Məhkəmə qərarları › İş №2-1(103)-2203/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2203/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2203/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə4, Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarlarına əsasən ayrılmış torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2684/2025 saylı qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarlarına əsasən ayrılmış torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə yazılı ərizə ilə müraciət edərək istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Öz növbəsində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi xx.xx.2007-ci il tarixli, 121 saylı qərarı ilə 2.4 ha və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarla 2.3 ha torpaq sahəsini alqısatqı yolu ilə İddiaçı mülkiyyətinə verdi. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək iki bələdiyyə qərarı üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ona vahid çıxarışın verilməsini xahiş etmişdir. Lakin adı çəkilən qurum xx.xx.2024-cü il tarixində təzadlı cavab verərək İddiaçı ərizəsinə imtina vermişdir. Halbuki, sənədlər tələb olunan qaydada təhvil verilmişdir. Qeyd edilən torpaq sahələrinin üzərində əmlak kompleksi vardır və ******* saylı çıxarışla bu fakt öz əksini tapmışdır. Torpaq sahəsinə dair verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0409, kod ********) hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan torpaq sahəsinin 90 metr məsafəsində işlək vəziyyətdə olan neft quyusunun baza məlumatı mövcuddur. Həmçinin, ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmiş, dövlət mülkiyyəti torpağıdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 6750.0 kv.m. qeyd olunsa da, faktiki 36377.0 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şosesi, 4-cü km, 3 ünvanında olan, **********42-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin xx.xx.2012-ci il tarixli texniki pasportunda göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində ilkin olaraq müəyyən olunmuşdur ki, X Y 398194.1130 4479987.6330 398333.8000 4480018.2330 398332.6140 4479965.4180 398250.4230 4479947.3060 398239.1520 4479945.6430 398228.1210 4479945.6530 398216.5380 4479948.5860 398208.3510 4479952.0680 398200.7460 4479957.3510 koordinatlarında olan sözü gedən 6755 kv.m. torpaq sahəsi “X4” Şirkətinin balansında olan və mancanaq dəzgahı ilə istismar olunan 142853 saylı işlək neft-qaz quyusunun 138 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq bildirilir ki, Elektron Məhkəmə Sisteminə (elektron kabinet) əlavə olunan sənədlərdə həmin əmlak kompleksi kimi müəssisənin təyinatını müəyyən etmək mümkün olmadığından, müəssisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndində göstərilən obyektlərin hansına aid olmasını müəyyən edən sənəd təqdim edildikdən sonra daha dəqiq rəy verilməsi mümkün olacaqdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyular ilə yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasındakı mühafizə zonası minimum 150 metr, ictimai binalarla (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçasıkörpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 250 metr, sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları ilə 50 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2684/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarlarına əsasən ayrılmış torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan torpaq sahəsinin 90 metr məsafəsində işlək vəziyyətdə olan neft quyusunun baza məlumatı mövcuddur. Həmçinin, ərazinin bir hissəsi yüsək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. İdarənin mütəxəssislərinə idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 6750.0 kv.m. qeyd olunsa da, faktiki 36377.0 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamış, torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elektron Məhkəmə Sistemində (elektron kabinet) olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şosesi,4-cü km, 3 ünvanında olan, **********42-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin xx.xx.2012-ci il tarixli texniki pasportunda göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində ilkin olaraq müəyyən olunmuşdur ki, X Y398194.1130 4479987.6330 398333.8000 4480018.2330 398332.6140 4479965.4180 398250.4230 4479947.3060 398239.1520 4479945.6430 398228.1210 4479945.6530 398216.5380 4479948.5860 398208.3510 4479952.0680 398200.7460 4479957.3510 koordinatlarında olan sözü gedən 6755 kv.m torpaq sahəsi “X4” Şirkətinin balansında olan və mancanaq dəzgahı ilə istismar olunan 142853 saylı işlək neft-qaz quyusunun 138 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, “X4” Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumumüvafiq inzibatiaktlar qəbuledərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Hesab edirlər ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, cavabdeh torpaq sahəsinin 90 metr məsafəsində işlək vəziyyətdə olan neft quyusunun olmasını bildirir. Lakin əminliklə bildirilir ki, qeyd olunan ərazidə işlək vəziyyətdə olan neft quyusu yoxdur. Bu kimi halları təsdiq edə biləcək dron çəkilişi mövcuddur. Həmin çəkilişdən də görünür ki, 1 kv.m. belə olsun artıq torpaq sahəsi mövcud deyil. Əks halda birinci instasniya məhkəməsinin qərarında artıq torpaq sahəsinin harada olması göstərilərdi. Hasarın sonunda göl mövcuddur. Göldən isə iddiaçının istifadə edə bilməsi mümkün deyil. Torpaq sahəsinin üzərində çıxarışa malik tikili vardır. Tikili 2.3 ha torpaq sahəsinin ərazisi daxilindədir. Qalan sahə isə 2.4 ha torpaq sahəsinin içərisindədir. Torpaq sahəsinə dair hər hansı başqa şəxsin iddiası yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarlarına əsasən iddiaçıya torpaq sahələrinin ayrılmasını təsdiq etdi və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir (*nümayəndəsi və vəkili X2 iki dəfə keçirilmiş məhkəmə iclasının ikisinin də təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən birinci dəfə məhkəmə iclası təxirə salınsa da, ikinci dəfə digər tərəflərin hüquqları nəzərə alınaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edildi). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı qərarına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 2.4 ha torpaq sahəsini sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Torpaqların alqı-satqısına dair akta əsasən, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı qərarı əsasında Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2.4 ha torpaq sahəsini sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 2.3 ha torpaq sahəsini sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı Güşlad oğlunun alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarı əsasında İddiaçı 2.3 ha torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair akt tərtib edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2023-сü il tarixli, 02/y-1173 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixli, 121 saylı onun istifadəsinə ayrılmış 2.4 ha torpaq sahəsinin qərarı Binəqədi qəsəbə Bələdiyyəsinin arxivində qorunub saxlanılır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2024-сi il tarixli, 02/y-347 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixli, 758/1 saylı onun istifadəsinə ayrılmış 2.3 ha torpaq sahəsinin qərarı Binəqədi qəsəbə Bələdiyyəsinin arxivində qorunub saxlanılır. - Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3- 48-2F/21965/2024 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin arxiv fondu üzrə 2007-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2007-ci il tarixli, 121 saylı və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 01MP551 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı Qərarı və sahibkarlıq məqsədi ilə 2.4 ha torpaq sahəsinin ayrılmasına aid digər sənədlər və xx.xx.2007-ci il tarixli, 758/1 saylı Qərarı və sahibkarlıq məqsədi ilə 2.3 ha torpaq sahəsinin ayrılmasına aid digər sənədlər Binəqədi qəsəbə Bələdiyyəsinin qəbul etdiyi hüquqi sənəddir. Həmin torpaq sahələrinin üçüncü şəxsə mənsubluğu yoxdur. Eyni zamanda, qeyd olunan torpaq sahələrində istehsal sahəsi kimi fəaliyyət göstərir. Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olmaqla kənd təsərrüfatı və əkinçilik sahəsinə tam yararsız hesab edilən torpaqlar sırasına aiddir. Ona görə də, iddiaçının müraciəti nəzərə alınaraq istehsal müəssisəsi kimi öz maddi xərcləri hesabına torpaq sahəsi istifadəyə yararlı hala gətirilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında neft hasilatı ilə neft buruqları ilə hər hansı əlaqəsi olmamış, hal-hazırda da yoxdur. Sözügedən ərazi istehsalat müəssisəsi kimi fəaliyyət göstərir, ətraf ərazilər bir çox sahibkarlıq müəssisələrindən ibarətdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1862 nömrəli sərəncamına əsasən, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 6.750 kv.m torpaq sahəsini sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 123 saylı sərəncamı ilə İddiaçı istifadəsində olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 6.750 kv.m. torpaq sahəsində (qərar №1862, xx.xx.2005) təqdim edilən layihə əsasında inşa edilmiş iki mərtəbəli, mansardalı qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair sərəncam verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Xırdalan Binəqədi şosesi 4-cü km, 3 ünvanında yerləşən əmlak kompleksinin ümumi sahəsi 1006,48, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında, 0.07691 ha torpaq sahəsi isə dövlətə məxsus olmaqla istifadə əsasında Dövlət qeydiyyatına alınmışdır. - Cavabdehin məhkəməyə təqdim etdiyi Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən arxiv texniki pasportuna əsasən, 6.750 kv.m. faktiki 36.377 kv.m. Faktiki olaraq göstərilən torpaq sahəsi mişar daş hasar üzərində mövcud olan tiklilərin çöl divarları ilə sərhələnib. Torpaq sahəsi üzərində, arxiv texniki pasportunda qeyd olunan А, В və C tikililəri faktiki olaraq yerindədir, bundan əlavə metal konstruksiyadan ibarət talvarlar yığılmışdır. Sahə üzərindəki tikililər transformator istehsalı olaraq fəaliyyət göstərir. Torpaq sahəsi üzərində beton istehsalı qurğusu quraşdırılmışdır. Faktiki olaraq göstərilən torpaq sahəsi yol kənarı ərazidə yerləşməklə, bir tərəfindən üzərindən 35KV-lıq YGE hava xətti keçir. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin və arxiv texniki pasportuna əsasən 6.750.0 kv.m. torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər toplusuna əlavə olundu. Torpaq sahəsinin 90 kv.m. məsafəsində neft quyusu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “ ... Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Göründüyü kimi, torpaq sahələri iddiaçının istifadəsindədi və bu halda mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Surəti iş materiallarında olan Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı Qərarı və sahibkarlıq məqsədi ilə 2.4 ha torpaq sahəsinin və Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 758/1 saylı Qərarı və sahibkarlıq məqsədi ilə 2.3 ha ölçüdə olan torpaq sahələrinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktlardır. Həmin qərarlar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsinin 90 metr məsafəsində işlək vəziyyətdə olan neft quyusunun baza məlumatı mövcuddur. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin 90 metr məsafəsində işlək vəziyyətdə olan neft quyusu mövcud olsa belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Eyni zamanda birinci instansiyası məhkəməsi cavabdehin etirazın digər əsası kimi göstərdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi, dövlət mülkiyyəti torpağı olması, eləcə də torpaq sahəsi sənəd üzrə 6750.0 kv.m qeyd olunsa da, faktiki 36377.0 kv.m təşkil etməsinə münasibətdə qeyd etmişdir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur və faktiki olaraq iddiaçının istifadəsindədir. Torpaq ayırma sənədi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmişdir. Həmin cizginin arxiv nüsxəsi aşkar edilmiş, elektron kadastr baza çıxarışına (ortofoto) əsasən cizgi ilə eynilik təşkil edir. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlillərinin aydınlaşdırılması üçün məhkəmə tərəfindən bir sıra sorğular verilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şossesi, 4-cü km., 3 ünvanında yerləşən əmlak komplesinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012ci il tarixli çıxarışın verilməsinə əsas olaraq Binəqədi rayonunun Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsinin ərazisindən istifadəsində olan 6750 kv.m. torpaq sahəsinin İddiaçı ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1862 saylı Sərəncamı və Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 123 saylı Sərəncamı çıxış etmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 123 saylı Sərəncamı ilə də təsdiq olunmuşdur ki, 6750 kv.m. torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin ərazisinə aiddir. Məhkəmə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən eyni zamanda Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 121 saylı və xx.xx.2007-ci il tarixli, 758/1 saylı qərarlarına əsasən İddiaçı ayrılmış torpaq sahələri ilə qonşu sahələrə verilmiş çıxarışların və çıxarışların verilməsinə əsas olmuş sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş və təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 4-cü km, 1C ünvanında yerləşən 4904,6 kv.m. sahəsi olan (*hal-hazırda xüsusi mülkiyyətdə olan 1,1157 ha torpaq sahəsi üzərində yerləşən) əmlak kompleksinin də ilkin dövlət qeydiyyatı bələdiyyənin sərəncamı əsasında icra edilmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “ ... Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şosesi,4-cü km, 3 ünvanında olan, **********42-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin xx.xx.2012-ci il tarixli texniki pasportunda göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində ilkin olaraq müəyyən olunmuşdur ki, X Y398194.1130 4479987.6330 398333.8000 4480018.2330 398332.6140 4479965.4180 398250.4230 4479947.3060 398239.1520 4479945.6430 398228.1210 4479945.6530 398216.5380 4479948.5860 398208.3510 4479952.0680 398200.7460 4479957.3510 koordinatlarında olan sözü gedən 6755 kv.m. torpaq sahəsi “X4” Şirkətinin balansında olan və mancanaq dəzgahı ilə istismar olunan 142853 saylı işlək neft-qaz quyusunun 138 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir”. Halbuki, iş materiallarında olan mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən, eləcə də, cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilən çıxarışlardan görünür ki, **********77-12301reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan torpaq sahəsi mübahisəli torpaq sahələrinin qonşuluğunda yerləşir. Həmin qonşu torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair çıxarışdan müəyyən edilir ki, neft şirkətinin kontrakt ərazisinə daxil edilən həmin qonşu torpaq sahələri kateqoriyasına görə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, həmin ərazidə yerləşən qonşu torpaq sahibinin hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən, ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki,“mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə “X1 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Beləliklə, yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə, iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahələrinə mülkiyyət hüququ başqa şəxslərin adlarına Dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə iddiaçının qanuni istifadəsində olan topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyildir İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayətlər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2684/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar