Məhkəmə qərarları › İş №2-1(103)-2211/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2211/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2211/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “mənzilə dair hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-2142/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının tələblərinə uyğun olaraq onun dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən ona verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən 4 otaqlı mənzilin sənədləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı, 1984-cü ilin avqust ayından 1992-ci ilin may ayınadək SSRİ Silahlı Qüvvələrində, 1992-ci ilin iyun ayından 2016-cı ilin iyun ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ümumilikdə 32 təqvim ili zabit vəzifələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 24 təqvim ili zabit kimi xidmət etmişdir. Hərbi xidmət keçdiyi müddətdə “leytenant” hərbi rütbəsindən “polkovnik” hərbi rütbəsinə qədər xidməti yol keçmişdir və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə medalları ilə təltif edilmişdir. Eyni zamanda “Silahlı Qüvvələrin veteranı” medalı ilə təltif olunmuşdur. Xidmət müddətində 2006-cı ildə xidmətində yol verdiyi səhlənkarlığa görə Tər-Tər Hərbi Məhkəməsi tərəfindən 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmişdir, lakin xidmətdə əldə etdiyi nümunəvi intizam və nailiyyətləri nəzərə alaraq həmin məhkəmə tərəfindən 1 il sonra bu şərti cəza üzərindən götürülmüşdür. Ailəlidir, 3 övladı vardır. Hazırda yaşamaq üçün daimi mənzilinin olmaması səbəbindən ailəsilə birlikdə Müdafiə Nazirliyinin Bakı şəhəri, ünvan 1al rayonu, Qırmızı Şərq-1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi ev 136A mənzil ünvanında xidməti mənzilda məskunlaşmış və orada da pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanınının 2-ci bəndinə əsasən yaradılmış Komissiya Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət müddətini və ailə vəziyyətini nəzərə alaraq 4 sentyabr 2019-cu il tarixli 17 nömrəli protokolu ilə İddiaçı dövlət hesabına X1 mənzilin verilməsi barədə qərar vermişdir. Mənzil siyahısına salınarkən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət illərinin hesablanmış, qüsursuz xidmətə görə ona verilən medallar və ailə vəziyyəti nəzərə alınmışdır. Dövlət Komissiyası tərəfindən X1 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən 4 otaqlı mənzili sənədləşdirmək üçün Cavabdehnə müraciət etdikdə, sənədlərini Dövlət Komissiyasına təqdim edən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi bu dəfə ona verilən mənzili sənədləşdirməkdən imtina etmiş və 2006-cı ildə xidmət müddətində məhkumluğun olmasını əsas gətirərək, heç bir araşdırma aparmadan adının mənzil siyahısından çıxarılması barədə yenidən Dövlət Komissiyasına müraciət etmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ona verilən daimi mənzili sənədləşdirməkdən imtina etmişdir. Hesab edir ki, Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi bununla da Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanın tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar dövlət vəsaiti hesabına verilməli olan yaşayış sahəsinə hüquqların qeydiyyata alınmasını tələb edir. Qeyd edirlər ki, mövcud Fərmanın 2-ci bəndinə əsasən yaradılmış Komissiyanın 04 sentyabr 2019-cu il tarixli 17 nömrəli protokolu ilə İddiaçı X1 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında 4 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Lakin dövlət vəsaiti hesabına mənzillə təmin olunan və olunacaq hərbi qulluqçuların xidmət illəri ərzində məhkum olunub-olunmamaları ilə əlaqədar aparılan sonrakı araşdırma zamanı iddiaçının xidmət illəri zamanı məhkum olunması faktı müəyyən edilmiş və bu məlumat 02 aprel 2020-ci il tarixli 1284 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə nazirinin 2018-ci il tarixli 63 nömrəli əmri ilə yaradılmış komissiyaya təqdim edilmişdir. Belə ki, İddiaçı hərbi xidmət müddətində Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-cı maddəsi ilə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il müddətinə şərti cəzaya məhkum edilmişdir. Bildirirlər ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1) Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli; 2) Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli; 3) Hərbi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yetərli olsa da, ən əsası “həqiqi hərbi xidmətinin qüsursuz olmalı” şərti mövcud deyil. Beləliklə işin şərh edilən hallarını nəzərə alaraq Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №li Fərmanına əsasən İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-2142/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı onun dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 05.08.1984-cü il tarixdən, 08.06.2016-cı il tarixədək hərbi xidmətdə olmuş, 08 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0401 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 02 oktyabr 2020-ci il tarixli 11/05-175-4862 saylı məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla məhkumluğu olan bir qrup hərbi qulluqçunun, o cümlədən iddiaçının da adı olan adlı siyahının (mənzil növbəsindən çıxarılması məqsədilə) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri ünvan 1al Rayon İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2020-ci il tarixli 178 №li Arayışdan görünür ki, arayış 1967-ci il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı ondan ötrü verilmişdir ki, həqiqətən o, 05.08.1984-cü ildən 08.07.1992-ci ilədək SSRİ SQ-də, 08.07.1992-ci ildən 08.06.2016-cı ildədək Azərbaycan Respublikası Silahlı Qüvvəllərində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi Xidmətkeçmə haqqında” əsasnamənin 156-cı madəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən AR Müdafiə Nazirinin 0401 saylı 08.06.2016-cı il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri ünvan 1al rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya verilmiş 19 sentyabr 2020-ci il tarixli, 3792 saylı imtina məktubundan görünür ki, iddiaçı mənzil təminatı ilə əlaqədar cavabdehə müraciət etmiş və onun ünvanladığı ərizəsinə baxılmış və iddiaçıya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci bəndinə əsasən yaradılmış komissiyanın 04 sentyabr 2019-cu il tarixli 17 nömrəli protokolu ilə X1 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında 4 (dörd) otaqlı mənzil verildiyi, lakin dövlət vəsaiti hesabına mənzillə təmin olunan və olunacaq hərbi qulluqçuların xidmət illəri ərzində məhkum olunub-olunmamaları ilə əlaqədar aparılan sonrakı araşdırma zamanı məhkum olunduğu faktının müəyyən edildiyi və bu məlumatın 03 aprel 2020-ci il tarixli məktubla sözügedən komissiyaya təqdim edildiyi, bu günə qədər komissiya tərəfindən barəsində yekun qərar qəbul edilmədiyindən iddiaçıya verilmiş mənzilə dair hüquqmüəyyənedici səbədləşmə işlərinin aparılmadığı, mənzil təminatıyla bağlı hüquqmüəyyənedici səbədləşmə işlərinin aparılmasında Mənzil-İstismar İdarəsinin zabiti polkovnik-leytenant Kazım Nəbiyevin iddiaçıya qarşı qərəzli mövqedə olmadığı bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 19 fevral 2021-ci il tarixli 367- 3255H-3221 №li məhkumluq barədə tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı hərbi xidmət illəri (təltiflər və intizam tədbirləri göstərilməklə) barədə məlumatın verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 1al rayon İdarəsindən sorğu əsasında tələb edilmiş, sorğuya cavab olaraq 1967-ci il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı 05.08.1984-cü ildən 15.07.1992-ci ilə qədər SSRİ SQ-də, 15.07.1992-ci ildən 08.06.2016cı ilə qədər Azərbaycan Respublikası SQ-də xidmət etdiyi qeyd edilmiş, lakin İddiaçı şəxsi işində təltiflər və intizam tədbirləri haqqında qeydlərin olmadığı qeyd olunaraq bu barədə məlumat verilməmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Həmin Fərmanın 3.2.3-cü bəndinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Kollegiya qeyd edir ki, iddiaçının məhkum olduğu dövr nəzərə alınmasa belə 20 təqvim ilindən artıq xidmət etdiyi iş materialları ilə təsdiq olunur. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. İddiaçının mənzillə təmin olunması üçün digər zəruri şərt qüsursuz xidmətinin olmasıdır ki, bu şərt də iddiaçıya münasibətdə ödənilir. Məhkəmə kiollegiyası qeyd edir ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənirlər. İnzibati orqanlar qanunları tətbiq edərkən praktikada həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməli olurlar. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının interpretasiyası zamanı şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları qiymətləndirməli və nəzərə almalıdır. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən onun xidmət göstəriciləri bir vəhdətdə götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. İddiaçının hərbi qulluqçu kimi 20 təqvim ilindən çox xidmət etməsi, xidmət müddəti ərzində 2006-cı ildə xidmətində yol verdiyi səhlənkarlığa görə Tər-Tər Hərbi Məhkəməsi tərəfindən 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi müəyyən edilsə də, lakin xidmətdə əldə etdiyi nümunəvi intizam və nailiyyətləri nəzərə alınaraq həmin məhkəmə tərəfindən 1 il sonra bu şərti cəza üzərindən götürüldüyü də müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 19 fevral 2021-ci il tarixli 367-3255H-3221 №li məhkumluq barədə tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. CM-in 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.6-cı maddəsinin tələbinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Qeyd edilməlidir ki, iddiaçının məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər məhkum olunması səbəbindən hər hansı məhdudiyyətə məruz qalması onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2-ci bənddə qeyd olunub ki, “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2003-cü il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 13 iyun 2011-ci il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2012-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 2-ci bəndinə əsasən iddiaçı 04 sentyabr 2019-cu il tarixli 17 №li protokol əsasında Bakı şəhəri, X1 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında 4 (dörd) otaqlı mənzillə təmin edilmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə məskunlaşmış və orada pasport qeydiyyatındadır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü bəndinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnun verilməsini qüsursuz xidmətlə əlaqələndirmiş və həmin hüququ yalnız qüsursuz xidmət etmiş şəxslərə tanımışdır. İşdə olan iddiaçıya məxsus hərbi biletdən müəyyən edilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman iddiaçıya aidiyyəti orqan tərəfindən hərbi geyim formasını daşımaq hüququ verilmişdir. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən hərbi xidmətin qüsurlu olması əsas gətirilməklə müraciətini təmin etməkdən imtina edilməsi əsaslı olmamışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 05.08.1984-cü il tarixdən hərbi xidmətə başlamış, 2006-cı ildə xidmətində yol verdiyi səhlənkarlığa görə Tər-Tər Hərbi Məhkəməsi tərəfindən 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilsə də, lakin xidmətdə əldə etdiyi nümunəvi intizam və nailiyyətləri nəzərə alınaraq həmin məhkəmə tərəfindən 1 il sonra bu şərti cəza üzərindən götürülmüş, daha sonra hərbi xidmətini davam etdirmiş, yalnız 08 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0401 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 32 illik xidmət ilinin cəmi 2 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir”. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edildiyindən, əksinə cavabdeh orqan tərəfindən “qüsursuz xidmət” anlayışının nəyi ehtiva etdiyi əsaslandırıla bilinmədiyindən, eyni zamanda 2007-ci ildə iddiaçının üzərindən şərti cəza götürüləndən sonra qüsursuz xidmətə görə 2011, 2013-cü il tarixlərdə müvafiq olaraq 2-ci və 1-ci dərəcəli medallarla təltif edildiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-2142/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar