Məhkəmə qərarları › İş №2-1(103)-2204/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2204/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2204/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı araşdırmanın nəticəsi barədə qərar qəbul olunması və arxiv arayışının verilməsi barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, araşdırmanın nəticəsi barədə qərar qəbul olunması və arxiv arayışının verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsi (keçmiş RHK) tərəfindən qeydiyyatdan keçərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixdə atəşkəs elan edilənədək iştirak etmişdir. Sonralar isə, N və N saylı hərbi hissələrdə hərbi xidmətini davam etdirmiş, 24 yanvar 1996-cı il tarixədək döyüşən ordunun tərkibində gedən döyüşlərdə bütün növ döyüş tapşırıqlarını yerinə yetirmişdir. AR Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40.000 döyüşçüyə hərbi xidmətə girişini qeyd etsə də, oradan çıxışları (tərxisi) haqqında məlumat vermir. Bu isə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və Konstitusiya quruluşu uğrunda o dövrdə gəncliklərini itirərək döyüşən ordunun tərkibində xidmət etmiş müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ əlillərinə soyuq və biganə münasibət bəstələmək və Konstitusion hüquqlarını pozmaq və hərbi xidmət keçmək haqqında Əsasnaməyə ziddir, sözügedən təbəqənin və gənc nəslin vətən sevgisini unutdurmaqdır. Bəzi hallarda eyni təbəqədə olan insanların arxiv arayışı şablon üzrə eyni cavab olmaqla (yəni, tərxis haqqında məlumat verilməsi mümkün deyil, yaxud hərbi hissənin nizami hissə üzrə əmrləri daxil olunmadığına görə məlumat verilməsi mümkünsüzdür, şəxsin atasının adı düzgün yazılmamışdır və s.) cavablandıraraq 1-ci Qarabağ müharibəsinin döyüşçülərinə qarşı ədalətsizlik edirlər. 9 oktyabr 1991-ci il tarixdən 12 may 1994-cü il tarixədək xidmət keçən müharibə veteranları ilə bağlı AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı var. Həmin qərar əsasında məhkəmələrdə qərar qəbul edilmir. Müdafiə Nazirliyinin iddia ərizəsinə qarşı etiraz və yaxud münasibətini əsas götürərək prosessual pozuntulara yol veririr və ədalətsiz qərar qəbul olunur. Halbuki, ərizəyə əlavə olunan hərbi biletin səhifəsində göstərilmişdir ki, o (iddiaçı), əvvəlki Nəsimi RHK tərəfindən 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 24 yanvar 1996-cı il tarixədək döyüşən ordunun tərkibində 850, 865, N və N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixdə atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletdə həmin qeydlər aparılmışdır. Yuxarıda göstərdiyi kimi, onun hərbi biletində 12 may 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan 865, N saylı hərbi hissələrdə xidmət etdiyim təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 göndərilən “arxiv arayışı”nda göstərilənlərlə də təsdiq olunur ki, hərbi xidməti barəsində arxivdə məlumatın olmaması onun təqsirindən olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri arxivə göndərməyibsə, bu onun təqsiri deyil. Bəlkə də döyüşlər gedən zaman əmrlərin saxlandığı yer, bina dağılmışdır. İşin faktiki halları ilə təsdiq olunur ki, X3 Arxivindən göndərilən arxiv arayışında hərbi xidməti barəsində məlumatının aşkar olunmaması onun təqsiri ucbatından olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin aidiyyəti vəzifəli şəxsləri onun xidmətini əmr kitabına işləməyiblərsə, onun təqsiri yoxdur. Arxiv Arayışında da göstərilmişdir ki, onun xidməti barəsində məlumat aşkar olunmadı. Halbuki, bütün bunlara aydınlıq gətirilməsi inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Xidmət etmiş bütün hərbi qulluqçuların əmrdən keçməməsinin səbəblərinə hərbi hissə ilə bir yerdə aydınlıq gətirməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, onun timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi onun hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətindədir. Çünki, yuxarıda göstərildiyi kimi, qanunla onun hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təsdiq etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci maddələrinə, İPM-nin 2, 4, 8, 33, 45, 46-cı maddələrinə, AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarının müddəalarına əsaslanaraq, onun (iddiaçının) 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixdə elan olunan atəşkəsə qədər və tərxis olunduğu 24 yanvar 1996-cı il tarixədək AR Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 850, 865, N və N saylı hərbi hissələrdə bütün xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqda arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı inzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı aşağıdakı iki tələb irəli sürmüşdür: - iddiaçının 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixdə elan olunan atəşkəsə qədər və tərxis olunduğu 24 yanvar 1996-cı il tarixədək AR Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 850, 865, N və N saylı hərbi hissələrdə bütün xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; - qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqda arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1992 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti (o cümlədən xidmətdən tərxis olması) barədə məlumatlar əks olunmamışdır. İddiaçı bu səbəbdən də yenidən araşdırma aparılaraq, yeni arxiv arayışının verilməsini tələb edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması (hətta, buna ehtimal olunan) barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçının tələbi üzrə qaldırılan məsələlər yenidən vəzifə kimi cavabdehin üzərinə qoyula bilməz. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 12 iyun 2019-cu il tarixdə 1/Ə-8029 nömrəli arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1992 – 1994cü illərdə müvafiq hərbi hissələrdə xidməti (o cümlədən xidmətdən tərxis olması) barədə məlumatlar əks olunmamışdır. İddiaçı isə hazırki tələblə yeni arxiv arayışının verilməsini cavabdeh orqandan tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçının tələbi üzrə qaldırılan məsələlər yenidən vəzifə kimi cavabdehin üzərinə qoyula bilməz. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar