Məhkəmə qərarları › İş №2-1(103)-2206/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2206/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2206/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan sxemin çəkilməsi və təsdiqlənməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarı ilə Sabunçu RİH Maştağa qəsəbəi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinın 7 may 1991ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarı ilə Sabunçu RİH Maştağa qəsəbəi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarından çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı həmin torpaq sahəsinin sxeminin tərtib edilməsi üçün cavabdehə müraciəğt etmiş, lakin sonuncu imtina edərək bildirmişdir ki, qəsəbə nümayəndəliyində və rayon icra hakimiyyətində heç bir arxiv sənədi olmadığından həmin sahənin qanunauyğun olub olmamasını müəyyən etmək mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki,məhkəmənin sərəncamında cavabdehin əsl cavabdehlə əvəz olunması barədə iddiaçıya dəqiqləşdirmə baərədə təklif olunmamışdır. Eyni iddia tələbi ilə 2021-ci il tarixdə X1 tərəfindən verilmiş onun adına yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin plan-sxeminin çəkilməsi və təsdiqlənməsi cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunmasına dair məcburetmə haqqında iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4674/2021 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) təmin edilməmiş və cavabdehin əsl cavabdehlə , yəni müvafiq rayon icra hakimiyyəti ilə əvəz edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə teleqram ünvanlayaraq iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə asasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi öhdəliyin icrası haqqında iddia vasitəsi ilə Sabunçu RİH Maştağa qəsəbəi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarından çıxarışa əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin plan sxeminin tərtib edilməsini və təsdiqlənməsini tələb etmişdir. İPM-in 14.3-cü maddəsinin 1-ci cümləsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan tələbilərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə bilməz. Belə ki, birincisi, iddiaçı - Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin qanuni sahibi olmasını təsdiq edən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməlidir ki, həmin torpaq sahəsinə onun subyektiv hüququnun mövcud olmasını müəyyən etmək və bu baxımdan da plansxemini tərtib etmək mümkün olsun. Onun iddia ərizəsində istinad etdiyi “Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarış”ın isə sənədlərin düzgünlüyü prezumpsiyası baxımından mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsi mümkün deyil. Birincisi, həmin çıxarış kserosurətdir və həmin kserosurətdə təsbit olunan qərarın giriş hissəsində “əlyazma ilə 11 avqust 1993-cü il” sözlərində çap yazısı ilə yazılmış “1193” rəqəmlərində “3” rəqəmi əlyazma ilə “5” rəqəminə düzəldilmiş, bundan əlavə, “qərara alır” hissənin 7-ci bəndində “7.Qərara nəzarət-Maştağa qəsəbəsi üzrə SRİHİ-nin müavini İbrahimov S.S. tapşırılsın.” cümləsində əlyazma ilə “İbrahimov S.S.” adının üsütündən xətt çəkilərək alıtnda “Zeynalov N.H” adı, qərarın imzalanıb möhür vurulan sonluğunda isə “Maştağa qəsəbəsi üzrə SRİHİ-nin nümayəndəsi: Hacıyev Ə.A” sözlərində əlyazma ilə “Hacıyev Ə.A.” adının üstündən xətt çəkilərək “İbrahimov S.S.” adı yazılmışdır. Göründüyü kimi, çıxarışda təsbit olunan mətnin tamlığı pozulmuşdur. Belə olan halda, istinad olunan çıxarışın kserosurət olması, həm də mətnində tamlığın pozulması onun mötəbər sənəd kimi qiymətləndirilməsi, bu baxımdan da iddiaçının iddia etdiyi torpaq sahəsinin qanuni sahibi olmasını demək mümkün deyil. Digər tərəfdən, iddia ərizəsindən, həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin işə əlavə olunmuş 19 mart 2021-ci il tarixli məktubuna əsasən iddia olunan torpaq sahəsinə dair heç bir arxiv sənədləri də aşkar olunmamışdır. İPM-in 14.3-cü maddəsinin qeyd olunan müddəasının mənasından isə göründüyü kimi, iddia olunan torpaq sahəsinin müvafiq qərar əsasında ona ayrıldığını, yəni, torpağın qanuni sahibi olduğunu sübut etmək vəzifəsi, başqa sözlə, həmin torpağa subyektiv hüququnun olmasını sübut etmək, məhz, iddiaçının üzərinə düşür. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsinə iddiaçının subyektiv hüquq malik olması onun tərəfindən sübuta yetirilmir. Belə olan halda İPM-in 35.1-ci maddəsinin tələbi baxımından onun həmin torpaq sahəsinə dair plan və ölçünün tərətib edilməsi tələbinə dair iddiası əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz və iddianın məhkəmə icraatının mümkünlüyü istisna edilir. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndiririr. Ona görə də iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehlə əvəz olunmasının təklif olunmadığını, eləcə də, başqa bir inzibati işə istinadən dolayısı ilə iddianın mümkün sayılmamasını əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar