əvəzinə verilmiş xx.xx.2000-ci il 216 No-li Arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1960cı i təvəllüdlü iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixində tamamlanır və onun 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1975 - xx.xx.1978: “elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil müddəti - 2 il 10 ay 23 gün ; xx.xx.1978 - xx.xx.1979: “Azərneftkimyamontaj” tresti 2 saylı Bakı Quraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı- 1 il 8 ay 11 gün; xx.xx.1979 - xx.xx.1981: hərbi xidmət müddəti - 2 il 1 ay 29 gün; xx.xx.1981 - xx.xx.1995: “Azərneftkimyamontaj” tresti 2 saylı Bakı Quraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı – 14 il 7ay 15 gün xx.xx.1998-xx.xx.2000: “Telovik” firmasında elektrik qaynaqçısı -1 il 7 ay 21 gün; xx.xx.2000-xx.xx.2001: “Qafqazenerjiquraşdırma” tresti avto-təmir müəssisəsində elektrik qaynaqçısı - 1 il 2 ay 26 gün; xx.xx.2001-xx.xx.2003: “X1” MMC-də elektrik qaynaqçısı –2 il 25 gün; xx.xx.2004 – xx.xx.2006 “Dalğa İKF-də elektrik qaynaqçısı – 1 il 3 ay 23 gün; İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinədək 26 il 1 ay 15 gün, yəni, 25 ildən çox ümumi iş stajı müəyyən olunur ki, həmin müddətin də 22 il 7 ayını, yəni 12 il 6 aydan çoxunu 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şriftində nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışmışdır. İşə əlavə olunmuş Xəzər İnşaat XXİ əsr MKT tərəfindən iddiaçıya verilmiş “Güzəştli arayış”da da təsbit olunur ki, iddiaçının 1981-1995-ci illərdə “Azərneftkimyamontaj” tresti 2 saylı Bakı Quraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı kimi işlədiyi peşə - hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” “35-ci “Ümumi peşələr” bölməsində də nəzərdə tutulmuşdur. Beləliklə də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, iddiaçının 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Lakin cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştlə şərtlərlə pensiya təyin edilməsi üçün 2006-cı ilə qədər zəruri olan azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğunu qəbul etsə də, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 1.8-ci maddələrinə istinadən hesab edir ki, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı da mövcud olmalıdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi düzgün təfsir olunmur. Belə ki, Qanunun qeyd olunan normasının mənasından açıq-aşkar göründüyü kimi, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staja malik olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunvericiliyə müvafiq surətdə təyin edilir. Belə olan halda, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Beləliklə də cavabdehin apellyasiya şikayətinin, iddiaçının fərdi hesabınada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq minimum pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olmadığını və onun güzəştli pensiya yaş həddinə çatmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 57 yaşından pensiya təyin olunmasının cavabdehə həvalə edilməsi əsaslıdır. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə əlavə olunmuş, cavabdehinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, pensiya təyinatı barədə iddiaçının cavabdehə müraciəti həmin qüruma xx.xx.2021-ci il tarixində daxil olmuşdur. “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi qərarında tərəfindən Qanunun qeyd olunan norması ilə müəyyən olunan pensiyanın ödənilmə qaydasını diqqət yetirməmiş, iddiaçıya onun cavabdehə müraciəti etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən pensiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə həmin nöqsan aradan qaldırılmalıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunazidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinn 2-1(112)-3750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı - nəticə hissəsində “İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” sözlərindən sonra, “və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı nəticə hissəsində “İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” sözlərindən sonra, “və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2203/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2203/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver