Məhkəmə qərarları › İş №2-1(103)-2210/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2210/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2210/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə ünvan 1 ünvanında yerləşən və dəmir konstruksiyadan ibarət 10 kv.m qeyri-yaşayış sahəsi mərhum atası X2, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 267 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən (toxunulmaz mülkiyyət hüququ əsasında) xüsusi mülkiyyətində olmuşdur. Mərhum atası X11 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, həmin vaxt vərəsəliyin dairəsinin müəyyən edilməsi ilə bağlı işi vərəsəlik açılmış və ona Bakı şəhəri Yasamal rayonu 5 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Halhazırda ünvan 1 ünvanında yerləşən sözügedən qeyri-yaşayış sahəsi istifadəsindədir. Əlavə olaraq, həmin əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına müraciət etmiş,onun müraciətinə cavabdeh idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edildiyi, yeni inşa edildiyi və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilməklə qeydiyyatdan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan işi mahiyyəti üzrə araşdırmadan, və ya araşdırmağa maraqlı olmadığından mülkiyyət hüququmu qeydiyyata almamış, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququmu pozmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla - qanuni vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan yeni qeyri-yaşayış binası inşa edildiyini və həmin binaya dair “Daşınmaz əmlkakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini əsas gətirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, xx.xx.2004-cü tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlak sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edilmiş, yeni inşa edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əmlakın faktiki sahəsi 7,7 kv.m-dir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, dəmir konstruksiyanın sökülmədiyini, içində kərpiclə arakəsmə qoyulduğunu və çöl fasad hissənin isə üzləndiyini və bu faktın işə əlavə edilmiş fotoşəkillərdən də gözlə göründüyünü bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtina məktubunda, iddia ərizəsinə etirazında və apellyasiya şikayətinin dəlillərində mübahisləndirdirir ki, vərəsəlik şəhadətnaməsində qeyd olunan ünvan 1 ünvanında yerləşən metal konstruksiyalı qeyri-yaşayış sahəsi sökülərək yerində daşdan sahəsi 7 kv.m yeni qeyri-yaşayış binası inşa edilmiş, həmin obyektə dair “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşdən isə görünür ki, cavabdehin qeyd olunan dəlili əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi AR Dövlət Əmlak Komitəsi (DƏK) tərəfindən özgəninkiləşdirilərək iddiaçının mərhum atası X1 və həmin obyektə dair onun mülkiyyət hüququ xx.xx.1996-cı ildə 2 nömrəli reyestr kitabında 267 qeydiyyat nömrəsi ilə qeydə alınaraq şəhadətnamə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsindən isə görünür ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüqi qüvvəsini saxlayır. Lakin işə əlavə olunmuş Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2004cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X13 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Eyni zamanda işə əlavə olunmuş, Bakı həhəri 5 №-li Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüqüqü haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 vəfat etmiş X7 qanun üzrə vərəsələri olaraq hər biri miras əmlakdan bərabər hissələrdə irs almaq hüquqları təsbit olunmaqla vərəsəlik şəhadətnaməsi verilmişdir, həmin şəhadətnamə üzrə verilən miras əmlak - ünvan 4 ünvanda yerləşən 33 nömrəli ayaqqabı təmiri emalatxanasıdır (Həmin emalatxana irs qoyan şəxsə AR DƏK-nin kit.2, səh.2, xx.xx.1996-cı il tarixli şəhadətnaməsinə əsasən məxsusdur.) Qeyd olunan ikinci vərəsə (iddiaçının bacısı) X3 işə əlavə olunmuş ərizəsindən zəmin miras payından imtina edərək İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. Beləliklə də tədqiq olunan sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi ilk öncə həmin vaxt fəadiyyət göstərən AR DƏK tərəfindən iddiaçının mərhum atasının adına verilmiş şəhadətnaməyə əsasən onun mülkiyyəti kimi reyestrdə qeydə alınmış, onun 2004-cü ildə ölümündən sonra dövlət notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə iddiaçının və bacısıının adına rəsmiləşdirilmiş və sonuncu konkret halda özünə düşən payından qardaşının (iddiaçının) xeyrinə imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin sübutlarla müəyyən olunan halları onu deməyə əsas verir ki, iddiaçının mərhum arasının adına olan mlkiyyət şəhadətnaməsi və onun ölümündən sonra notariusun qanun üzrə vərəsəlik şəhadətnaməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydiyyatın aparılması üçün əsas verən sənədlərdir. Başqa sözlə, cavabdehin iddiaçı tərəfindən Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Cavabdehin apellyasiya şikayətinin digər metal konstruksiyalı mübahisəli əmlakın sökülərək yerində daşdan yeni 7 kv m qeyri-yaşayış binası inşa edildiyini mübahisələndirən dəlilləri də əsassızdır. Belə ki, birincisi işə əlavə olunmuş cavabdehin mütəxəssisləri tərəfindən tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, cavabdeh idarənin mütəxəssisləri tərəfindən 21 noyabr 2022-ci il tarixdə qeyriyaşayış sahəsinə baxış keçirilərkən qeyri-yaşayış sahəsinin 1 mərtəbəli və ümumi sahəsinin 7.7 kv.m olması, çöl tərəfdən dəmir profil üzərinə alkopan üzlük bərkidilməsi müəyyən edilmişdir. Göründüyü kimi, burada metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan qeyri-yaşayış binasının inşa edilməsi kimi hər hansı fakt aşkar olunmamış, qeyd aparılmamışdır. Bundan əlavə, vərəsəlik hüququ haqqında şəhadətnamədə də vərəsələrə keçən həmin əmlakın (emalatxananın) metal konstruksiyalı olması göstərilməmiş, ayaqqabı təmiri emalatxanası kimi ona satıldığı ehtiva olunmuşdur. Digər bir tərəfdən məhkəmə iclasında iştirak edən iddiaçının da izahatından və işə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, qeyri-yaşayış sahəsinin həcmini artıran hər hansı yenidənqurma işləri aparılmamış, sadəcə görünüşünü yaxşılaşdıran üzlük və iç işləri aparılmışdır ki, bu da tikinti qaydalarına uyğun olaraq tikintiyə icazə tələb edən tikintiquraşırma işlərinə aid olunmur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinə əsasən fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərin tikintisinə icazə tələb olunmur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qeyd olunan dəlilləri formal xaraker daşımaqla, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar