Məhkəmə qərarları › İş №2-1(103)-2211/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2211/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2211/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalı ilə təltif olunması üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə Arayış-Məlumatdan görünür ki, İddiaçı N saylı hərbi hissədə ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsində çalışmış, Mingəçevir və Bərdə şəhərində şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsi fəaliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçının xidməti hava hücumundan müdafiə ilə bağlı olmuşdur. Həmçinin, o Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur ki, bu da müharibədən dərhal sonra elə məhz iddiaçının həmin müharibəyə verdiyi töhfə ilə bağlı olmuşdur. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iclasda iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : Hərbi biletin surətindən görünür ki, iddiaçı 952-ci zenit raket briqadası tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0116 №li əmrinə əsasən 952-ci zenit raket briqadası tam tərkibdə döyüş əməliyyatlarına cəlb edilmiş hesab edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Hüquq idarəsi tərəfindən məhkəməyə göndərilən məlumata əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Tətbiq edilən hüquq normaları: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarda qeyd olunan normaların hazırkı işin faktiki hallarına tətbiqi zamanı zamanı aydın olur ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə birinci instansiya məhkəməsi iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində döyüş əməliyyatlarında iştirak etdiyini, xidmətinin hava hücumundan müdafiə ilə bağlı olduğunu bildirsə də, Kollegiya iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, iş materiallarında olan “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalı ilə təltif olunması üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə Arayış- Məlumatdan görünür ki, İddiaçı N saylı hərbi hissədə ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsində çalışmış, Mingəçevir şəhəri, Bərdə rayonu və Xəsili yaşayış məntəqəsində şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsi fəaliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçının xidməti hava hücumundan müdafiə ilə bağlı döyüş bölgəsində deyil, şəxsi heyətin döyüş bölgəsindən kənarda psixoloji cəhətdən hazırlığının təmin edilməsi ilə bağlı olmuşdur. İddiaçının digər dəlili onun “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunması ilə bağlıdır. Kollegiya iddiaçının qeyd edilən dəlilinə münasibətdə bildirir ki, iddiaçının “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunması onun nə döyüş əməliyyatlarında birbaşa iştirakını təsdiq edir, nədəki qanun qanunvericilik ilə müəyyən edilmiş qaydada “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” üçün əsasdır. “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında Əsasnaməyə əsasən: 1.“Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakılara görə təltif edilirlər: döyüş hazırlığındakı əla göstəricilərə görə; təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə; şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə. Göründüyü kimi, qeyd edilən medalın verilməsi hərbi qulluqçunun döyüş əməliyyatlarında iştirakını təsdiq etmir. Yəni hərbi qulluqçu döyüş əməliyyatlarında iştirak etməsə belə, döyüş hazırlığındakı əla göstəricilərə görə, şücaət, fədakarlıq və s. digər göstəricilərə görə də həmin medulla təltif oluna bilir. İddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə Kollegiyanın mövqeyi belədir ki, həmin dəlillər formal mülahizələrdən ibarətdir və mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar