Məhkəmə qərarları › İş №2-1(103)-221/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-221/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-221/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 saylı, 04 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə məcburi öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 mart 2022-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanuni əsaslar üzrə əldə etdiyi və uzun illər mülkiyyətçi kimi faktiki sahiblik və istifadə etdiyi ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyri-yaşayış binasının) daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyata alınmasını və iddiaçıya həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Sözügedən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas olan 25 noyabr 1997-ci il tarixli, 314-1/63 №-li "Alqı-satqı" müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmuşdur. Həmin müqavilə Bakı şəhəri 8 saylı dövlət notariat kontorunda bağlanılmışdır. İddiaçı bu müqavilə üzrə alıcı qismində iştirak etmişdir. Onun müraciəti ilə bağlı cavabdehin yazdığı 28 aprel 2022-ci il tarixli, **********01 nömrəli məktubda ərizənin icrasının mümkün olmadığı bildirilir. Cavabdeh bunun səbəbini sözügedən qeyri-yaşayış sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə izah etmişdir. İddiaçı isə cavabdehə 20 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək idarənin mütəxəssislərinə hər cür şərait yaratmağa hazır olduğu və onları obyektə dəvət etdiyini bildirmişdir. Əlaqə yaratmaq üçün istifadə etdiyi mobil telefon nömrələri ərizədə göstərilmişdir. Bu müraciətdən sonra həmin idarənin mütəxəssisləri tərəfindən obyektə texniki baxış keçirilmiş, lakin inventarlaşdırma işləri aparılmamışdır. Cavabdehin iddiaçının hüquqi ünvanına göndərdiyi 17 iyun 2022-ci il tarixli, **********4 nömrəli məktubda inventarlaşdırma işlərinin aparılmasının mümkünsüzlüyü sözügedən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması ilə əlaqələndirilir. Halbuki,həmin sənəd ərizə ilə birikdə cavabdehə göndərilmişdir. Buna baxmayaraq, cavabdehin tələb etdiyi hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən (25 noyabr 1997- ci il tarixli, 314-1/63 nömrəli "Alqı-satqı" müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti) 29 iyun 2022-ci il tarixli müşayətedici məktubla təkrarən ona göndərilmişdir. Bundan sonra cavabdeh iddiaçının ərizəsi ilə bağlı heç bir inzibati akt qəbul etməmiş, həmçinin inzibati aktın qəbul edilməsindən rəsmən imtina etməmişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüquqları və qanuni maraqları pozulmuşdur. Aşağıdakı istinadlara və izahlara görə iddiaçı cavabdehin hərəkətsizliyini tamamilə qanunsuz və əsassız hesab edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazana dair (qeyri-yaşayış binası) İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirməsi barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, müvafiq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə İdarədə məlumat aşkar edilməmişdir. Koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə İdarədə məlumat aşkar edilməmişdir, koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: ... (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: -İş materiallarında olan Bakı şəhəri 8 saylı Dövlət Notariat Ofisi tərəfindən təqdim edilmiş 3M-1/63 nömrəli notariat işindəki sənədlərdən görünür ki: Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1341 saylı xx.xx.1993-cü tarixli Sərəncamı ilə, “Dalğa” kooperativi Lök-Batan qəsəbə Sovetinin nəzdindən çıxarılmış və "xxxx" şəxsi kiçik müəssisə kimi adlandırılmışdır. Kooperativin balansında olan yardımçı təsərrüfat və əsas vəsaitlər "xxxx" şəxsi kiçik müəssisinin balansına keçirilmişdir. "xxxx" Kiçik Müəssisəsinin adına 6094 nömrəli xx.xx.1994-cü il tarixli “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "xxxx" X1 əsasən Müəssisəsinin ünvanı ünvan 2ir. Nizamnaməsindən görünür ki, "xxxx" şəxsi kiçik müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyinə və nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir. "xxxx" şəxsi kiçik müəssisəsinin təsisçisi Əliyev Əziz-Ağa Yavər oğludur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyat İdarəsi tərəfindən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 23 ünvanında yerləşən "xxxx" K/M məxsus olan 1 mərtəbəli, 246,60 kv metr olan qeyri yaşayış sahəsinin 1997-ci il tarixdə “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” Texniki Pasportu tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayonun "xxxx" şəxsi kiçik müəssisəsi üzrə 26 iyun 1997-ci il tarixli 001 nömrəli əmrdən görünür ki, "xxxx" şəxsi kiçik müəssisəsinin maliyyə vəsaiti olmadığından müəssisənin balansında olan Lökbatan qəsəbəsi 28 may küçəsi 23 N-li ünvanda yerləşən natamam tikinti obyektinin (mağaza) müəssisənin kassasına nəğd pul keçirilməsi yolu ilə satılması, tikinti obyekti (mağaza) müəssisənin balansından çıxarılması qərara alınmışdır. xx.xx.1997-ci il tarixli mağazanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şəxsi k/mnin təsisçisi X7 ünvan 3 ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satmışdır. - İş materiallarında olan, məhkəmənin müvafiq sorğusuna cavab olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağaza) dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. -Birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinə (mağazaya) yerli baxış keçirilmiş, yerində müayinə zamanı həmin qeyri-yaşayış sahəsinin müstəqil tikili olduğu və həmin qeyri-yaşayış sahəsinin adının iddiaçı tərəfindən qoyulduğu və əvvəllər “Dostluq market” daha sonra “Qardaşlar market” olaraq dəyişdirildiyi müəyyən edilmişdir. -Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin təqdim etdiyi sənədlərdən də müəyyən edilir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ünvanında yerləşən Məsiməli Mənsumova məxsus qeyri-yaşayış sahəsinin (“Dostluq” kafesi) təbii qaz yanacağına olan tələbatının təmin edilməsi ilə əlaqədar “Azəriqaz” İB tərəfindən xx.xx.2012-ci ildə 11563 nömrəli texniki şərt verilmiş, xx.xx.2004-cü il tarixli müqavilə ilə icarədar qismində İddiaçı tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi Unlu Kardeşlər MMC-yə icarəyə verilmiş, həmçinin Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə 174527 nömrəli, 23 may 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mülkiyyətçi kimi faktiki sahiblik və istifadə etdiyi ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 nömrəli mağazanın (qeyri-yaşayış binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, müvafiq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə İdarədə məlumat aşkar edilməmişdir, koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək, iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı qeyd olunan əmlakı tam qanunvericiliyə uyğun olaraq əldə etmiş, hazırda onun qanuni istifadəsindədir. Belə ki, notariat işindən də göründüyü kimi, "xxxx" şəxsi k/m balansına verilmiş, daha sonra tərtib edilmiş texniki pasportla "xxxx" şəxsi k/m-nə məxsus olan qeyri-yaşayış sahəsi notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci madddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 146.8-cı maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Göründüyü kimi 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" şəxsi k/m-nin təsisçisi X7 ünvan 3 ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satılması xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən notarial qaydada rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Göründüyü kimi, Mülki Məcəllə artıq birbaşa subyektin vəziyyətinin pisləşdiyi halında qanunun geriyə qüvvəsi şamil edilə bilməz kimi imperativ norma qoymuşdur. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə müvafiq olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmin Qanunun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. Həmin Məcəllənin 228-ci madəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, o normaların geriyə qüvvəsi vardır ki, onlar şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etsin, başqa sözlə hüquqi vəziyyətini yaxşılaşdırsın. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 3 ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satmasına dair alqı-satqı müqaviləsi xx.xx.1997-ci il təsdiq edilmişdir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Beləliklə, mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquq münasibətləri 1997-ci il tarixdə yarandığından, hazırkı mübahisə üzrə xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilənin bağlanıldığı dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, münasibətlər rəsmiləşdirilərkən, yəni 1997-ci il tarixində qüvvədə olan Mülki Məcəllədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinin yol verilməməsi və bu cür əmlak barəsində bağlanmış müqavilələrin etibarsız sayılmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumatın mövcud olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan hal daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin deyil, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində (notarial qaydada bağlanılmış müqaviləyə uyğun olaraq) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hüquqların qeydə alınmasının tələb edildiyi qeyri-yaşayış sahəsinin adı əvvəllər “Dostluq market” daha sonra da “Qardaşlar market” olaraq dəyişdirilmiş və iddiaçının istifadəsində olmuşdur. Beləliklə də, hazırkı halda müqavilə bağlanarkən qüvvədə olan qanunvericilik normaları tətbiq edilməli olduğundan və həmin vaxt qüvvədə olan qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilməməsi və bu cür əmlak barəsində bağlanmış müqavilələrin etibarsız sayılmasına dair müddəa nəzərdə tutulmadığından, həmçinin sonrakı qəbul edilmiş normativ hüquqi akt şəxsin vəziyyətini pisləşdirdiyindən və onun tətbiq edilməsi yolverilməz olduğundan, eyni zamanda qüvvədə olan müvafiq qanunvericilikdə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar