Məhkəmə qərarları › İş №2-1(103)-2213/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2213/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2213/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-3258/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildən 57 yaşında 3 uşaqlı ana və işləmədiyinə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 73 manat müavinət təyin edilmişdir. Sonradan müavinətin məbləği 130 manat olmuşdur. 2021-ci ilin noyabr ayına qədər həmin məbləğdə müavinət almışdır. Həmin tarixdə səbəbsiz olaraq ona verilən müavinət dayandırılmışdır. 2022-ci ilin mart ayında DOST xidmətinə müraciət etmişdir. Ona bildirilmişdir ki, adında 2018-ci ilin 4-cü ayından VÖEN aktiv olduğuna görə ona verilən müavinət dayandırılmışdır. O, bununla əlaqədar Vergi İdarəsinə müraciət etmiş və rəsmi sənəd əldə etmişdir ki, həmin VÖEN təyin olunan müddətdən indiyə qədər aktiv olsa da, fəaliyyətsiz olmuşdur. Müraciəti əsasında VÖEN dayandırılmışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun məktubunda ona ödənilən pulun geri qaytarılmasını ondan tələb edirlər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iş materiallarına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2- ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra xidməti yoxlama zamanı İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu və nəticədə sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən İddiaçı təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4527,35 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. İddiaçının aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbi ilə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu faktına dəlalət edir. Bu fakt isə həmin müavinətin təyin olunmasını istisna edir. Digər tərəfdən İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan tarixlərdə adına VÖEN aktiv olsa da, fəaliyyətinin olmadığını bildirmişdir. Vətəndaşların vergi bəyannamələri üzrə dövriyyə məbləğinin olmaması və vətəndaşların bəyannamə təqdim etməməsi səbəbindən dövriyyə məbləğinin müəyyən edilə bilməməsi ilə bağlı arayışlarla əlaqədar bildirilir ki, adlarında VÖEN-i olan vətəndaşlara müvafiq növ sosial müavinət təyin edilərkən yalnız VÖEN-nin statusunun “aktiv” və ya “passiv” olması əsas götürülür. Digər tərəfdən Azərbaycan Respublikası Prezidenti tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2020-ci il tarixdən etibarən sözügedən Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsindən “vergi uçotunun ləğv edilməsi” haqqında rəsmi arayış təqdim etməyinə baxmayaraq qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci il tarixdən 63 yaş müəyyən edildiyindən və iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-3258/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-3258/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “cavabdeh müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2- ci maddəsinə istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun (xx.xx.2020ci il tarixədək qüvvədə olan) 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. 4.0.Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.aylıq müavinətlər: 4.0.1.2. yaşa görə müavinət.... 9.1.Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1.dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük; 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır. 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin sosial müavinətin ödənişi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (təqdim edilmiş müavinət işində bu barədə qərar mövcud deyil), sosial müavinətin bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsaən iddiaçıya xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4527,35 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Müavinət təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçıya müavinətin təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan müavinətin təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-3258/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-3258/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar