Məhkəmə qərarları › İş №2-1(103)-2207/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2207/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2207/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin (1996-2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin(1996- 2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus xx.xx.2002-ci il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçasının və xx.xx.1979-cu il tarixli kolxozçu əmək kitabçasının surətlərinə əsasən İddiaçı sığofta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 14.826,20 manat olmaqla tələb olunan məbləğdən (28.800 manatdan) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək X. İsmayılovun fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X2 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək iddiaçının işlədiyi "Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Mübahisələndirilən dövrlərin arxiv arayışları ilə təsdiqinə dair məlumatların əldə edilməsi mümkün olmamışdır.Təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 20 il təşkil edir. Bu müddət ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda sığortaolunanın fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı da İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsinə imkan vermir. Bu səbəbdən iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddesine müvafiq olaraq tələb edilən pensiya kapitalı və sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək keçmiş Şaumyan” adına kolxozda kolxozçu, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək keçmiş Kirovabad baş qarajında sürücü, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək keçmiş Şamxor sovxozunda fəhlə, xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək sürücü işləmişdir. xx.xx.1995-ci ildə “Kənd mexanikləşdirmə tikinti-təmir sazlama Tresti”nin 4 nömrəli X1 Qarajına sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı ildə həmin idarədən “Bakı Quraşdrıma İşəsalma Sazlama” müəssisəsinə köçürmə yolu ilə azad edilmişdir, xx.xx.1996-cı ildə “Bakı Quraşdrıma İşəsalma Sazlama” müəssisəsinin Mərkəzi Qarajına sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək həmin idarədə icraçı işləmişdir. xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildən xx.xx.2002- ci ilədək işlədiyi illər ******* saylı əmək kitabçasında qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İşin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı 11100 nömrəli, 16 oktyabr 1979cu il tarixli “Kolxozçunun əmək kitabçası” na və ******* nömrəli xx.xx.2002-ci il tarixli əmək kitabçasına əsasən və həqiqi hərbi xidməti nəzərə alınmaqla cəmi 25 il 11 ay,13 gün təşkil edir. Göründüyü kimi iddiaçının 25 ildən çox ümumi iş stajı iş materiallarında olan sənədləri ilə təsdiq edilmişdir. İddiaçının pensiya kapitalı pensiya təminatına imkan verməməsinə baxmayaraq, onun 25 ildən iş stajı olması, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Apellyasiya şikayətində qeyd edilən “ iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2002- ci il tarixinədək işləmiş olduğu “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsinin arxiv sənədləri saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün əmək pensiyası təyin edilməsi üçün ümumi stajına daxil etməmişdir dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1. –ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmçinin şikayətdə göstərilmiş “Təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 20 il təşkil edir.” dəlili ilə bağlı məhkəmə kolegiyası bildirir ki, iddiaçının təqdim etdiyi əmək kitabçaları ilə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi iş stajı təsdiqlənir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən əmək kitabçalarının saxta olması, onlarda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Halbuki “İnzibati icraat haqqında ”Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut iş materiallarında yoxdur. Göründüyü kimi, inzibati orqanın əmək kitabçasında göstərilən müəssisələrinin hüquqi ünvanının məlum olmadığı əsası ilə pensiya təyin olunmasından imtina etməsi “İnzibati icraat haqqında” Qanunla inzibati orqanlar üçün müəyyən olunmuş vəzifələrlə uzlaşmır. Belə ki, inzibati orqan əmək kitabçasında əksini tapmış məlumatların yalnız həqiqətə uyğun olmadığı halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, , iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin(1996- 2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar