Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2205/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Hüseynov Azər Soltanhəmid oğludan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cаvаbdеh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qаrşı “qeyri-hökumət təşkilatının qeydiyyata alınması öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2467/2022 saylı iş üzrə qəbul etdiyi 16 mart 2022-ci il tarixli qərarından iddiaçıların apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2467/2022 saylı iş üzrə qəbul etdiyi 16 mart 2022-ci il tarixli qərarı ilə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddiaçıların ictimai birliyin dövlət qeydiyyatına alınmasına dair müraciətlərinin təmin edilərək “X2” İctimai Birliyinin dövlət qeydiyyatına alınaraq qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddiaçıların ərizəsini qanunda göstərilməyən bir cümlədə ifadə olunan mövqeyi ilə əsaslandırmışdır. Məhkəmə öz qərarında “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanunun 3.1-ci maddəsinə istinad edərək iddiaçıların təsis etdikləri “qeyri-hökümət” təşkilatının adında qeyri-hökümət təşkilatının fəaliyyətinin xarakterinin ifadə edilmədiyini, iddiaçılar tərəfindən yaradılan ictimai birliyin “X1” adlandırıldığını və fəaliyyətin xarakteri fel formasında ifadə edilə bildiyi halda birliyin adında fəaliyyəti bildirən felin mövcud olmadığını əsas gətirərk iddianı təmin etməmişdir. Lakin iddiaçıların təsis etdikləri “X1” adlı ictimai birliyin adında mövcud olan şəbəkəsi sözü ilə bağlı qeyd olunmalıdır ki, şəbəkələnmək feli mövcuddur. Həmçinin məhkəmə “fəaliyyətin xarakteri”nin feil nitq hissəsi növündə müəyyən edilmədiyi mövqeyində olmuş, lakin bu əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi “fəaliyyətin xarakteri” söz birləşməsini fel nitq hissəsi və onun mümkün variasiyaları ilə məhdudlaşdırmaqla, bununla da “Qeyrihökümət təşkilatları haqqında qanunun 3.1-ci maddəsini məhdudlaşdırıcı şərh etməklə maddi hüquq normalarına zidd və işin faktiki halları ilə uzlaşmayan qərar çıxarmışdır. Eyni zamanda qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmamış, sözün adi mənası isə “xarakter”- səciyyə, əlamət mənalarına gəlməkdədir. Bundan başqa Ədliyyə Nazirliyi “şəbəkəsi” sözü olan “X1” ilə oxşar formada adı olan ictimai birlikləri, hətta adı bir sözdən ibarət olan ictimai birlikləri qeydiyyata almışdır. Bu isə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində qeyd olunan bərabərlik prinsipinə ziddir. Əlavə olaraq apelyasiya şikayətində bir sıra digər qanun normalarına istinad edilərək Bakı İnzibati Məhkəməsinin iş üzrə qərarının qanunsuz olduğu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar cıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı3 və cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçılar “X1” İctimai Birliyini təsis etmişlər və həmin ictimai birliyin dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişlər. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin 05/4944-1 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki: “Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklətr və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələblərinə əməl edilməməsi müyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sənədləri geri qaytarılır.” Bundan sonra iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddiaçıların ictimai birliyin dövlət qeydiyyatına alınmasına dair müraciətlərinin təmin edilərək “X2” İctimai Birliyinin dövlət qeydiyyatına alınaraq qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “işin faktiki hallarına əsasən iddiaçıların təsis etdikləri qeyri-hökumət təşkilatının adında qeyri-hökumət təşkilatının fəaliyyətinin xarakteri ifadə edilməmişdir, belə ki, iddiaçılar yaratdıqları ictimai birliyi “X1” İctimai Birliyi adlandırmışlar və fəaliyyətin xarakteri fel formasında ifadə edilə bildiyi halda (Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir) birliyin adında fəaliyyyəti (hərəkəti) bildirən fel (söz) mövcud deyildir. Belə olan halda məhkəmə iddiaçıların müraciətinin təmin edilməməsi ilə cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmasına yol verilməsini müəyyən etməmişdir.” Məhkəmə kollegiyası iddia tələbinin nəticə hissəsində “X1” İctimai Birliyi deyil, -“X2” İctimai Birliyi - ifadəsinin yazılmasını texniki səhv kimi qəbul edir. Kollegiya iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökümət təşkilatıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş «Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları»-nın 2.1-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə: - Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. - Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. - Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. - Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; ..... Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin faktiki hallarına əsasən iddiaçıların təsis etdikləri qeyri-hökumət təşkilatının adında qeyri-hökumət təşkilatının fəaliyyətinin xarakteri ifadə edilməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçılar yaratdıqları ictimai birliyi “X1” İctimai Birliyi adlandırmışlar. Göründüyü kimi birliyin adında qanunvericiliyin tələbinə uyğun olaraq onun fəaliyyyətinin xarakterini bildirən söz mövcud deyildir. Məsələn, dəstək, kömək, yardım və sair. İş materiallarından görünür ki, cavabdeh orqan «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə qurumun adında onun fəaliyyət xarakteri müəyyən olunmadığını əsas gətirməklə qeydiyyatla bağlı sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vəsitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apelyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri (adı bir və ya iki hərifdən ibarət olan qeydiyyata alınmış ictimai birliklər və s. barədə Ədliyyə Nazirliyinə sorğu edilməsi) ilə bağlı kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsi baxımından iddia tələbindən kənara çıxan məsələlər və hallar baxılan iş üzrə araşdırmanın predmetini təşkil edə bilməz Apelyasiya şikayətlərinin digər dəlilləri də formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir və bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2467/2022 saylı iş üzrə qəbul etdiyi 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2205/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2205/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver