Məhkəmə qərarları › İş №2-1(103)-2213/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2213/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2213/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “vurulmuş zərərin cavabdehdən tutularaq onlara ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “vurulmuş zərərin cavabdehdən tutularaq onlara ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4611/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dünya üzrə geniş yayılmış “COVİD-19” pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və bu qurumun qəbul etdiyi qərarlar əsasında yaşı 65-dən yuxarı olan şəxslərin sərbəst hərəkətlərinə qadağalar tətbiq olunmuşdur. İddiaçı1 təqaüdçüdür, 1948-ci ildə doğulmuşdur (72 yaşı var). 2017-ci ilin iyun ayından etibarən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin İsmayıllı Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən qaldırılmış iddia ilə bağlı mülki iş üzrə cavabdeh qismində işdə iştiraka cəlb olunmuşdur. Müvafiq mülki iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə baxılması ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-209/2018 saylı iş üzrə cavabdeh İddiaçı1 nümayəndəsi qismində onun oğlu İddiaçı2 tanınaraq işdə iştiraka cəlb olunmuş, lakin 16 mart 2017-ci il tarixdə sonuncunun sifarişli həbsinin reallaşdırılması səbəbindən 14 iyun 2017-ci il tarixdən 3 may 2018-ci il tarixədək olan müddət ərzində işin apellyasiya icraatında məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin iclasda iştirakı təmin olunmamış, nəticədə bu mülki iş üzrə cavabdehin qanunla müəyyən olunmuş müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3 may 2018-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilməklə iddia tələbi qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 may 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti 6 iyun 2018-ci il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra bir neçə kassasiya şikayəti verilsə də, hər dəfə əsassız və qanunsuz olaraq cavabdeh İddiaçı1 və onun nümayəndəsi İddiaçı2 məhkəmə iclaslarında iştirakı təmin olunmadan qərardadlar çıxarılaraq kassasiya şikayətinin icraata götürülməsinin qarşısı alınmışdır. Sonuncu dəfə İddiaçı2 verdiyi şikayətlə bağlı məhkəmə aidiyyəti qaydaları kobud surətdə pozulmaqla apellyasiya baxışı təyin edilmiş, lakin yenidən hakim tərəfindən 10 iyul 2020-ci il tarixdə qərardad çıxarılaraq kassasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan məlum olur ki, yayılmış “COVİD-19” virusu ilə əlaqədar işin apellyasiya baxışında iştirak etməli olan şəxslərin (hazırkı iddiaçıların) işdə iştirakı təmin olunmamış, bununla da məhkəmədə çəkişmə prinsipi kobud surətdə pozulmuş, birgə iddiaçıların qanunla müəyyən edilmiş hüquq və azadlıqlarına qəsd edilmiş, nəticədə onların şikayət və tələbləri təmin olunmamışdır. Anoloji hal İsmayıllı Rayon Məhkəməsinin 6(037)-4/2020 nömrəli iş üzrə 17 aprel 2020-ci il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə nəzarəti qaydasında Şəki Apellyasiya Məhkəməsində keçirilən iclasda təkrarlanmışdır. Həmin şikayət üzrə 12 iyun 2020-ci il tarixli qərarda “COVİD-19” pandemiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə İddiaçı2 iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmiş, nəticədə məhkəmə tərəfindən çəkişmə prinsiplərinə riayət olunmadan onların şikayət və tələbləri təmin olunmamışdır. Oxşar hallardan biri də Ağsu Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında icraatında olmuş İddiaçı2 şikayəti üzrə 21 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclası ilə bağlı olmuşdur. Belə ki, istər Ağsu Rayon Məhkəməsinin, istərsə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olmuş işlər üzrə keçirilmiş məhkəmə iclaslarında tərəflərin iştirakını nəzərdə tutan prosessual hüquq normalarının tələblərindən məlum olduğu kimi, şikayət vermiş şəxs məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir (CPM-in 450.2.1-ci maddəsi). Şəki Apellyasiya Məhkəməsinin Cinayət və Mülki kollegiyalarının 12 iyun 2020-ci il və 16 iyun 2020-ci il tarixli qərar və qərardadının, eləcə də Ağsu Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarının giriş və əsaslandırıcı hissələrindən aydın şəkildə görünür ki, məhkəmə mübahisələrinə tərəflərin iştirakı təmin olunmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmış, bunun səbəbi “COVİD-19” infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması ilə əlaqələndirilmiş, nəticədə isə obyektiv və ədalətli məhkəmə araşdırmaları aparılmadan məhkəmə iclasları keçirilmiş, onların şikayət və tələbləri təmin edilməmişdir. AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın rəsmi göstərişlərindən məlum olduğu kimi, 2020-ci ilin mart ayından etibarən yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan edilmiş, bu qadağanın tətbiqindən sui-istifadə edən məhkəmə instansiyaları isə geniş müzakirə və araşdırmalar tələb edən məhkəmə mübahisələrinə tərəflərin işdə iştirakını təmin etmədən və məhkəmə iclaslarını təxirə salmadan, eləcə də xüsusi texniki vasitələrin köməyindən istifadə etmədən qiyabi məhkəmə icraatı həyata keçirməklə baxmışdır. Nəticədə isə müvafiq məhkəmə hakimlərinin qanunsuz hərəkətləri ilə bağlı onların (hazırkı iddiaçıların) qanuni mənafeyinə mühüm ziyan vurulmuş və törədilmiş bu pozuntuların əsasında AR Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi qadağalar dayanmışdır. Bu qadağaların tətbiq edilməsi nəticəsində mübahisələrin obyektiv məhkəmə araşdırmaları təmin edilməmiş, məhkəmə nəzarəti qaydasında baxılmış işlərlə bağlı qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarları sonuncu məhkəmə instansiyası hesab edilmiş, nəticədə isə onların (hazırkı iddiaçıların) iştirakı təmin olunmadan bu qərarların qəbulu ilə məhkəmə mübahisələri üzrə qanuni mənafelərinə 1.000.000 manatdan artıq maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada AR Nazirlər Kabinetinə 29 iyun 2020-ci il tarixli pretenziya (tələb) ünvanlanmış, lakin tələb olunan məbləğin könüllü şəkildə ödənilməsi təmin olunmamışdır. Bu səbəbdən də mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi qarşısında AR Nazirlər Kabinetinə qarşı iddia qaldırılmış, lakin bu iddia ilə bağlı məhkəmə tərəfindən 16 iyul 2020-ci il tarixli qərardad çıxarılmaqla mövcud mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair qənaətə gəlinmişdir. Məhz həmin məhkəmənin qənaətinə uyğun olaraq, mövcud mübahisə ilə bağlı AR Nazirlər Kabinetinə qarşı qaldırılan bu iddia məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) təqdim olunur. Burada nəticə ondan ibarət olmuşdur ki, AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi qadağalarla onların məhkəmə iclaslarında iştirakı məhdudlaşdırılmış, məhkəmə instansiyalarında isə işlərə baxılmaqla qeyri-obyektiv və ədalətsiz qərarlar qəbul edilmiş və bu qərarların qəbul edilməsi ilə onların qanuni mənafeyinə xüsusilə külli miqdarda maddi ziyan vurulmuşdur. Real vəziyyətdə əgər “COVİD- 19” virusunun geniş yayılması ilə bağlı həmin dövrdə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmalarına konkret qadağalar tətbiq edilmişdirsə, o zaman belə şəxslərin iştirakını nəzərdə tutan məhkəmə iclaslarında işlərə onların iştirakı təmin olunmadan baxılması, şikayət və tələblərin təmin edilməməsi və çəkişmə prinsipinə riayət olunmaması konstitusion hüquq normalarının tələblərinin kobud pozuntusu kimi qiymətləndirilməli və belə qanun pozuntularının törədilməsinə şərait yaradan qərarları qəbul edən inzibati orqanların mülki məsuliyyətə cəlb olunması təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinin tələbindən göründüyü kimi, AR Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. İstinad olunan bu konstitusion hüquq normalarının imperativ tələblərinə baxmayaraq işin faktiki hallarından görünür ki, keçirilmiş məhkəmə proseslərində yaşı 65-dən yuxarı olan şəxslərin iştirakının və tələblərinin təmin olunmaması ilə nəticələnən qərarların qəbul edilməsi belə şəxslərin konstitusion hüquqlarını kobud surətdə pozmuş və həmin şəxslərin qanuni mənafeyinə vurulmuş ziyanla bağlı məhdudiyyət qərarlarını qəbul edən AR Nazirlər Kabinetinin yaşı 65-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları qarşısında mülki məsuliyyəti yaranmışdır. İşin faktiki hallarından göründüyü kimi, onların iştirakı təmin olunmadan keçirilmiş məhkəmə proseslərinin nəticələrinə dair qəbul olunmuş qərarların əsasını mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr təşkil etmiş və bu qərarların qəbul edilməsi qanunla müəyyən edilmiş mülkiyyət hüququna əhəmiyyətli dərəcədə zərər vurmuşdur. AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlarla tətbiq olunmuş qadağalar isə mülki hüquq pozuntularının törədilməsinə səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2045/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş həmin məhkəməyə göndərilmişdir. Buna görə də işə ikinci dəfə baxan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4611/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı İbad Hüseyn oğlu və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək iddianın təmin edilməsi və qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş və məhkəmə qərarı sübutlarla əsaslandırılmamışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. 20 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçıların cavabdehə qarşı tələbi iki hissədən ibarət olmaqla, “onlara vurulmuş zərərin cavabdehdən tutularaq ödənilməsi və məhkəmə hakimləri barədə xüsusi qərardadın çıxarılması” barədədir. Qeyd olunmalıdır ki, iddiaçıların tələbinə ilk dəfə baxılıb 30 sentyabr 2020-ci il tarixli qərardadla iddia qeyri-mümkün sayılarkən məhkəmə ona istinad etmişdi ki, “İnzibati orqanların Təsnifatı”nda Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah inzibati orqan kimi müəyyən edilməmiş, eləcə də həmin orqan tərəfindən qəbul edilmiş qərarlar, gəstərişlər və digər aktlar inzibati icraat üzrə qəbul edilmiş akt kimi sayılmır. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi iddiaçıların müraciətinə cavabdeh tərəfindən cavabın verilib- verilməməsinin, yəni hərəkətsizliyin ümumiyyətlə imtina sayılıb-sayılmadığının, sayıldığı təqdirdə bunun hansı hallarda baş verdiyinin qərardadda müzakirə edilməməsinə, hüquqi qiymət verilməməsinə əsaslanaraq 2-1(103)-2045/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadla apellyasiya şikayətini təmin etmiş və 30 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edərək işi həmin məhkəməyə göndərmişdir. Bu dəfə işə yenidən baxan birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı rədd etmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdı ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar və edilmiş hərəkətlər «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi daşıyır, iddiaçılar tərəfindən ümumiyyətlə onlara cavabdehin hərəkətləri nəticəsində hansı şəraitdə və hansı dərəcədə ziyanın vurulması ilə bağlı dəlillər və sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsasla işə mahiyyəti üzrə baxıb qərar qəbul etməsi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddianın bundan əvvəl qeyri- mümkün sayılması ilə bağlı çıxarılmış qərardadın apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib baxışa qaytarılması heç də iddianın yenidən başqa əsaslarla qeyrimümkün sayıla bilməsini istisna etmir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya şikayətinin dəlilləri baxımından yanaşaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarda istinad olunan hallarla bağlı verilmiş nəticənin düzgün olub-olmadığını yoxlayır. Hazırki vəziyyətdə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərarında göstərilən hallarla bağlı, yəni əsaslandırıcı hissədə göstərilənlərə əsasən iddiaya mahiyyəti üzrə baxıb qiymət verməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, “hazırkı iddiaçıların öz tələblərini əsaslandırdığı dəlillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın hərəkətlərinin qanunauyğunluğu və bunun nəticəsində dəymiş ziyanın tutulmasına formal olaraq istiqamətlənmişdir, bu dəlillər daha çox məhkəmələrin icraatında olmuş müvafiq işlər üzrə prosessual qanunvericiliyin tələblərinin gözlənilməməsi ilə əlaqədardır. Lakin iddiaçıların tələbi hazırkı cavabdehə qarşı yönəldiyindən məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verərək, aşağıdakıları diqqətə çəkir: - cavabdehin müvafiq qərarları və hərəkətləri heç bir halda iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. Çünki, həmin qərarlar və hərəkətlər «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi daşımışdır; - iddiaçılar tərəfindən ümumiyyətlə onlara cavabdehin hərəkətləri nəticəsində hansı şəraitdə və hansı dərəcədə ziyan vurulması ilə bağlı dəlillər və sübutıar təqdim edilməmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsində göstərdiyi hallar əslində iddianın rədd edilməsi üçün deyil, onun qeyri-mümkün sayılması üçün əsas yaradır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Hazırki işdə iddiaçılar cavabdeh inzibati orqanın qərarlarının qanunsuz olması, həmçinin cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində onların hər hansı hüquqlarının pozulmasını əsaslandıra bilməmiş, bu barədə hər hansı sübut təqdim etməmişlər. Ona görə də onlara hər hansı ziyanın vurulması halı da öz təsdiqini tapmır. Bununla yanaşı, iddiaçıların “hakimlər barədə xüsusi qərardad çıxarılması” barədə tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsində konkret olaraq inzibati icraat qaydasında baxılan iddia növləri sırasında belə iddia növü nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçıların sözügedən tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasını qeyri-mümkün hesab edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçıların iddia tələbinə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Qeyd olunanlarla bağlı Kollegiya hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə yuxarıda sadalanan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini tam yoxlamadan verilmiş tələbə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4611/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4611/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar