Məhkəmə qərarları › İş №2-1(103)-2208/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2208/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2208/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2208/2023 (Açar sözlər: “torpaq sahəsinə dair çıxarışın verilməsi”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Səid Şahniyar oğlu İbrahimlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 4/1338 saylı, xx.xx.2007-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Bakı şəhəri XDS İK—nin 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarı rəhbər tutularaq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq İddiaçı Səfərəli qızına fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv. metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Bakı şəhəri Q.Qarayev prospekti ev 47 mənzil 124 saylı evdə yaşayan İddiaçı Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən sahə 11, yer 607.

2. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 1/2560 saylı, 09 dekabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, Sabunçu rayon Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hər hansı məqsədlə torpaq sahəsini ayırma səlahiyyəti yoxdur və qeyd edilən sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində yoxdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən verilmiş imtina məktubunun əsassız və qanunsuz hesab edilməsi və qanuni mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən sahə 11 yer 607 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən sahə 11 yer 607 saylı torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbə Nümayəndəliyinin 4/1338 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m torpaq sahəsi onun istifadəsinə ayrılmışdır. Həmin vaxtdan hal-hazıra kimi sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir, lakin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022cı il tarixli məktubu ilə torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. O, qanunla tələb edilən bütün hüquqmüəyyənedici sənədləri təqdim etsə də cavabdeh heç bir əsas olmadan, yalnız formal mülahizəyə əsaslanıb qanunsuz olaraq ərizəsinin icrasından imtina etmişdir.

5. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qərarı 2001-ci il yanvarın 1-dən sonra qəbul edilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bağ sahələri üçün ayrılmış ərazidə yerləşməklə 4088a saylı bağ sahəsinin yerinə uyğun gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

6. Məhkəmənin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia ərizəsində cavabdehin adı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi” kimi dəyişdirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2248/2023 nömrəli qərarı ilə İddiaçı Səfərəli qızınun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə surəti təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 4/1338 saylı qərarı xx.xx.2007-ci il tarixlidir. İstər həmin dövr qanunvericilik, istərsə də hazırdə qüvvədə olan qanunvericilikdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixdə hər hansı məqsədlə torpaq sahəsi ayırma səlahiyyəti nəzərdə tutulmamışdır.

9. Birinci instansiya məhkəməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə, “İnzibati icraat haqqında” Qanununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8.0.07-ci, 10.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(112)-2248/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Чаıdaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən sahə 1 1, yer 607 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyt Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərar hazırki vəziyyətdə işin hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir.İddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21,24, 28, 45 və 61-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və burunla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan (orqanlar, o cümlədən məlikəmə) haqqında məlumat öz əksini tapmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21,24, 28, 45 və 61-ci maddələrinin tələblərinə əməl olunmaması, iddiaçı, qanunla tələb edilən bütün hüquqmüəyyənedici sənədləri təqdim etsə də cavabdehin heç bir əsas olmadan, yalnız formal mülahizəyə əsaslanıb qanunsuz olaraq ərizəsinin icrasından imtina etməsi, belə ki, həmin ərazidə olan qonşularda olan sənədlər əsasında qonşular torpaq sahəsinə çıxarış ala bilmələri, həmin ərazinin kənd təsərrüfatı təyinatlı ərazi olmaması, iddiaçının qonşularında olan sənədlərin iddiaçıda da olması, Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş bərabərlik prinsipinə əsaslanaraq iddiaçının da mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüququnun yaranması üçün əsas olması məzmununda izahat verərək Apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini etmişdir.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

22. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

23. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən sahə 11 yer 607 saylı torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbə Nümayəndəliyinin 4/1338 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə ayrılmış, həmin vaxtdan hal-hazıra kimi sözügedən torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuş, lakin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh orqan Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2001-ci il tarixindən sonra ayrılmış torpaq sahələrinin qeydiyyatının aparılması qanunvericilikdə nəzərdə tutulmamasına istinad edərək müraciətin təminindən imtina etmişdir.

24. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 4/1338 saylı, xx.xx.2007-ci il tarixli qərarından çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri XDS İK—nin 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarı rəhbər tutularaq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq İddiaçı Səfərəli qızına fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv. metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması müəyyən edilmişdir.

25. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 1/2560 saylı, 09 dekabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, Sabunçu rayon Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hər hansı məqsədlə torpaq sahəsini ayırma səlahiyyəti yoxdur və qeyd edilən sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində mövcud deyildir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə surəti təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 4/1338 saylı qərarı xx.xx.2007-ci il tarixlidir. Göründüyü kimi, istər həmin dövr qanunvericilikdə, istərsə də hazırda qüvvədə olan qanunvericilikdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixdə hər hansı məqsədlə torpaq sahəsi ayırma səlahiyyəti nəzərdə tutulmamışdır.

27. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi hazırkı iş üzrə iddiaçının maraqları baxımından istinad edilən məqsədlə torpaq sahəsi ayırma səlahiyyətinə əsaslanmış olsa da belə, (Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə belə hal müəyyən edilməmişdir) iddiaçı tərəfindən məhkəməyə hüquqverici sənəd olaraq surəti təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 4/1338 saylı qərarı 2001-ci il yanvarın 1-dək verilmiş qərar olmamaqla, xx.xx.2007-ci il tarixlidir

28. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.

29. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən sahə 11, yer 607 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

30. Apellyasiya şikayətinin yuxarıda hüquqi qiymət verilmiş dəlillərindən başqa “iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21,24, 28, 45 və 61-ci maddələrinin tələblərinə əməl olunmaması, iddiaçı, qanunla tələb edilən bütün hüquqmüəyyənedici sənədləri təqdim etsə də cavabdehin heç bir əsas olmadan, yalnız formal mülahizəyə əsaslanıb qanunsuz olaraq ərizəsinin icrasından imtina etməsi, belə ki, həmin ərazidə olan qonşularda olan sənədlər əsasında qonşular torpaq sahəsinə çıxarış ala bilmələri, həmin ərazinin kənd təsərrüfatı təyinatlı ərazi olmaması, iddiaçının qonşularında olan sənədlərin iddiaçıda da olması, Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş bərabərlik prinsipinə əsaslanaraq iddiaçının da mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüququnun yaranması üçün əsas olması” məzmununda dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla iddiaçının həmin ərazidə olan qonşuları da eyni sənədlər əsasında torpaq sahəsinə çıxarış ala bilmələri ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

31. İkincisi, qanuni əsaslar olmadan digər şəxslərin əldə etdiyi sənədlərə, bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipinin pozulması dəlilinə iddiaçının istinad etməsi məhkəmənin hazırkı iddianı təmin etməli olmasına hüquqi imkan yaratmır.

32. Xüsusən qeyd edilməlidir ki, məhkəmə iddiaçının iddiasını o zaman təmin etməli olardı ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair istinad etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, yaxud Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının tələblərinə uyğun olsun.

33. Məhkəmə Kollegiyası nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

34. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur.

35. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2248/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar