Məhkəmə qərarları › İş №2-1(103)-2212/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2212/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2212/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının hüquqi varisi X1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarından onun hüquqi varisi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçının hüququ varisi apelyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və şikayət onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassız olmaqla işin faktiki halına uyğun gəlmir və bu qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qərar qəbul edərkən ehtimallara, fərziyyələrə yox, sübutlara və qanunlara uyğun qərar verməli olduğu halda ehtimallardan istifadə etmişdir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və iddiaçıya 26.06.2020-ci il tarixli imtina məktubu ünvanlanaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Dövlət qulluğunda iş stajınız 15 ildən az olduğundan sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, ərizənizə əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara müvafiq hüquqi rəyin verilməsi ilə bağlı tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Fonduna sorğu verilmişdir. Sorğumuza cavab olaraq bildirilmişdir ki, 1977-1979-cu və 1981-1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetində "həm Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi, həm də Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyi mövcud olmuşdur. Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin 18 yanvar 1989-cu il tarixli 25 nömrəli Qərarı ilə təsdiqlənmiş baş sxeminin 1 nömrəli əlavəsinə əsasən qeyd olunan nazirliyin əsaslaşdırılmış Layihə-Konstruktor bürosu və X2 təsərrüfat hesablı (özünü maliyyələşdirən) olmuşdur. Bu səbəbdən də həmin qurumlarda çalışdığınız vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. Bundan sonra İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “... İddiaçı 1977-1995-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin, Azərbaycan SSR Tikinti Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin aparatında işləmədiyindən, onun həmin təşkilatlardakı tutduğu vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bilməz. İddiaçının 2009-2018-ci illərdəki iş stajına gəldikdə isə, tutduğu vəzifələr dövlət qulluğu vəzifəsi sayılsa belə, onun işlədiyi müddət 15 ildən az olduğundan, dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyinatı qanuna zidddir.” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Dövlət qulluğu haqqında» AR Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinin tələbinə əsasən dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.15-ci bəndində 1991-ci il oktyabrın 18-dək “Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatlarında”kı müəyyən vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında” müvafiq vəzifələrə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əmək fəaliyyətinə 1 sentyabr 1977-ci il tarixdən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Məlumat-hesablama Mərkəzində başlamışdır. 9 noyabr 1981-ci il tarixdən 11 dekabr 1986-ci il tarixədək Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor bürosunda, (1986-cı ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi Azərbaycan SSR Tikinti Nazirliyinə çevrilmişdir), 11 dekabr 1986-cı il tarixdən 22 avqust 1990-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor Bürosunda, 3 sentyabr 1990-ci il tarixdən Azərbaycan SSR Tikinti Nazirliyinin Mexanikləşdirmə və Tikintinin Təşkili şöbəsində, 1 iyun 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin Elmi-texniki tərəqqi və məlumat şöbəsində, 14 iyul 1993-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Elmi-texniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsində, 1 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 21 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci ilə Beynəlxalq əlaqələr və informasiya şöbəsində çalışmışdır və iddiaçıya 2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 01.09.1977-29.05.1995-ci il və 01.04.2009-21.11.2018-ci il tarixədək olan iş stajının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməklə) dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsini və dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələbini irəli sürmüşdür. İddiacının 01.04.2009-21.11.2018-ci il tarixədək olan iş stajının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməklə) dövlət qulluğunda olması işin mübahisəsiz halıdır. 1990-1995-ci illər illərdə işlədiyi vəzifələrin dövlət qulluqçusu kimi nəzərə alınması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasının əsası odur ki, iddiaçı Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin aparatında işləmədiyindən, onun İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunda və Məlumat-hesablama mərkəzində tutduğu vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İddiaçı Tofiq oğluna ünvanlanmış 20.02.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Sizin 1977-1981-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Məlumat-hesablama mərkəzində, 1981-1986-cı illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunda, 1986-1990-cı illərdə Azərbaycan SSR Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunda, 1990-1992-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyinin mexanikləşdirmə və tikintinin təşkili şöbəsində, 1992- 1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin Elmi-texniki tərəqqi və məlumat şöbəsində, 1993-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Elmi-texniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsində, 2009-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsində və Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində müxtəlif vəzifələrdə işlədiyiniz müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsinə dair müraciətinizə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Qeyd edilən məsələyə rəy verilməsi məqsədilə 1977-1986-cı illər üzrə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin hüquqi statusunu və strukturunu, həmin Nazirliyin Məlumathesablama mərkəzinin və İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunun hüquqi statusunu, 1986-1992-cı illər üzrə Azərbaycan SSR Tikinti Nazirliyinin hüquqi statusunu və strukturunu, həmin Nazirliyin İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunun hüquqi statusunu, 1992-1993- cü illər üzrə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin və 1993-1995-ci illər üzrə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin təqdim edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmiş, lakin adıçəkilən nazirlik və komitələrin əsasnamələri Mərkəzə təqdim edilsə də, həmin nazirlik və komitələrin strukturları ilə bağlı sənədlər təqdim edilmədiyindən qeyd edilən dövrlər üzrə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən 1977-1981-ci illərdə işlədiyiniz Məlumat-hesablama mərkəzi Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin, 1981-1990-cı illərdə işlədiyiniz İxtisaslaşdırılmış Layihə-konstruktor bürosu Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin və Azərbaycan SSR Tikinti Nazirliyinin, 1990-1992-ci illərdə işlədiyiniz Mexanikləşdirmə və tikintinin təşkili şöbəsi Azərbaycan SSR Tikinti Nazirliyinin, 1992-1993-cü illərdə işlədiyiniz elmi-texniki tərəqqi və məlumat şöbəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin və 1993-1995-ci illərdə işlədiyiniz elmi-texniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin aparatlarında mövcud olmuşsa, Sizin həmin nazirlik və komitələrdə işlədiyiniz müddət dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilər.” Göründüyü kimi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin cavabından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi dövrlər o vaxt dövlət qulluğu hesab oluna bilər ki, həmin dövrdə müvafiq vəzifədə işlədiyi şöbələr, mərkəzlər və ya bürolar Nazirlik və Komitələrin aparatında mövcud olsun. İddiacı tərəf qeyd edilən vəzifələrin Nazirlik və Komitələrin aparatında mövcud olmasını sübut edə bilmir. Əksinə, iş materiallarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetində həm Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi, həm də Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyi mövcud olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 18 yanvar 1989-cu il tarixli 25 nömrəli Qərarının 1 nömrəli əlavəsinə görə Məlumat-hesablama mərkəzi və İxtisaslaşdırılmış Layihəkonstruktor bürosu Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin aparatında deyil, onun tabeliyində olan təsərrüfat hesablı və özünü maliyyələşdirən müəssisələr olmuşlar. Qeyd olunanlar Azərbaycan Respublikası Nazirlər Sovetinin tabeliyində olan digər nazirliklərdə də anoloji funksiyaları həyata kecirən “mərkəz” və “bürolar”ın da təsərrüfat hesablı olması qənaətinə gəlməyə əsas verir. Belə olan halda, iddiaçının Azərbaycan SSR Tikinti Nazirliyinin Məlumat-hesablama mərkəzi və İxtisaslaşdırılmış Layihə-konstruktor bürosundakı mübahisələndirdiyi əmək stajı dövlət qulluğu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1990-1995-ci (4 il, 8 ay, 26 gün) illərdə Azərbaycan SSR Tikinti Nazirliyində və 2009-2018-ci illərdə (9 il, 7 ay, 20 gün) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda inzibati vəzifə kimi nəzərdə tutulduğundan bu illər iddiaçının dövlət qulluğu stajına daxil edilsə də, lakin 15 ildən az olduğundan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilə bilməz. Beləliklə işin yuxarıda sadalanan hallarına və qanunvericilik aktlarının tələbinə əsasən görünür ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün lazım olan 15 il stajı toplamamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır, bu səbəbdən də apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Tofiq oğlunun hüquqi varisi X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar