Məhkəmə qərarları › İş №2-1(103)-2205/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2205/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2205/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 ******* nömrəli forma 27-də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2014-2016-cı illərdə hərbi xidmətə getmiş, Aprel döyüşlərində və İİ Qarabağ müharibəsində iştirak etmiş, gedən döyüşlərdə yaralanmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması”, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi”, diaqnozu Neftçala Rayon Mərkəzi Xəstəxanasının ******* nömrəli forma 27-də göstərilən digər diaqnozlar təyin edilmişdir. O həmin tarixdən özünü narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr almışdır. Bu zaman bir sıra müalicələr də alımış, bundan sonra yenidən ağrıları başlamışdır. Neftçala Rayon Mərkəzi Xəstaxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 27) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona xx.xx.2023cü il tarixli imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona təyin olunan baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi şəxsiyyət və davranış pozuntuları əks etdirmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1474/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-132/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1474/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “32. İlk növbədə kollegiya qeyd edir ki, iddiaçı tələbində X1 ******* nömrəli forma 27-də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyildir. Belə ki, iddiaçının tələbinin ümumi əsaslarla, yaxud hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilməsindən ibarət olması müəyyən edilmir.

33. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması”, Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” diaqnozunun əksini tapdığı Neftçala Rayon Mərkəzi Xəstəxanasının ******* nömrəli göndərişinin Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərildiyi və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona imtina verdiyini bildirmişdir.

36. Kollegiya qeyd edir ki, iddiaçının diaqnozu və xəstəliyi hərbi xidmət dövründə alması, yəni xəstəliyin hərbi xidmətlə, o cümlədən Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sənədləri ilə (qərar, xəstəlik haqqında şəhadətnamə və s.) öz təsdiqini taparsa, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir.

44. Odur ki, yeni apellyasiya baxışı zamanı işdə olan sübutlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin 12 iyun 2023-cü il tarixli, T378/2023 nömrəli ekspert rəyi, Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi və s.) cavabdehin dəlilləri ilə əlaqəli şəkildə qiymətləndirilməli, qiymətləndirmənin nəticəsindən asılı olaraq qərar qəbul etməlidir.” AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “əlilliyin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən” müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və hazırkı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi-emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasım Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; - xx.xx.2021-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞP-na müraciət etmiş və Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosional-labil şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 10927/21 nömrəli çıxarış epikrizi). MN BKH-nın nevroloqu ilə konsultasiya olunmuşdur; - xx.xx.2020-ci il tarixli travma haqqında arayışın surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “Sağ budun və baldırın qalpə yaralanması” diaqnozu ilə xəsarət almışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1854 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17- 4/2- 24403/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 665 nömrəli şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan vətəndaş qərardada uyğun olaraq xx.xx.2023-cü il tarixdə mütəxəssislərin iştirakı ilə yenidən Agentlikdə müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə ona qoyulmuş xəstəlik diaqnozu, eyni zamanda ekspert rəyində öz təsdiqini tapmış xəstəlik diaqnozu (Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.”) qüvvədə olan meyarlarda göstərilsə də belə cavabdeh inzibati orqan tərəfindən müvafiq qiymətləndirmə aparılaraq, iddiaçının xəstəlik diaqnozu müəyyən edilərkən onun aidiyyəti üzrə (MRT, EEQ, EMQ kimi) aparatlardan yoxlanılmadan keçirilmədiyi və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müddətdə və qaydada ambulator və ya stasionar müalicədə olmadığı müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq əlilliyin təyin olunmasından imtina edilmişdir. Eyni zamanda, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na uyğun olaraq iddiaçının barəsində aidiyyəti səhiyyə müəssisəsi tərəfindən göndəriş müvafiq olaraq yenidən təqdim oluna bilər. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən yenidən imtina verildikdə yeni əsas üzrə iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə

7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1, 35-60 2 il əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ehtiyatda olan əsgər (atıcı) İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən mərmi partlayışı nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması” diaqnozu ilə xəsarət almış və xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi tərəfindən iddiaçı hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞP-na müraciət etmiş və Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosionallabil şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixli 665 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” şəhadətləndirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barədə (Diaqnoz: Üzvi (baş beyinin silkələnməsi) keçirilmiş qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu. Davranış pozuntuları. Keçirilmiş QKBT-dan sonrakı kəskin astenonevrotik vəziyyət. Postkontuzion sindrom. Hipertoniya xəstəliyi İİ dərəcə. OU-Qarışıq astiqmatizm VİS OU=1.0. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ budun və baldırın kor qəlpə yaralanmasında sonrakı kobud çapıq) “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Cavabdeh daha sonra xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barədə (diaqnoz: üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi hallyusinoz. Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozuntuları) “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. İddiaçı hazırda ona Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən əlillik dərəcəsinin təyin edilməsini xahiş edir.(dəqiqləşdirilmiş) İlk növbədə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi-emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçı Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” şəhadətləndirilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının diaqnozu və xəstəliyi hərbi xidmət dövründə alması, yəni xəstəliyin hərbi xidmətlə, o cümlədən Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sənədləri ilə (qərar, xəstəlik haqqında şəhadətnamə və s.) öz təsdiqini tapır. Qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-24403/2023 nömrəli “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 665 nömrəli şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin T378/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.” diaqnoz şəxsin anamnestik, psixi status və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması, barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, cəngolma tutmaları ilə F.07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və hazırkı iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında müvafiq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar