Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2214/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs:"xxxx" MMC) “sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5223/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə 1.0 hektar torpaq sahəsi ayrılması barədə xx.xx.1999-cu il tarixli 239 saylı, 0.80 hektar torpaq sahəsi ayrılması barədə xx.xx.2001-ci il tarixli 599-cu saylı sərəncamlarının ləğv olunması barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçıya məxsus torpaq sahəsi zəbt edildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamına əsasən "xxxx" LTD şirkətinə, tərəflər aransında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanında ofis binasının tikintisi üçün 8000 kv.m torpaq sahəsinin 49 illik icarəyə verilməsi haqqında 21 iyun 2001-ci il tarixli 351 nömrəli müqavilə imzalanmışdır. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 599-cu saylı digər bir sərəncamı ilə "xxxx" LTD şirkəti ilə aralarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanında ofis binasının tikintisi üçün 10000 kv.m torpaq sahəsinin 49 illik icarəyə verilməsi haqqında 07 iyun 2002-ci il tarixli 254 nömrəli digər bir müqavilə bağlanmışdır. İddiaçı həmin sərəncamlara əsasən bağlanmış icarə müqavilələrinin AR Torpaq Məcəlləsinin 73-cü maddəsinə əməl edilmədiyindən ləğv olunmasını xahiş etmiş, sonuncu isə ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Həmin icarə müqaviləsi şərtlərinə uyğun icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisinin ödəməsi barədə məlumat almaq üşün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli məktubla müraciətinə xx.xx.2023-ü il tarixli başdansovma məktubla cavab verir...” Üçüncü şəxs məhkəməyə yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...X4 ofisinin yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı, ayrıc aktları əsasında ofis binasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış, müvafiq torpaq icarə müqavilələri bağlanmış, həmin müqavilələr qeydiyyata salınmaqla, “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” alınmışdır. Ərazidə tikinti işləri xx.xx.2000-ci il tarixində başlamış və xx.xx.2002-ci il tarixində bitmişdir. Bəhs edilən torpaq sahəsində mövcud olmuş tikililərin sökülməsi məsələsinə gəldikdə isə həmin tikililər torpağın "xxxx" MMC-nə təhvil verilməsindən daha öncə baş vermiş və tərəflərindən heç kimin evi dağıdılmamış və ya torpağı zəbt edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavininin X2 ünvanladığı xx.xx.2003-cü il tarixli Q-520/2 saylı məktubunda qeyd olunur ki, Tbilisi prospektində qanunsuz olaraq 3 otaqlı ev inşa edilmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədilə ev sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün M.A.Quliyevaya torpaq sahəsi ayrılsa da, torpaq sahəsi yoldan aralı olduğu üçün o, başqa sahə ilə əvəz edilməsini tələb etmişdir. İddiaçı anası M.A.Quliyevanın onlara qarşı qaldırdığı iddialara məhkəmələrdə baxılmış, heç bir sübut və hüquqi əsası olmadığı üçün iddia bütün məhkəmə instansiyalarında rədd edilmiş və bu barədə dövlətin adından çıxarılmış yekun məhkəmə aktı - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2011-ci il tarixli 2(102)- 3803 saylı qərarı qanuni qüvvəyə minmişdir. X6 Hüquqları Məhkəməsinə verdiyi şikayət ərizəsi (Guliyeva v. Azerbaijan, 40004/12) xx.xx.2017-ci il tarixli qərardadla mümkün hesab edilməməklə, rədd edilmişdir. Hazırkı iddianın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı yönəlmiş hissəsi kompensasiyanın ödənilməsi haqqında inzibati iddia növünə aid olsa da, tələbin hüquqi əsası yoxdur. Hazırki iş üzrə iddiaçıların hüquqlarının pozulmasını irəli sürdüyü daşınmaz əmlak üzərində hər hansı hüququnu, yaxud bağlılığını təsdiq edən sübutu olmadığına görə (iddiaya görə iddiaçının yaşadığı ərazi, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə) onun həmin əmlakla bağlı məhkəmədə iddia qaldırmasına subyektiv hüququ da yaranmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5223/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “... Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə icraatına 3-cü şəxs Azercell Telekom MMC İPM-in işin hallarının araşdırılması prinsipi barədə12-ci maddəsini pozaraq mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməyə borclu olduğu halda bunu etmir. 3-cü şəxs tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi halı baş versə də, belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul etməli olduğu halda, bunu etmir. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə icraatına 3-cü şəxs məhkəməyə işin mahiyyəti barədə deyil,məhkəmədə qaldırdığım iddianın əksinə olan o və ailə üzvlərimin Azercell Telekom MMC ilə illərdir davam edən məhkəmə çəkişmələrindən bəhs edən yazılı etiraz göndərir. Hakim işə mahiyyəti üzrə -cavabdeh tərəfindən Azercell Telekom MMC-yə 1.0 hektar torpaq sahəsi ayrılması barədə xx.xx.1999-cu il tarixli 239 saylı, 0.80 hektar torpaq sahəsi ayrılması barədə xx.xx.2001 -ci il tarixli 599-cu saylı sərəncamlarının torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan ödənilməməsi səbəbindən ləğv olunması tələbinə baxmaq əvəzinə, 3-cü şəxsin göstərişlərinə uyğun hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi,yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi halına qanuni don geyindirmək cəhdi ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddia mümkünlük şərtlərinin yerinə yetirildiyi halda yolveriləndir. Yəni, subyektiv hüququ olan şəxs tərəfindən iddia iddia müddəti çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümkün olsun. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Birincisi ona görə ki, iddiaçı tərəfindən cavabdehin sərəncamlarının ləğv edilməsini tələb edərkən hansı maraqlarından çıxış etdiyi və həmin sərəncamlarla onun hansı subyektiv hüquqularının pozulduğu əsaslandırıldığı müəyyən olunmur. Digər tərəfdən, onun tərəfindən inzibati icraat haqqında prosessual qanunvericiliklə müəyyən edilən iddia müddətləri də buraxılmışdır. Belə ki, xx.xx.2011-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi nəzərədə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 19-cu maddəsi nəzərdə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 373.1-ci maddəsi isə nəzərdə tutur ki, ki, ümumi iddia müddəti 10 il təşkil edir. Hazırda, yəni xx.xx.2011-ci il tarixinədən qüvvədə olan AR İPM-in 38.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. İşdən isə görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilən imkanlarından vaxtında istifadə etməmiş, qanunla müəyyən olunan iddia müddətləri ötürməklə, o cümlədən, müvafiq olaraq 24 il və 22 il keçdikdən sonra, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu və xx.xx.2001-ci il tarixli sərəncamlarının ləğv edilməsini tələb etmişdir. Qeyd olunmalıdır ki, İPM-in 24.4-cü maddəsi hətta onu da nəzərdə tutur ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının cavabdehə qarşı hazırkı mübahisələndirmə haqqında iddia tələbi, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu, prosessual hüquq normalarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5223/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2024 saylı xx.xx.2024-cü il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2214/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2214/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver