Məhkəmə qərarları › İş №2-1(103)-2207/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2207/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2207/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinə (Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Qərarın ləğv edilməsi, riskli vergi ödəyiciləri siyahısından çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********168200 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qərarın ləğv edilməsi və s.” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X4 vergi ödəyicisi İddiaçı barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********168200 №-li qərar qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), X3, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. xx.xx.2023- cü tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilir. Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunur. Vergi orqanının gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, müəssisənin icarə müqaviləsi əsasında istifadəsində qum çınqıl karxanası vardır ki, həmin karxanada 800 836 kub metr istehsal həcmindən artıq qum çınqıl mövcud olmuşdur. Bunu təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edirik. Hesab edirik ki, vergi orqanının vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********168200 №-li xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalı və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır .

4. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə təqdim edilmişdir. Belə ki, müəssisənin riskli vergi ödəyicisi hesab edilməsilə bağlı Qərar 22 may 2023-cü il tarixdə qəbul edilərək müəssisənin elektron kabinetinə göndərilmişdir və vergi ödəyicisi tərəfindən elektron kabinetdə xx.xx.2023-ci il, saat 10:29:15-də oxunmuşdur (Oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilir). Aydın olur ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinə diqqət yetirdikdə iddiaçı tərəfindən Qərarın hansı səbəbə ləğv edilməli olduğu barədə əsaslandırmanın, Qərarın qəbul edilməsi ilə ona hansısa məhdudiyyətlərin gətirilib-gətirilməməsinin qeyd edilməməsini görürük. Bu isə, iddianın mümkünlüyünə zidd bir haldır. İddiaçı MMC xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi inşaat materiallarının topdan satışı (Fəaliyyət kodu- 4673013) qeyd edilmişdir. Sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2023) ərizə ilə müraciət edilərək, cəmiyyətin əsas fəaliyyət növü kimi sənaye və tikinti üçün qum və çınqıl hasilatı (Fəaliyyət kodu-0812101), əlavə fəaliyyət növü kimi şüşənin topdan satışı (Fəaliyyət kodu-4673008), inşaat materiallarının topdan satışı (Fəaliyyət kodu- 4673013), qum və çınqılın topdan satışı (Fəaliyyət kodu4673005), malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət (Fəaliyyət kodu5210101) qeyd edilmişdir. İddiaçı hüquqi şəxsin fəaliyyət göstərdiyi bütün dövr ərzində biri anbar, digər üçü isə karxana olmaqla 4 obyekti olmuşdur. xx.xx.2022-ci il tarixdə Quba rayonu, Vəl- Vələ ünvanında yerləşən obyekt qumçınqıl karxanası kimi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən obyekt anbar kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə Quba rayonu, 2 Nügədi ünvanında yerləşən obyekt qum-çınqıl karxanası Qaraçay adı ilə qeydiyyata alınmış, xx.xx.2023cü il tarixdə qeydiyyatdan çıxarılmış, 10.01,2023-cü il tarixdə Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt qum-çınqıl karxanası kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, vergi borcu 2.935.959,60 manat təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Vergi ödəyicisi tərəfindən ƏDV depozit hesabı üzrə riskli əməliyyatların aparılması, əldə edilmiş vəsaitin digər vergi ödəyicilərinə köçürülməklə, dolayı yolla gömrük orqanlarına köçürərək idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq, Cəmiyyətin 10 yanvar - 02 mart 2023-cü il tarixləri aralığında Quba rayonu, Əlməmmədova kəndində qeydiyyatda olmuş təsərrüfat subyektinin (obyektinin) aktiv fəaliyyətinin mövcud olub-olmamasını müəyyən etmək, istehsal həcminin dəqiqləşdirilməsi məqsədilə aparılmış əməliyyatların təhlil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2,ci meyarına əsasən qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir. Obyektin fotoşəkilləri çəkilmiş, səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırmanın nəticəsi barədə akt tərtib olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur. Vergi ödəyicisi iddia ərizəsində qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilən qərar əsassızdır. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı qərarın yuxarıda da qeyd edildiyi kimi hansı səbəblərdən qəbul edildiyi əsaslandırılmışdır. Eyni zamanda qərarda qeyd edilir ki, vergi ödəyicisində ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Qərarın qəbul edilməsi üçün əsas olmuş hallar böyük həcmdə cədvəlləri ehtiva edən sənədlər olduğundan qərarda qeyd edilməsi qeyrimümkündür. “Hesabat-axtarış” informasiya sistemində aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixləri aralığında digər şəxslərə eqaimə faktura üzrə “avtomobil ehtiyat hissələri, kosmetik (gözəllik) vasitələri, karxana məmulatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimatları, çay məhsulları” və s. bu kimi bir-biri ilə uyğunluq təşkil etməyən mallar təqdim edilmiş, bir sıra ödəyicilər tərəfindən alınmış malların dəyəri (o cümlədən ƏDV) Cəmiyyətə ödənilməmişdir, hansı ki, sadalanan malların əksər hissəsi vergi ödəyicisinin fəaliyyət növünə uyğun olmayan malları təşkil edir. (Sənədlər qoşmaya əlavə edilir) Yuxarıda qeyd edildiyi kimi, iddiaçı vergi ödəyicisi aktiv qalan ən son obyektinin xx.xx.2023-cü il tarixdə qeydiyyatını ləğv etdirsə də, aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, bu tarixdən sonra külli miqdarda, fəaliyyət növünə uyğun olmayan fərqli çeşid və növlərdə (geyim əşyaları, avtomobil ehtiyat hissələri, sabunlar, ətirlər, şampunlar, kosmetik vasitələr, mətbəx əşyaları və s.) mal alışı həyata keçirmişdir. Həmin dövrdə aydındır ki, müəssisənin fəaliyyət göstərən heç bir obyekti olmamış, alınan malların hansı məkana yerləşdirilməsi isə sual doğuran məqam olaraq qalmışdır. Bu hal isə, cəmiyyət tərəfindən əməliyyatların heç bir mal olmadan əmtəəsiz şəkildə həyata keçirildiyini sübut edir. Məhkəmənin diqqətinə çatdırırıq ki, yuxarıda qeyd edilən anbar kimi qeydiyyata salınan obyektin ölçüsü 100 kv.metr olmuşdur. Fəaliyyət növü inşaat materiallarının topdan satışı olan cəmiyyətin bu dərəcədə kiçik sahəsi olan obyekti idxal etdiyi, obyektin sahəsi ilə müqayisə oluna bilməyəcək dərəcədə iri həcmli inşaat materiallarını yerləşdirməsi üçün istifadə etməsi isə məntiqdən kənar bir hal kimi dəyərləndirilməlidir. Həmçinin, xx.xx.2022-ci il tarixdə həmin anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş DVX №008236 Aktda anbarda heç bir mal qalığının aşkar olunmaması qeyd olunmuşdur ki, bu da ödəyicinin vergidən yayındığına və sənəd satışı ilə məşğul olduğuna əsas verir. Eyni zamanda, bildiririk ki, Quba rayonu, Əlməmmədova ünvanında yerləşən karxanaya xx.xx.2023-cü il tarixdə baxış keçirilməsi nəticəsində vergi ödəyicisinin səlahiyyətli nümayəndəsindən izahat alınmış, lakin nümayəndəyə verilən etibarnamənin xx.xx.2023-cü il tarixdə verildiyi məlum olmuşdur. Belə ki, izahatda nümayəndənin cəmiyyətin fəaliyyəti haqqında tamamilə məlumatsız olmasını qeyd etməsi vergi ödəyicisinin sualların cavablandırılmasından qəsdən yayınmasına dəlalət edir. Vergi ödəyicisinin riskli hesab edilməsi haqqında qərarda qeyd olunan risk meyarını təşkil edən hallar iddiaçının riskli fəaliyyətinin yalnızca cüzi hissəsini təşkil edir və vergidən yayınma hallarına gətirib çıxaran riskli əməliyyatların hansı yollarla həyata keçirilməsi barədə daha geniş formada cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı məlumat veriləcəkdir. Göründüyü kimi, vergi orqanı tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsaslı olmuşdur. İddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması ehtimalı onun tərəfindən yol verilən vergidən yayınma hallarına qəsdən şərait yaradılması anlamına gələcəkdir. Bildirirlər ki, prosessual qanunvericiliyə uyğun olaraq, məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməlidir.

5. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********168200 nömrəli qərar ləğv edilməsi, İddiaçı MMC-nin riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdeh iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu hesab edərkən onun ümumiyyətlə 800.836 kub metr həcmdə istehsal həcminin olmadığına əsaslanmışdır. Halbuki, İddiaçı MMC üzrə kameral vergi yoxlaması zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır ki, bu araşdırma nəticəsində vergi orqanı iddiaçının xx.xx.2022- xx.xx.2022 dövrü ərzində ümumilikdə 45.848 kub metr həcmdə çınqıl xammalı, 22.970 kub metr həcmdə tikinti qumu hasilatının olduğunu, eyni zamanda müəyyən etmişdir.

8. Göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan iki qurum, yəni DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi iddiaçının istehsal həcmi ilə bağlı bir birinə zidd olan mövqeyilər irəli sürmüşdürlər. Halbuki, hər iki qurum Dövlət Vergi Xidmətinin struktur bölməsinə aid olan qurumlar olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Başqa sözlə desək hər iki qurum Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Dövlət Vergi Xidmətinin qolları olmaqla həmin Xidmətin strukturuna daxildirlər. Bu isə ona dəlalət edir ki, bir Xidmətin strukturuna daxil olan iki ayrı qurum tərəfindən vergi ödəyicisinin eyni dövrü üzrə fərqli və bir-birinə zidd mülahizələr irəli sürməsi qanunaziddir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz fəaliyyətində qadağa olunmuş və ya lisenziya tələb olunan malların satışı ilə məşğul olmadığından, eyni zamanda onun göstərdiyi hər hansı bir əməliyyat Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda riskli vergi ödəyicisi hesab olunması üçün səciyyələnmiş halların əhatə dairəsinə düşmədiyindən, o, riskli vergi ödəyicisi hesab olunmur. Odur ki, onun riskli vergi ödəyicisi hesab olunması barədə qərar ləğv olunması və iddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1740/2024 nömrəli, 13 iyun 2024-cü il qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-63/2025 saylı, 13. 02. 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2- 1(103)-1740/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

15. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi iddiaya dair yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

ə) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının və 3-cü şəxsin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (21 noyabr 2024-cü ilə qədər olan redaksiya) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində cavabdeh tərəfindən qərar tam olaraq mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmetini aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edilməsi və bununla bağlı iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi təşkil edir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2.-ci bəndinə görə) (21 noyabr 2024-cü ilə qədər olan redaksiya).

27. Belə ki, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********168200 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

28. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir. Obyektin fotoşəkilləri çəkilmiş, səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırmanın nəticəsi barədə akt tərtib olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur (işin İ cildi: iş v.48-49).

29. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.

30. İddiaçı və iddiaçının dəlilləri ilə razılaşan Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdeh iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu hesab edərkən onun ümumiyyətlə 800.836 kub metr həcmdə istehsal həcminin olmadığına əsaslanmışdır. Halbuki, İddiaçı MMC üzrə kameral vergi yoxlaması zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır ki, bu araşdırma nəticəsində vergi orqanı iddiaçının xx.xx.2022- xx.xx.2022 dövrü ərzində ümumilikdə 45.848 kub metr həcmdə çınqıl xammalı, 22.970 kub metr həcmdə tikinti qumu hasilatının olduğunu, eyni zamanda müəyyən etmişdir.

31. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-63/2025 saylı, 13. 02. 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2- 1(103)-1740/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır və həmin qərarda məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki:

32. “...37. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həmin maddi hüquq normalarının müddəaları çərçivəsində tam və hərtərəfli araşdırmamışdır.

38. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı MMC xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi inşaat materiallarının topdan satışı qeyd edilmiş, sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2023) ərizə ilə müraciət edilərək, cəmiyyətin əsas fəaliyyət növü kimi sənaye və tikinti üçün qum və çınqıl hasilatı, əlavə fəaliyyət növü kimi şüşənin topdan satışı, inşaat materiallarının topdan satışı, qum və çınqılın topdan satışı, malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət qeyd edilmişdir. İddiaçı hüquqi şəxsin fəaliyyət göstərdiyi bütün dövr ərzində biri anbar, digər üçü isə karxana olmaqla 4 obyekti olmuşdur (Yoxlama zamanı yalnız Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt - qum-çınqıl karxanası və ünvan 5 ünvanında yerləşən obyekt - anbar kimi aktiv təsərrüfat subyektləri olmuşdur). 39. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2-ci meyarına əsasən qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir. Obyektin fotoşəkilləri çəkilmiş, səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırmanın nəticəsi barədə akt tərtib olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur (işin İ cildi: iş v.50-51). 40. xx.xx.2023-cü il tarixdə “Riskli vergi ödəyicisi hesab edilmə barədə” qərar qəbul edilmişdir. 41. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixləri aralığında digər şəxslərə eqaimə faktura üzrə “avtomobil ehtiyat hissələri, kosmetik (gözəllik) vasitələri, karxana məmulatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimatları, çay məhsulları” və s. bu kimi bir-biri ilə uyğunluq təşkil etməyən mallar təqdim edilmiş, bir sıra ödəyicilər tərəfindən alınmış malların dəyəri (o cümlədən ƏDV) Cəmiyyətə ödənilməmişdir. 42. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı vergi ödəyicisi aktiv qalan ən son obyektinin xx.xx.2023-cü il tarixdə qeydiyyatını ləğv etdirsə də, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, bu tarixdən sonra külli miqdarda, fəaliyyət növünə uyğun olmayan fərqli çeşid və növlərdə (geyim əşyaları, avtomobil ehtiyat hissələri, sabunlar, ətirlər, şampunlar, kosmetik vasitələr, mətbəx əşyaları və s.) mal alışı həyata keçirmişdir. 43. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan məsələlər işin faktiki hallarını təşkil etdiyi halda və “riskli vergi ödəyicisi” anlayışı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində, eyni zamanda geniş şəkildə sözügedən “meyarlar”da xüsusi ilə 2.1.2., 3.1., 3.1.1., 3.1.2-ci bəndlərində müəyyən edildiyi təqdirdə, tam, hərtərəfli və müfəssəl məhkəmə araşdırması aparmadan, apellyasiya instansiyası məhkəməsinin iddiaçının riskli vergi ödəyicisi hesab olunmaması barədə gəldiyi əsaslandırılmamış qətiyyətli nəticəsi qanuna uyğun sayıla bilməz.....”

33. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı dəfələrlə məhkəmə iclasları barədə xəbərdar edilsə də iddiaçının səlahiyyətli nümayəndəsi (vəkili) məhkəmə Kollegiyasının heç bir iclasında iştirak etməmişdir.(İddiaçının iddia ərizəsindəki ünvana göndərilən bildiriş isə həmin ünvanda olmadığı səbəbi ilə məhkəməyə geri qaytarılmışdır.)

34. Təkrar apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-63/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarındakı hüquqi göstərişlər baxımından və cavabdehin nümayəndəsinin şifahi vəsatətini nəzərə alaraq "xxxx" ASC-yə Quba rayonu ərazisində yerləşən və **********9 nömrəli abunə kodu ilə qeydiyyata alınan qum-çınqıl karxanası üzrə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində elektrik enerjisi sərfiyyatına dair məlumatın təqdim edilməsi ilə bağlı 03 iyun 2025-ci il tarixli məhkəmə sorğusu göndərilmişdir.

35. Sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli məktubda "xxxx" ASC qeyd etmişdir ki, abunə kodu üzrə istehlak edilmiş elektrik enerjisini və ödənişləri əks etdirən abunə haqqında məlumat vərəqəsini təqdim etməklə bildirirlər ki, göstərilən tarixlər ərzində 20.114,7 manat dəyərində 201.147 kVts elektrik enerjisi istehlak edilmişdir.

36. Bundan sonra məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-63/2025 saylı, 13.02. 2025-ci il tarixli qərarındakı hüquqi göstərişlər baxımından və cavabdehin nümayəndəsinin şifahi vəsatətini nəzərə alaraq iş üzrə məhkəmə -texniki ekspertizası təyin olunması barədə 28 oktyabr 2025ci il tarixli qərardad qəbul etmişdir.

37. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:(Suallar qoyularkən abonent barədə məlumatlar, yəni iddiaçıya məxsus sayğacın iddiaçının adına qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən nəzarət tədbiri həyata keçirilmiş xx.xx.2023-cü il tarixədək olan dövr və abonent məlumatlarındakı nəzarət tədbiri dövrünə ən yaxın tarix nəzərə alınmışdır.)

1. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı MMC-yə dair “Abunə haqqında məlumat”ına əsasən İddiaçı MMC-yə məxsus Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt - qum-çınqıl karxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək **********9 nömrəli abunə kodu üzrə enerji sərfiyyatı nə qədər olmuşdur?(Sərfiyyat hesablanarkən xx.xx.2023-cü il tarixədək olan sərfiyyat qalığı nəzərə alınmamaqla).

2. 1-ci sual üzrə müəyyən olunmuş enerji sərfiyyatı nəzərə alındıqda vergi ödəyicisi İddiaçı MMC 800. 836,0 kub metr həcmdə qum-çınqıl istehsal edə bilərmi?

3. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı MMC-yə dair “Abunə haqqında məlumat”ına əsasən İddiaçı MMC-yə məxsus Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt - qum-çınqıl karxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək **********9 nömrəli abunə kodu üzrə enerji sərfiyyatı nə qədər olmuşdur?(Sərfiyyat hesablanarkən xx.xx.2023-cü il tarixədək olan sərfiyyat qalığı nəzərə alınmamaqla).

4. 3-cü sual üzrə müəyyən olunmuş enerji sərfiyyatı nəzərə alındıqda vergi ödəyicisi İddiaçı MMC 800.836,0 kub metr həcmdə qum-çınqıl istehsal edə bilərmi? Ekspertizanın aparılması "xxxx" ASC-nin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2025-ci il tarixli məktubu ilə belə ekspertiza aparılması üçün metodika olmadığından ekspertiza aparılmasından imtina etmişdir.

39. Məhkəmə Kollegiyası təkrar apellyasiya baxışı zamanı dəfələrlə məhkəmə iclasları barədə xəbərdar edilsə də iddiaçının səlahiyyətli nümayəndəsi (vəkili) məhkəmə Kollegiyasının heç bir iclasında iştirak etməmədiyini (İddiaçının iddia ərizəsindəki ünvana göndərilən bildiriş isə həmin ünvanda olmadığı səbəbi ilə məhkəməyə geri qaytarılmışdır.) və ekspertiza təyin olunması barədə qərardadda qoyulmuş sualların cavablandırılması üçün mütəxəssis rəyinin verilməsi ilə bağlı ilkin olaraq müvafiq qurumlara ödəniş edilməli olduğunu nəzərə alaraq mütəxəssis rəyinin verilməsi ilə bağlı qərardad qəbul edilməsinin müzakirə edilməsinə lüzum görməmişdir.

40. Məhkəmə Kollegiyası iş materiallarını, o cümlədən işdə olan və təkrar apellyasiya baxışı zamanı əldə olunmuş sübutları ətraflı araşdırmaqla qiymətləndirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin olunmalıdır.

41. Belə ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi inşaat materiallarının topdan satışı (Fəaliyyət kodu-4673013) qeyd edilmişdir. Sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2023) ərizə ilə müraciət edilərək, cəmiyyətin əsas fəaliyyət növü kimi sənaye və tikinti üçün qum və çınqıl hasilatı (Fəaliyyət kodu-0812101), əlavə fəaliyyət növü kimi şüşənin topdan satışı (Fəaliyyət kodu-4673008), inşaat materiallarının topdan satışı (Fəaliyyət kodu-4673013), qum və çınqılın topdan satışı (Fəaliyyət kodu 4673005), malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət (Fəaliyyət kodu5210101) qeyd edilmişdir.

42. İddiaçı hüquqi şəxsin fəaliyyət göstərdiyi bütün dövr ərzində biri anbar, digər üçü isə karxana olmaqla 4 obyekti olmuşdur. xx.xx.2022-ci il tarixdə Quba rayonu, Vəl-Vələ ünvanında yerləşən obyekt qumçınqıl karxanası kimi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən obyekt anbar kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə Quba rayonu, 2 Nügədi ünvanında yerləşən obyekt qum-çınqıl karxanası Qaraçay adı ilə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2023-cü il tarixdə Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt qum-çınqıl karxanası kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə qeydiyyatdan çıxarılmışdır.

43. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, vergi borcu 2.935.959,60 manat təşkil edir.

44. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir.

45. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

46. Belə ki, qeyd olunduğu kimi, Vergi ödəyicisi tərəfindən ƏDV depozit hesabı üzrə riskli əməliyyatların aparılması, əldə edilmiş vəsaitin digər vergi ödəyicilərinə köçürülməklə, dolayı yolla gömrük orqanlarına köçürərək idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq, Cəmiyyətin 10 yanvar - 02 mart 2023-cü il tarixləri aralığında Quba rayonu, Əlməmmədova kəndində qeydiyyatda olmuş təsərrüfat subyektinin (obyektinin) aktiv fəaliyyətinin mövcud olub-olmamasını müəyyən etmək, istehsal həcminin dəqiqləşdirilməsi məqsədilə aparılmış əməliyyatların təhlil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2,ci meyarına əsasən qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir.

47. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir.

48. Obyektin fotoşəkilləri çəkilmiş, Quba rayonu, Əlməmmədova ünvanında yerləşən karxanaya xx.xx.2023-cü il tarixdə baxış keçirilməsi nəticəsində vergi ödəyicisinin səlahiyyətli nümayəndəsindən izahat alınmış, lakin nümayəndəyə verilən etibarnamənin xx.xx.2023-cü il tarixdə verildiyi məlum olmuşdur və araşdırmanın nəticəsi barədə akt tərtib olunmuşdur. (işin İ cildi: iş v.50-51).

49. Beləliklə, abonent barədə məlumatlara əsasən iddiaçıya məxsus sayğacın iddiaçının adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığı müəyyən olunur.Həmin tarixdən nəzarət tədbiri həyata keçirilmiş xx.xx.2023-cü il tarixədək olan çox qısa dövr ərzində isə elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə çınqıl istehsal etməyin mümkün olması da ağlabatan deyildir.

50. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur.

51. Məhkəmə Kollegiyası işin yuxarıdakı faktiki hallarına əsaslanaraq qeyd edir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı qərarın yuxarıda da qeyd edildiyi kimi hansı səbəblərdən qəbul edildiyi əsaslandırılmışdır.

52. Eyni zamanda qərarda qeyd edilir ki, vergi ödəyicisində ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir.

53. “Hesabat-axtarış” informasiya sistemində aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixləri aralığında digər şəxslərə e-qaimə faktura üzrə “avtomobil ehtiyat hissələri, kosmetik (gözəllik) vasitələri, karxana məmulatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimatları, çay məhsulları” və s. bu kimi bir-biri ilə uyğunluq təşkil etməyən mallar təqdim edilmiş, bir sıra ödəyicilər tərəfindən alınmış malların dəyəri (o cümlədən ƏDV) Cəmiyyətə ödənilməmişdir, hansı ki, sadalanan malların əksər hissəsi vergi ödəyicisinin fəaliyyət növünə uyğun olmayan malları təşkil edir. (Sənədlər iş materiallarına əlavə edilmişdir).

54. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı vergi ödəyicisi aktiv qalan ən son obyektinin xx.xx.2023-cü il tarixdə qeydiyyatını ləğv etdirsə də, aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, bu tarixdən sonra külli miqdarda, fəaliyyət növünə uyğun olmayan fərqli çeşid və növlərdə (geyim əşyaları, avtomobil ehtiyat hissələri, sabunlar, ətirlər, şampunlar, kosmetik vasitələr, mətbəx əşyaları və s.) mal alışı həyata keçirmişdir. Həmin dövrdə aydındır ki, müəssisənin fəaliyyət göstərən heç bir obyekti olmamış, alınan malların hansı məkana yerləşdirilməsinə dair isə təkrar apellyasiya baxışı zamanı dəfələrlə məhkəmə iclasları barədə xəbərdar edilsə də iddiaçının səlahiyyətli nümayəndəsi (vəkili) məhkəmə Kollegiyasının heç bir iclasında iştirak etməmədiyindən (İddiaçının iddia ərizəsindəki ünvana göndərilən bildiriş isə həmin ünvanda olmadığı səbəbi ilə məhkəməyə geri qaytarılmışdır.) ağlabatan dəlil təqdim olunmamışdır. 55.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3.-cü maddəsinə əsasən Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. 56.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

57. Beləliklə, məhkəmə Kollegiyası iddiaçı tərəfindən əməliyyatların heç bir mal olmadan əmtəəsiz şəkildə həyata keçirildiyi nəticəsinə gəlinir.

58. Göründüyü kimi, iddiaçı cavabdehin qəbul etdiyi mübahisələndirilən qərarın əsaslı olması barədə cavabdehin təqdim etdiyi sübutların və dəlilləri təkzib edəcək hər hansı sübut və dəlil təqdim etməmişdir.

59. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd edilən anbar kimi qeydiyyata salınan obyektin ölçüsü 100 kv.metr olmuşdur.

60. Fəaliyyət növü inşaat materiallarının topdan satışı olan cəmiyyətin bu dərəcədə kiçik sahəsi olan obyekti idxal etdiyi, obyektin sahəsi ilə müqayisə oluna bilməyəcək dərəcədə iri həcmli inşaat materiallarını yerləşdirməsi üçün istifadə etməsi dəlili isə aydındır ki, əsaslı sayıla bilməz.

61. Həmçinin, xx.xx.2022-ci il tarixdə həmin anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş DVX №008236 Aktda anbarda heç bir mal qalığının aşkar olunmaması qeyd olunmuşdur.

62. Eyni zamanda, Quba rayonu, Əlməmmədova ünvanında yerləşən karxanaya xx.xx.2023-cü il tarixdə baxış keçirilməsi nəticəsində vergi ödəyicisinin səlahiyyətli nümayəndəsindən izahat alınmış, lakin nümayəndəyə verilən etibarnamənin xx.xx.2023-cü il tarixdə verildiyi məlum olmuşdur. (işin İ cildi: iş v.-51).

63. Beləliklə, izahatda nümayəndənin cəmiyyətin fəaliyyəti haqqında tamamilə məlumatsız olmasını qeyd etməsi də vergi ödəyicisinin xeyrinə izah olunan hal deyildir.

64. Məhkəmə Kollegiyası prosessual qanunvericiliyə uyğun olaraq, iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərməklə ətraflı və hərtərəfli məhkəmə araşdırması nəticəsində müəyyən etmişdir ki, vergi orqanı tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsaslı olmuşdur.

65. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, odur ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar