Məhkəmə qərarları › İş №2-1(103)-2212/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2212/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2212/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququmun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı üzərinə qoyulması barədə qərar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçının oğlu X2 ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum atasının hüquq varisi kimi qəbul olunmasını və icraata cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2212/2022 saylı xx.xx.2022-ci il tarixdi qərardad ilə ərizə təmin edilmiş və İddiaçı prosessual hüquq varisi X2 ilə əvəz edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Bakı Metropoliteni" QSC-nin ona dair 18 oktyabr 2021-ci tarixli arayışında xx.xx.1980-xx.xx.1981-ci il və xx.xx.1984-xx.xx.2014- cü il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qatar maşinistinin köməkçisi, qatar maşinisti, xx.xx.2014-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti, xx.xx.2017-ci il tarixindən bu günədək isə Hərəkət qatarlarının istismarı üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmış, xx.xx.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Odur ki, pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üçün hüququnun yarandığı tarixdən hesablanan pensiya fərqi iddiaçıya ödənilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1981-ci-1983-cü ilin dekabrın axırınadək Sovet ordu sıralarında xidmət etmişdir. xx.xx.1984-ci il tarixdən Bakı metropolitenində lokomotivlərin təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə zərərli iş şəraitində istismar sexinin elektrik qatarı maşinistinin köməkçisi vəzifəsinə keçirilib. xx.xx.1985-ci il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinist vəzifəsinə keçirilib. xx.xx.1988-cu ildə elektrik qatarının maşinisti kimi mənə 3-cü, xx.xx.2014-cü il tarixdə 10-cu dərəcə verilmişdir. Bu günə kimi o, Bakı metropolitenində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olmuş və xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il 11 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”ya əsasən həmin stajı 19 il 6 ay 26 gün Bakı Metropoliteni QSC-də elektrik qatarının maşinist köməkçisi və maşinisti kimi işlədiyi vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olunduğundan o, xx.xx.2006cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə 4 saylı Bakı Dost xidmətinə müraciət etmişdir. Bundan başqa, əlavə olaraq ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına ərizə göndərmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə 57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1977-cu ildən xx.xx.1980-ci il tarixədək təhsil aldığı və hərbi xidmətlə olduğu xx.xx.1981-xx.xx.1983-cü ilədək olan dövr nəzərə alınmaqla xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" QSC-də müxtəlif vəzifələrdə fasiləsiz olmaqla xx.xx.2006-cı il tarixə iddiaçının ümumilikdə ən azı 28 il sığorta stajı (28 il 03 ay 08 gün) mövcuddur ki, ondan ən azı 22 ilini (22 il 05 ay 06 gün) əmək şəraiti zərərli və ağır olan işlərdə (23000000 XXVİİİ. Nəqliyyat 23001000- 14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) işləmişdir, yəni tam əmək stajı həmin tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). İddiaçı xx.xx.1962-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 29 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixə (xx.xx.2021-ci il) 57 yaşı tamamdır. Cavabdeh qurum imtinasında müvafiq siyahıda nəqliyyat bölməsinin metropolitenlər bəndində müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələrin güzəştli iş stajının mövcudluğunu, qatar maşinistləri və maşinist köməkçilərinə aid olmadığını bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə vəfat emtişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı prosessual hüquq varisi X4 ilə əvəz edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilərək mərhum İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən öldüyü xx.xx.2022-ci il tarixədək hesablanmalı olan pensiya məbləğinin onun hüquqi varisi X3 ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdehin üzərinə mərhum İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən öldüyü xx.xx.2022-ci il tarixədək hesablanmalı olan pensiya məbləğinin onun hüquqi varisi X1 ödənilməsi öhdəliyi qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar