Məhkəmə qərarları › İş №2-1(103)-221/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-221/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-221/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X9 və X8) çıxarış və plan ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1075/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Ləhiş bağ massivi ünvanında 1492 saylı bağ sahəsi 215566 saylı müddətsiz icarə müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İnkişafı və İstismarı Birliyi tərəfindən onun qanuni istifadəsinə verilmişdir. Bağın sənəd üzrə sahəsi 0,12 hektar təşkil edir. Torpaq sahəsi dörd tərəfdən hasar içərisində yerləşir və orada bir sıra abadlıq və ağacəkmə işləri aparmış və faktiki olaraq onun istifadəsi və sahibliyindədir. Sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Adı çəkilən İdarənin mütəxəssisiləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Lakin, 22 noyabr 2018-ci il tarixli **********52 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 1492 saylı bağ sahəsi üzərində hüquqların daşımaz dövlət reyestrində qeydiyyata alınması ilə bağlı təqdim edilmiş hüquqmüəyynedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.metr təşkil etsə də, faktiki olaraq 1451 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş icarə müqaviləsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Arxiv əsaslarında eyni nömrəli bağ eyni müqavilə ilə digər şəxsin adına mövcuddur və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumalarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Bu səbəblərdə ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və hüquqaziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü, 240.1-ci və 240.2-ci maddələrinə, Azərbaycan Respublikası 67-ci və 68-ci maddələrinə, İPM-in 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci və 13.7ci maddələrinə istinad edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən sahəsi 0,12 hektar təşkil edən 1492 saylı bağ sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-650/2019 saylı, 07.03.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-204/2020 saylı, 06.02.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-650/2019 saylı, 07 mart 2019-cu il tarixli qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4934/2020 saylı, 01.10.2020-ci il tarixli qərardadı ilə X10 və X8 üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1075/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1075/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1.200,0 kv.m təşkil etsə də, faktiki olaraq 1.451,0 kv.m-dir və 251,0 kv.m əlavə torpaq sahəsi istifadə edilməkdədir. Həmçinin, təqdim olunmuş icarə müqaviləsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamış və təqdim edilmiş müqavilə istifadəçi (iddiaçı) tərəfindən imzalanmamışdır. Eyni zamanda İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsi eyni müqavilə ilə digər şəxsin (X10) adına mövcuddur və həmin bağ sahəsi şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1075/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1075/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 1492 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 31 oktyabr 2018-ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilmiş hüquqmüəyynedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200.0 kv.metr təşkil etsə də, faktiki olaraq 1451.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş icarə müqaviləsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Arxiv əsaslarında eyni nömrəli bağ eyni müqavilə ilə digər şəxsin adına mövcuddur və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumalarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Bu səbəblər də ərizənin icrası mümkün olmamışdır. - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Ləhiş bağ massivi ünvanında 1492 saylı bağ sahəsi 215566 saylı müddətsiz icarə müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İnkişafı və İstismarı Birliyi tərəfindən iddiaçının (İddiaçı) qanuni istifadəsinə verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 14.06.2006cı il tarixli, 155 nömrəli sərəncamına əsasən X4 və İstismarı Birliyinin 12 iyun 2006-cı il tarixli, 112 nömrəli protokolu təsdiq edilərək, Şüvəlandakı 1492 nömrəli bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir. - Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının iş üzrə verilmiş sorğusuna cavab olaraq cavabdeh DƏDRX 1s. Əİ tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin X4 və İstismarı Birliyi ilə X10 arasında 09 iyul 1999-cu ildə bağlanmış 21566 №-li müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,11 hektar olan 1492 saylı bağ sahəsi X5 icarəsinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 07.07.2005-ci il tarixdə X5 adına Şüvəlan bağ massivində yerləşən sahəsi 0,096 hektar olan 1492 saylı bağ sahəsinə JN22518D KOD 00306016 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmişdir. Bundan başqa, sorğuya cavab olaraq DƏDRX 1s. Əİ tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən həmçinin müəyyən olunur ki, X6 adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,189 hektar olan 1491 və 1492 saylı bağ sahələrinə JN-23211D KOD 00306016 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmiş, sonradan AN-İ №0116157 saylı 13.04.2007-ci il tarixli «Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi»nə əsasən sözügedən 1491 və 1492 saylı bağ sahələri X11 tərəfindən X1, daha sonra isə həmin bağ sahələri 420493 saylı 16.02.2018-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması Müqaviləsi»nə əsasən X3 adına rəsmiləşdirilmiş və bu barədə ona 05.03.2018-ci il tarixdə «Torpaq sahəsiinin plan və ölçüsü», 06.03.2018-ci il tarixdə isə Dövlət reyestrindən «Çıxarış» verilmişdir. - Birinci instansiya məhkəməsinin “mütəxəssis rəyinin təqdim edilməsi barədə” 05 yanvar 2021-ci il tarixli, 2-1(112)-1075/2021 nömrəli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, mütəxəssis qarşısında məhkəmə tərəfindən aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyi tərəfindən verilmiş 21566 nömrəli müqaviləyə əsasən İddiaçı ayrılmış, Şüvəlan ərazisində yerləşən, 0.12 ha ölçüdə, 1492 nömrəli bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil edib-etməməsi; İddiaçı iddia etdiyi 1492 nömrəli bağ sahəsi ilə hazırda daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X3 adına ********** qeydiyyat nömrəsi, 06.03.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş 1492 saylı bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1-ci maddələrini, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1, 88-ci maddələrini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 15.1, 15.2, 19.1, 19.2-ci maddələrini, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrini, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 12.1, 15, 22.2-ci maddələrini, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamını, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.2-3.0.5, 3.0.7, 3.0.11, 3.0.23, 3.0.29-cu bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 17.06.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün” təsvirinin 1, 2-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Baxılan iş üzrə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan, naturada iddia etdiyi bağ sahəsi mübahisəli deyil. Belə ki, həmin bağ sahəsinə dair hazırki iş üzrə üçüncü şəxslərin – Kərimov (Əliyev) Azər Əli-Əsgər oğlunun və X3 hər-hansı bir iddiası mövcud deyil. Həmin bağ sahəsi ilə bağlı sxematik xəritədə uyğunsuzluq onun iradəsindən asılı şəkildə yaranmamışdır. İddiaçının bağ sahəsi ilə digər bağ sahələri tamamilə başqa yerlərdə yerləşirlər. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmaqla müvafiq rəsmiləşdirmə aparılması hazırkı cavabdehin vəzifələri sırasına daxildir. Bundan başqa, iddiaçının tələbi müvafiq ərazidəki 1.451 kv.m ölçüdə deyil, 1.200 kv.m ölçüdə bağ sahəsinin qeydiyyataalınması ilə bağlıdır. Hansı ki, bağ icarə müqaviləsi ilə ona ayrılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmaması və müqavilənin istifadəçi tərəfindən imzalanmamasına gəldikdə isə, məhkəmə kollegiyası belə hesab edir ki, qeyd olunan əsaslar imtina üçün əsas ola bilməz, formal xarakterlidir. Eləcə də, torpaq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluq və eyni nömrə ilə başqa şəxsin adına bağ sahəsinin qeydiyyata alınması, iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqannın səlahiyyətləri daxilindədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1075/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar