Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2207/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Müdafiyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) ipoteka borcunun ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1388/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1388/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) ipoteka borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Həmin maddənin 10-cu bəndində göstərilmişdir ki, Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Necə ola bilər ki, Hərbi qulluqçuların statusu haqqında» və “Hərbi xidmətkeçmə haqqında” Qanunların müddəalarında yerli icra hakimiyyəti orqanları üzərinə vəzifələr qoyulsun, lakin bu vəzifələr “İnzibati icraat haqqında” Qanunda və İcra Hakimiyyəti orqanlarının fəaliyyətini reqlamentləşdirən digər sənədlərdə öz əksini tapmasın. Əgər bu məsələ qanunda öz əksini tapmırsa, vətəndaşın xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Müdafiyə Nazirliyinin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs AR Maliyyə Nazirliyinin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR Maliyyə Nazirliyinin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin 10.02.2020-ci il tarixli 86 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 25.12.1989-cu il tarixdən 05.12.1991-ci il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 14.08.1992-ci il tarixdən 21.09.1992-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 20.12.1994-cü il tarixdən 07.10.1997-ci il tarixədək X5 Mərkəzində kursant kimi, 07.10.1997-ci il tarixdən 29.01.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli 0964 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 27.01.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsində hərbi qeydiyyatdadır. - N nömrəli hərbi hissə komandirinin N nömrəli 16.12.2019-cu il tarixli əmrinin surətində qeyd edilmişdir ki, polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin uçuş hazırlığı və uçuşların təhlükəsizliyi üzrə müavini, Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli 0964 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə yaşa görə ehtiyata buraxıldığını görə 45 gün məzuniyyət verilməklə 29.01.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə göndərilsin. Polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19.10.2017-ci il tarixli 22 nömrəli Qərarına əsasən 2019-cu ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnikleytenant İddiaçı 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. 2019-cu ilin növbəti məzuniyyətindən 45 gün istifadə edib, 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmişdir. Polkovnik-leytenant İddiaçı istefaya buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir. - 09.02.2018-ci il tarixli 11/188/AİFK saylı kredit müqaviləsindən görünür ki, müqavilə üzrə kreditor kimi çıxış edən "xxxx" ASC müqavilənin şərtlərinə uyğun olaraq borcalana, yəni İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 140.800 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 168 ay müddətinə ipoteka krediti verir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.02.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05301-093019 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. -11/188/AİFK saylı 10.02.2018-ci il tarixli mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı ("xxxx" MTK) ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.02.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05301-093019 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın (İddiaçı) mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 103 kv.m olan mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 29.10.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ipoteka borcunun ödənilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və iddiaçıya 13 iyun, 2020-ci il tarixli imtina məktubu ünvanlanaraq bildirilmişdir ki, “kredit borcunuzun tam ödənilməsi üçün əvəzsiz maliyyə yardımı göstərilməsinə köməklik göstərilməsi barədə Nəsimi Rayon İcraHakimiyyətinə ünvanladığınız ərizənizə baxılmışdır və müraciətinizdə qaldırdığınız məqsədlər üçün rayon icra hakimiyyətlərinə vəsait ayrılmadığından xahişinizi təmin etmək imkanlarımız xaricindədir!. Bundan sonra iddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MTK-dan ipoteka krediti yolu ilə əldə etdiyi mənzilin bank borcunun Bakı şəhəri Nəsimi Rayon İcraHakimiyyətindən tutularaq tam həcmdə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarının mənzilin alınması üçün verilmiş ipoteka krediti üzrə borcun ödənilməsi və bu məqsədlə əvəzsiz maliyyə yardımının göstərilməsi vəzifəsi müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ipoteka yolu ilə aldığı yuxarıda qeyd edilən məzillə bağlı cavabdeh inzibati orqana müraciət edərək "xxxx" MTK-dan ipoteka krediti yolu ilə əldə etdiyi mənzilin bank borcunun Bakı şəhəri Nəsimi Rayon İcraHakimiyyətindən tutularaq tam həcmdə ödənilməsi xahiş etmiş, lakin cavabdeh orqan bu məqsədlər üçün yerli icra hakimiyyəti orqanlarına vəsait ayrılmadığını bildirərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsinin icrası məqsədilə ilə dövlət büdcəsindən ayırmaların hansı dövlət orqanına yönəldilməsi barədə sorğu ünvanlanmışdır. Məhkəmə iclasında Maliyyə Nazirliyinin nümayəndəsi təmsil etdiyi orqanın mövqeyini bununla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdir. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qusursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında əvəzsiz maliyyə yardımının göstərilməsi qeyd olunmuşdur. Lakin, sözügedən Qanunda nəzərdə tutulmuş həmin təminat işlək mexanizmə malik olmadığından bu məqsədə dövlət büdcəsində vəsait nəzərdə tutulmur. Həmçinin qeyd olunmalıdır ki, ipoteka vasitəsilə mənzilin alınması qaydası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə tənzimlənir. Həmin Qaydaya görə ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları («Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) güzəştli ipoteka kreditindən istifadə etmək hüuquna malikdirlər. Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 15 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, ehtiyatda olan polkovnik-leytenant İddiaçı adı 1994-cü ildən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılması üçün müvafiq komissiyaya təqdim olunmuş adlı siyahıya daxil edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Göründüyü kimi “mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımının olması” qanunda göstərilsədə, bu məqsədlə dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı, lakin hərbi qulluqçuların mənzil məsələlərinin həll edilməsi məqsədilə diğər normativ aktlar qəbul olunması müəyyən olunur. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Pespublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 saylı Fərmanı ilə Azərbaycan Ordusunda 20 təqvim ili və daha cox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirinin sədrliyi ilə komissiya yaradılmışdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, qeyd edilən Fərmanın icrası nəticəsində dövlət vəsaiti hesabına binalar inşa edilmiş, artıq 1992- 1993-cü illərdə Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş şəxslər mənzillə təmin olunmuş, İddiaçı adı da 1994-cü ildən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılması üçün müvafiq komissiyaya təqdim olunmuş adlı siyahıya daxil edilmişdir və tezliklə mənzil ilə təmin olunacaqdır. Bundan əlavə, hərbi qulluqçuların daha tez mənzil əldə etmələrinə şəratin yaradılması məqsədilə hərbi qulluqçular həm də, güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər sırasına daxil edilmişlər. Belə ki, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 3.2.4-ci bəndinə əsasən ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Lakin işin hallarından görünür ki, iddiaçı hərbi qulluqçulara verilən güzəştli şərtlərlə ipoteka hüququndan da istifadə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilməsi”nə dair dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanı üçün vəsait nəzərdə tutulmadığından, həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra qəbul edilmiş digər normativ aktlarda hərbi qulluqçuların mənzillə təmin edilməsinin yeni nizama salınması həyata keçirildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 07 iyun2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1388/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2207/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2207/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver