Məhkəmə qərarları › İş №2-1(103)-2204/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2204/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2204/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-502/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu il tarixdən ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin növbəti dəfə təyini ilə bağlı 2021-ci il tarixdə müraciətə cavabvderh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əlavə ixtisaslaşmış müalicəyə ehtiyac var. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona 12 mart 2021-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda onunla əsaslandırmışdır ki, 22 iyun 2021-ci il tarixli göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinə baxılmış və əlavə ixtisaslaşdırılmış müalicəyə ehtiyac olması səbəbi ilə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-502/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 12 mart 2021-ci il tarixdən 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-502/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv həlli məqsədilə 3 dəfə məhkəmə ekspertizası təyin edilmişdir. Belə ki, hazırkı işin hallarından göründüyü kimi İddiaçıya əlilliyin əvvəlki təyinatları aşağıdakı xəstəliklərlə əlaqədar olmuşdur.

1. Sağ bazu sümüyünün epikondiluslardan keçən bitişmiş sınığı. Sağ dirsək oyağının postravmatik varus deformasıyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (26 fevral 2009-cu il tarixli göndəriş əsasında),

2. Sağ bazu sümüyünün kondilusların bitişmiş sınığı oynaqlarda varus deformasiyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (12 mart 2014-cü il tarixli göndəriş əsasında),

3. Sağ bazu sümüklərinin kondilusların bitişmiş sınığı oynaqlarda varus deformasiyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (12 mart 2015-ci il tarixli göndəriş əsasında),

4. Sağ bazu sümüklərinin kondilusların bitişmiş sınığı oynaqların varus deformasiyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (14 mart 2016-ci il tarixli göndəriş əsasında), İş materiallarında olan 22 iyun 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu M21.1.Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sağ bazu sümüyün distal 1/3 kondiluslardan keçən bitişik sınığı və dirsək oynağın postravmatik varus deformasiyası xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Postravmatik atrofiyası; M24.5- Oynaqların kontrakturası. Sağ oynağının kontrakturası; S42.4- Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazunun kondiluslarından keçən q/düzgün bitişmiş sınığı və dirsək oynağın varus deformasiyası; M21.8- Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Sağ bazunun nəzərə çarpan varus deformasiyası; R52.1- Müalicəyə tabe olmayan daimi ağrı. Yanaşı xəstəliklər isə aşağıdakılardır: G24.8- Digər distoniyalar. Vegetativ damar distoniyası İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli, 2709003AAC80 saylı göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu M21.1.Digər rubrikalarda təsnif olunmayan varus deformasiya ilə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: M24.5- Oynaqların kontrakturası. R52.1- Müalicəyə tabe olmayan daimi ağrı. M21.8- Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. S42.4- Bazu sümüyünün aşağı ucunun sınığı. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi; Yanaşı xəstəliklər isə aşağıdakılardır: G24.8- Digər distoniyalar. Vegetativ damar distoniyası. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etmişdir. Lakin, məhkəməyə təqdim edilmiş hər üç ekspert rəyi prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, təqdim edilmiş ilkin və sonuncu yoxlamada cavabdehin nümayəndəsi iştirak etmişdir ki, iş üzrə sübut əhəmiyyəti daşıyan ekspert rəyi tərəflərdən birinin nümayəndəsinin iştirakı ilə keçirildiyindən həmin rəylərin mötəbərliyindən söhbət gedə bilməz. Digər tərəfdən 06 iyul 2022-ci il tarixli məktubla məhkəməyə daxil olmuş növbəti ikinci ekspert rəyində isə qeyd edilmişdir ki, iddiaçı 08 fevral 2022-ci il tarixdə TSEK-in ekspertləri ilə birgə müayinədən keçirilmiş, onun şəxsi müayinəsində müəyyən edilən xəstəlik patofunksional dəyişikliklə əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermir. Lakin bu dəfəki rəydə əvvəlki rəydən fərqli olaraq ekspertiza tədqiqatı zamanı iddiaçının canlı müayinəsi həyata keçirilməmiş, TSEK-in ekspertləri ilə birgə 08 fevral 2022-ci il tarixdə keçirilən müayinə əsas götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertlər məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsialmış şəxslərdir. Nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatını düzgün aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertlərin əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, məhkəmə tibbi ekspertizası təyin edilərkən məhkəmə, iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsinin müəyyən edilməsinin xüsusi bilik tələb olunduğu qənaətinə gələrək məhkəmə tibbi ekspertizanın təyin edilməsinə qərar vermişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən məhkəmə qərardadında qoyulan sualla cavab verilməmiş, qərardadda iddiaçının canlı müayinəsinin keçirilməsi tələb olunsa da, canlı müayinə həyata keçirilməmişdir. Halbuki, ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatını aparan ekspertlər məhkəmə-tibb ekspertləri olmaqla yanaşı bu sahədə uzun müddətdir ki fəaliyyət göstərilər. Nəzərə alınmalıdır ki, məhkəmə qərardadında ekspert qarşısında qoyulan sualların cavablandırılması, suallara cavab verilərkən şəxsin canlı müayinəsinin həyata keçirilməsi məhz xüsusi biliyə sahib olan məhkəmə-tibb ekspertləri tərəfindən həyata keçirilməlidir və onların bilik sferalarına aiddir. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklərin ona əlilliyin təyin olunması üçün normativ hüquqi aktda nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi iddianın həllində mühüm rol oynayan arqumentdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin təkrar ekspertizanın keçirilməsi barədə əsaslandırılmasına ümumiyyətlə əhəmiyyət verilməməsi, israrla təkrar ekspertizada cavabdehin nümayəndəsinin iştirakının təmini həyata keçirilməsi, həmçinin rəy verilərkən iddiaçının canlı müayinəsinin həyata keçirilməməsi göstərilən rəylərin hazırkı iş üzrə sübut qismində çıxış etməsini istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istər əvvəlki göndərişlərinin, istərsə də hazırkı göndərişlərinin tərtibatında və Agentliyə göndərilməsində verilmiş rəylər həkim rəyləridir. Yəni müvafiq ixtisaslı biliyə malik olan və reallıqda əlilliyin təyini üçün göndərişlərin göndərilməsi ilə daha böyük təcrübəyə malik olan həkim rəyləri onu deməyə əsas verir ki, iddiaçıda mövcud olan diaqnozlar əlilliyin təyini üçün əsasdır. Qeyd edilməlidir ki, iddiaçıda mövcud olan əsas diaqnozla əvvəlki göndərişlərdə əlilliyin təyininə əsas olan diaqnoz uyğun olmuşdur. Lakin, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əsas diaqnoz kimi M21.1 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından onun ağırlaşması kimi M24.5 diaqnozunda olan xəstəlik, yəni oynaqların kontrakturası Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə həm əsas xəstəliyin, həmçinin də xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin müddətsiz təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Həmçinin cavabdeh iddiaçıya əlillik təyin etməkdən imtina edərkən onun əlavə müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyləri sübut qismində çıxış etməsə də, ekspertiza tədqiqatı zamanı həm Məhkəmə Tibbi Ekspertiza və X1 eksperti, həmçinin də TSEK-in həkim eksperti iddiaçıda olan xəstəliklərin tam sağalmasının mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Göründüyü kimi şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı həmin müddət ərzində müalicə olunmadığından ona əlilliyin təyini mümkün deyil. Lakin, məhkəmə hesab edir ki, 1.5.3-cü yarımbəndin tələbi cavabdehin mövqeyinin əsassız olmasının əsasıdır. Belə ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, maddənin tələbinə əsasən bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ekspert rəyi ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi müddəa ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ilə bağlı şərtin tətbiqini istisna edir. Bu zaman təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıya əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Göründüyü kimi istər əsas diaqnoz, istərsə də ağırlaşmalar əlilliyin təyinatı üçün əsas verir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlillik təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-502/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-502/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar