Məhkəmə qərarları › İş №2-1(103)-2208/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2208/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2208/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, həmçinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq İddiaçı pensiyasının xx.xx.2013-cü ildən yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraata iddiaçının 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, əmək pensiyasının yenidən hesablanması hissəsində xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3284/2021 nömrəli qərarı (iddia tələbinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının xx.xx.2013-cü ildən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1527/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci tarixli, 2-1(103)-985/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3284/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının tam icra edilərək onun pensiyasının xx.xx.2013-cü ildən həm 5 illik təhsil müddətini, həm də 2011-ci il üçün fərdi hesabına mədaxil edilmiş pulu nəzərə almaqla yenidən hesablanmasının və ödənilməsinin cavabdehdən tələb ediliməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-3284/2021 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun iddiaçı qismində çıxış etdiyi Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən tam icra edilməməsi barədə ərizəsinə baxilmış və tələbi qəbul edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 saylı iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərarı 1972- 1977 ci illər üzrə əyni təhsil aldığı 5 illik təhsil müddəti və 2011-ci il üzrə (tam 12 ay) səhvən fərdi şəxsi hesabına mədaxil edilməmiş, sonradan 2019-cu ildə bu səhv aradan qaldırıldıqdan sonra 2013-cü ildən (pensiya hüququ yarandığı ildən) pensiyasının yenidən hesablanması haqqında iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh qərarla razılaşmayaraq apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bununla da razılaşmayan cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 saylı iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Hələ Bakı Apellyasiya Məhkəməsində işə baxılmasından öncə cavabdeh onun 1972-1977-ci illər üzrə əyani təhsil aldığı 5 illik təhsil müddətini iş stajı kimi qəbul edilməsi barədə iddiasını qəbul etmiş və pensiyasını yenidən hesablamışdır. Bu barədə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci il taixli “iddia tələbinin qismən təmin edilməsi barədə” ərizə verilmişdir. Sonradan məlum olmuşdur ki, 5 illik təhsil stajının hesablanıb və ödənilməsini də cavabdeh “Əmək pensiyaları haqqında qanun”un 32.1.1-ci maddəsini əsas gətirərək ərizə verilmə tarixindən əvvəlki 3 il üçün hesablayaraq ödəniş etmişdir. Bundan sonra da cavabdeh uzun bir zaman kəsiyində məhkəmə qərarını icra etmək istəməmiş, bu barədə dəfələrlə yazılı və telefon vasitəsi ilə edilmiş müraciətindən sonra nəhayət 2023-cü ilin may ayından pensiyanın yenidən hesablanmasına başlamışlar. Eyni zamanda cavabdeh pensiyanın yenidən hesablanmasını, “Əmək pensiyaları haqqında qanun”un 32.1.1-ci maddəsinə istinadən müraciət etdiyi tarixdən əvvəlki son 3 il üçün ödəyəcəklərini iddiaçıya ünvanladıqları məktubda bildirmişlər. Halbuki iddiaçı pensiyasının pensiyaya çıxdığı xx.xx.2013-cü il tarixindən hesablanıb ona ödənilməsini iddia etmişdir. İddiaçı isə cavabdehin arqumenti ilə razılaşmayaraq yenidən Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, məhkəmə qərarının tam icra edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında qanun”un 32.1.1-ci maddəsinin onun pensiyasının yenidən hesablanıb ödənilməsi üçün məqbul sayıla bilməzliyini qeyd etmişdir. Çünki iddiaçının pensiya hüququ xx.xx.2013-cü ildə yaranmışdır və bu zaman qüvvədə olan “Əmək pensiyaları haqqında “ Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması barədə müraciət edə bilərdilər. İddiaçı hələ ilkin iddiasında pensiyasının düzgün hesablanmadığını 2019-cü ildə “e-sosial.az” saytında qeydiyyatdan sonra aşkar etmişdir. Bu da iddiaçının iradəsindən asılı olmayaraq 2017-ci ilə qədər müraciət edə bilməməyinin səbəbidir. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi ilə müraciətindən sonra cavabdeh Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ancaq məhkəmə nədənsə Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına əsaslanmamış, «Əmək pensiyalar haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq ərizə verildiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2017-ci il tarixdən ödənilməklə məhkəmə qərarının icra edilməsini nəzərdə tutmuşdur. Bu isə iddiaçının pensiya hüququnun pozulması deməkdir. Yəni burada Konstitusiya Məhkəməsinin qərarı əsas götürülməmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsində işə baxılan zaman məhkəmə nədənsə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndindəki “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir” hissəsini əsas kimi nəzərə almamışdır. Halbuki bunlar barədə hələ ilkin iddia ərizəsində bir neçə eyni məzmunlu, qanuni qüvvəsini almış məhkəmə işləri nümunələrini iddia ərizəsinə əlavə etmişdir. Əgər məhkəmə qərarında 2013-cü il tarixdən “ödənilməsi” göstərilməyibsə, bu, anlaşılmazlıq yaradırsa, hesab edir ki, məhkəmə qərarında dəyişiklik edilməlidir. Çünki məhkəmə iclasları zamanı iddiaçı həmişə hesablanıb ödənilməsini istəmişdir və qərarı da o cür başa düşmüşdür. Bütün bu halları nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsində iddianın təmin edilməməsində yanlışlığa yol verilib, eyni zamanda iddiaçının arqumentlərini nəzərə almayaraq əlavə araşdırma aparmadan çox qısa bir zamanda qərardad qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2022-ci ildə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qərar tam icra olunmuşdur. Belə ki, qərardan göründüyü kimi 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi əlaqədar həmin məbləğ pulun da 2011ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq əmək pensiyasının xx.xx.2013-cü ildən yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmiş və cavabdeh tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2013-cü il tarixindən yenidən hesablanaraq 860,51 manatdan 872,41 manata artırılıb, eyni zamanda iddaçıya keçmiş dövr üzrə ödənilməli olan 688,44 manat fərq məbləği hesablanmış, həmin 688,44 manat fərq məbləği cari ilin may ayından etibarən hissə-hissə hər ay 114,74 manat iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Qərarda pensiyanın xx.xx.2013-cü ildən yenidən hesablanması nəzərdə tutulmuşdur və həmin tarixdən də əmək pensiyası yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçı hesablanmış fərqin 2013-cü il tarixdən ödənilməsini də tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda keçmiş dövr üçün alınmamış fərq məbləğinin ödənilməsi qaydası müəyyən edilmişdir. Məhkəmə qərarında isə fərqin qanunda nəzərdə tutulmuş qaydadan fərqli qaydada ödənilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə qərarı cavabdeh tərəfindən tam icra olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ərizədə onun pensiyasının xx.xx.2013-cü ildən həm də 5 illik təhsil müddəti nəzərə almaqla yenidən hesablanmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraata iddiaçının 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, əmək pensiyasının yenidən hesablanması hissəsində xitam verilmişdir. Göründüyü kimi, qeyd olunan hissədə iş üzrə icraata xitam verilmişdir. Bununla əlaqədar olaraq icra hərəkəti nəzərdə tutulmamışdır, ona görə də belə bir icra hərəkətinin tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə (mübahisələndirilən (iddiaçıya aid) hissədə) düzgün nəticəyə gəlmişdir, аpellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır (iddiaçıya aid hissədə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2021 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın (iddiaçıya aid hissədə). Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar