Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-221/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4670/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yoxlama ilə əhatə edilən dövr üzrə (xx.xx.2017-xx.xx.2020) qeyd olunan sənədlərin götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbərinin X1 həcminin çox olması ilə əlaqədar sənədləri təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2018-xx.xx.2021) aşağıda qeyd olunan sənədlərin yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq Sənədlərin təqdim edilməsindən imtina barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli **********151836 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********151836 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət Sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslnadırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Bildirirlər ki, "xxxx" MMC-də (VÖEN **********) aparılan səyyar vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədə qeyd olunan sənədlərdən, vergi ödəyicisi tərəfindən sənədlərin bir qismi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş, lakin yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlar təqdim edilməmişdir. Məlumat üçün bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli **********616300 nömrəli məktubla vergi ödəyicisinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4670/2022 nömrəli qərardadı ilə “yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlara dair sənədlərin götürülməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4670/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eləcə də mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151020 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. İddiaçı tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151083 nömrəli Tələbnamə qəbul edilmişdir və həmin Tələbnamədə tələb edilən sənədlərin bir hissəsi "xxxx" MMC tərəfindən vergi orqanına təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də xx.xx.2021-ci il tarixli **********151083 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədə qeyd olunan sənədlərdən, vergi ödəyicisi tərəfindən sənədlərin bir qisminin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təqdim edilməsi qeyd edilmişdir. İddia tələbindən isə görünür ki, iddiaçı hazırda “yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlər, xx.xx.2018-ci ildən təqdim edilmiş avtomobillər və ehtiyat hissələri barədə məlumatlar, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, idxal edilmiş avtomobillər üzrə ban nömrələrində yaranmış uyğunsuzluqların səbəbləri göstərilməklə məlumatlara dair sənədlərin götürülməsi”ni tələb edir. Göründüyü kimi “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151083 nömrəli Tələbnamədə qeyd edilən sənədlər "xxxx" MMC-dən tələb edilməmiş və həmin sənədlərin təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixli **********616300 nömrəli məktubla cavabdehə müraciət edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********151430 nömrəli Səyyar vergi yoxlanması Aktından müəyyən olunur ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nin xx.xx.2018-xx.xx.2021 dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlanılması aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin fəaliyyəti ilə bağlı yoxlanılan dövr üzrə artıq yoxlama aparıldığından, iddia ərizəsində qeyd olunan sənədlərin tələb olunmasına lüzum qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin işə baxılarkən iş üzrə belə sübutların verilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4670/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-221/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-221/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver