Məhkəmə qərarları › İş №2-1(103)-2204/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2204/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2204/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddiaçının şəhid ailəsi kimi yaşayış yeri üzrə cavabdehdə olan güzəştli mənzil növbəsi siyahısına götürülməsi və güzəştli mənzil növbəsi əsasında mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)-4849/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı şəhid ailəsi kimi yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində olan güzəştli mənzil növbəsi siyahısına götürülməsi və güzəştli mənzil növbəsi əsasında mənzillə təmin olunmağı vəzifəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Rauf Cahangirov 02 noyabr 2020-ci il tarixdə Şuşa isdiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğurunda”, “Şücaət” medalları ilə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixdə ölüm haqqında qeyd kitabında, 07 sayla qeydiyyata alınmış və AZ- İİ № 129745 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının tələblərinə əsasən, İddiaçı və həyat yoldaşı X3 şəhid ailəsi status verilmişdir. Bunan sonra Astara rayon İcra Hakimiyyətin başçısı yanında güzəştli mənzil növbəsinə götürülmüşdür. Bundan sonra iddiaçı X1 atası İddiaçı qeydiyyat ünvanı ünvan 1iyi üçün müraciəti əsasında və Astara Rayon İcra Hakimiyyətin başçısının 07 may 2021ci il tarixli, № 40 sərancamı ilə şəhid ailələri güzəştli mənzil növbəli siyahısından çıxarılaraq və toplanmış mənzil növbəliyinə dair sənədləri Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin, Bakı şəhər Binəqədi Rayonu İcra Hakimiyətinin Başçısının 1-ci müavini Hacıbaba Babayevin 25 noyabr 20204-ci il tarixli, 5-10/2-C-58- 068/2024, saylı məktubunda bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının” tələblərinə ziddir və müraciətdən imtina edilir. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti bununla bağlı iddiaçıya qarşı haqsızlıq edir, hazırkı ailə vəziyyətini, səhhətini və sağlıq durumunu nəzərə almır və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “şəhid ailələrinə verilən güzəştli mənzil qaydalarını” kobud surətdə pozur. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)-4849/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia ərizəsi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Astara rayon icra Hakimiyyəti Başçısının 07 may 2021-ci il tarixli, 40 nömrəli Sərəncamı ilə “şəhid ailələri üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə götürülməyim barədə Sərəncamına” və “Şəhid ailələri üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəliyi siyahısından çıxarılaraq və toplanmış mənzil növbətiyinə dair sənədləri Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə göndərilməsi barədə” Astara rayonu İcra Hakimiyyətinin 20 may 2024-cü il tarixli, 5-35\2-44\2024 saylı məktubuna, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, İddiaçı və həyat yoldaşı X4 şəhid ailəsi statusu verilməsi barədə sənədlərə və şəhid oğlu X5 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı döyüş əməliyyatlarında göstərdiyi şücayətə görə “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması”, “Hadrutun azad olunması”, “Xocavəndin azad olunması” və eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda şücayətə görə” medalları ilə təltif olunmasına və şəhid olması sənədlərinə belə əhəmiyyət vermədən qanunvericiliyin tələblərini pozmaqla əsassız və ədalətsiz qərar qəbul etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 1.1.-ci bəndində qeyd olunur ki, “2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) - 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər həyata keçirsin” Bundan başqa, birinci intansiya məhkəməsi cavabdeh Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin mövqeyindən çıxış edərək, iddiaçının və ailə üzvlərinin atababadan qalmış və Astara rayon Təngərüd Bələdiyyəsinin ərazisində yerləşən 0,15 ha torpaq sahəsinin və birmərtəbəli köhnə tikili olan iki otaqdan ibarət evinin olması barədə halları iddiaçının əleyhinə istifadə etmək niyyəti ilə istinad edərək, hər vasitə ilə iddiaçının dövlət tərəfindən müəyyən olunmuş şəhid ailələrinə edilən mənzil şəraitinin yaxşılaşdırılması barədə nəzərdə tutulan güzəştlərdən məhrum edilməyinə çalışmışdır. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti isə bu qanunun tələblərinə əməl etmir, iddiaçını şəhid ailəsi kimi mənzil növbəsinə götürmür və işə baxan məhkəmə isə cavabdehin mövqeyindən çıxış edərək, iddianın əsassız olaraq rədd edilməsi barədə qərar qəbul edir və iddiaçını şəhid ailəsi olaraq, mənzil şəraitinin yaxşılaşdırılması barədə nəzərdə tutulan güzəştli mənzil növbəsinə götürülməyi barədə hüquqlarından faktiki olaraq məhrum edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, oğlu ilə birlikdə şəhid olmuş uşaqların ailə üzvləri Bakı şəhərində evlə təmin olunub. Halbuki onlar da Bakıda təzəlikcə qeydiyyata düşmüşlər. Digər rayonun icra hakimiyyətləri Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti kimi məsələni çətinləşdirmir. Həmin işlər məhkəməyə gəlmədən şəhid ailələrinin xeyrinə həll olunur. Şəhid atası kimi digər kateqoriyadan olan şəxslərə münasibətdə imtiyazlı sayıldıqlarına görə güzəştli mənzil növbəsinə hər hansı müddət gözlənilmədən götürülməyini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin hazırkı inzibati iş üzrə qərarı və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçının tələbi üzrə imtinası tam qanuni xarakter daşıyır. Qanunvericiliklə nəzərdə tutulan əsaslara görə, iddiaçının güzəştli mənzil növbəsi siyahısına götürülməsi və güzəştli mənzil növbəsi əsasında mənzillə təmin olunması qanuna ziddir. Belə ki, iddiaçı 2024-cü ildən Bakı şəhərində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-10/2-C-58- 068/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, “... Təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Astara rayonu, Maşxan kəndində 2004-cü ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı 124 kv.m (ümumi 88 kv.m, köməkçi 36 kv.m) sahəsi olan fərdi yaşayış sahəsi Sizə məxsusdur (Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 224 saylı arayışı). Həmçinin, Astara rayonu Təngərüd bələdiyyəsi ərazisində Sizə məxsus 0.15 ha həyətyanı torpaq sahəsinin layihəsi mövcuddur (Astara rayonu Təngərüd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 63 saylı arayışı). Eyni zamanda bildiririk ki, Sizin həyat yoldaşınız X2 adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyiniz xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-C0173-8/2024 saylı arayışa əsasən Astara rayonu, Kijəbə qəsəbəsində 0.19 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-232A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizə məxsus fərdi yaşayış evi, həmçinin özünüzə və həyat yoldaşınıza məxsus həyətyanı torpaq sahəsi olduğundan müraciətində qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır”. - Astara Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2021-ci il tarixli, 40 nömrəli sərəncamına əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində şəhid ailəsi, Maşxan kənd sakini İddiaçı adı rayon icra hakimiyyətində mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin növbəlilik siyahısına daxil edilmişdir. - Astara Rayon İcra Hakimiyyətinin Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanan 20 may 2024-cü il tarixli, 5-35/2-44/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Vətən müharibəsi şəhidi X7 24 avqust 1998-ci ildə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. Rauf Cahangirov 02 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin azad olunmasına görə" və “Hadrutun azad olunmasına görə”medalları ilə təltif olunmuşdur. Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil komissiyasında 07 may 2021-ci il tarixli 40 nömrəli sərəncamla mənzil növbəsinə götürülmüş X1 atası İddiaçı faktiki qeydiyyat ünvanı dəyişmişdir. Hazırda İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı qeydiyyat ünvanı dəyişdiyindən adının imtiyazlı şəxslərin mənzil növbəliliyi siyahısından çıxarılması üçün rayon icra hakimiyyətinə müraciət etmişdir. Nəticədə İddiaçı adı Astara Rayon İcra Hakimiyyəti başçısının 16 may 2024-cü il tarixli 70 nömrəli sərəncamı ilə mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin növbəlilik siyahısından çıxarılmışdır. Əlavə olaraq onu da bildiririk ki, İddiaçı Astara rayonu ərazisində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şəhid ailə üzvləri qeydiyyatda olduğu ərazi üzrə yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə dururlar. Qeyd olunanlar nəzərə alınaraq X1 atası İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılmasından ötrü Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi xahiş edilir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü) ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Həmin Qaydaların 4-cü bəndinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. Həmin Qaydaların 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 27.1-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan cəmiyyətində şəhid anlayışı müqəddəsdir. Bu müqəddəslik yalnız ictimai rəmz olaraq deyil, həm də hüquqi münasibətlər sistemində xüsusi status kimi tanınır. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Lakin bu müdafiənin reallaşdırılması, şəhid ailəsinin hər bir üzvünə münasibətdə ali hörmət hissinin hüquqla uyğunlaşdırılması bəzən mümkünsüz dilemmalarla nəticələnir. Burada qarşı-qarşıya dayanan iki ali dəyər mövcuddur: 1. şəhid ailəsinə hörmət və sosial qayğı borcu; 2. qanunun aliliyi və bərabər tətbiq prinsipi. Hər bir hüquqi dövlət bu iki anlayışı uzlaşdırmağa çalışır. Lakin praktiki vəziyyətlərdə bu hər zaman mümkün olmur. Əgər şəhid atası üçün istisna edilərsə, bu, digər həssas qruplardan olan şəxslərdə suallar doğura və belə hallar sosial narazılıq və hüquqi bərabərliyə inamın itməsi ilə nəticələnə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. İddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. Cavabdehin imtinası və işə əlavə edilən sənədlərdən isə həmçinin müəyyən olunur ki, iddiaçı və ailə üzvü Respublika ərazisində daşınmaz əmlaka malikdirlər. Belə ki, İddiaçı adına Astara rayonu, Maşxan kəndində yerləşən 0,6267 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İddiaçının arvadı X2 adına Astara rayonu, Kjəbə qəsəbəsində 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçının hazırkı vəziyyətdə mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik olmaması barədə qanuni qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)- 4849/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)-4849/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar