Məhkəmə qərarları › İş №2-1(103)-2215/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2215/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2215/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7486 nömrəli qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi, Aptek 91, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda əzcaçılıq mallarının pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin aptekdə xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən alınmış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənildiyi, nəzarət-kassa aparatına çekin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmiş, 0,20 manat 2552 nömrəli çeklə saat 12:35-də əməkdaşlar tərəfindən nəzarət-kassa aparatına bərpa edilmiş, iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2684 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2684 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması : İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında xx.xx.2021-ci il tarixli, **********2684 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 (altı min) manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Çıxarılmış qərar ədalətsiz, qeyri-qanuni və qeyriobyektivdir. Belə ki, dünyada, eləcə də ölkədə sürən ağır pandemiya şəraitində vətəndaşların dərman məhsulları ilə təchizatı ilə məşğul olan apteklərin fəaliyyətinə böyük ehtiyac duyulur. Belə bir dövrdə apteklər barədə bəzən ədalətsiz və qeyri-obyektiv surətdə vergi yoxlamalarının aparılması nəticəsində cərimələnməsi ölkə sahibkarlığının, xüsusilə də əczaçılıq fəaliyyətinin inkişafına ağır zərbələr vurur. Belə bir zərbələrdən birini də İddiaçı xx.xx.2021-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi ünvanında fəaliyyət göstərən Aptek 91-də həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı almışdır. Aptekdə yoxlama aparılarkən fəaliyyətdə olan satıcı X1 hadisə ilə əlaqədar təqdim etdiyi izahatına əsasən o, aptekdə xidmətdə olduğu dövrdə xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində iki nəfər mülki geyimdə olan əməkdaş aptekə girmişlər. Onlar kənarda söhbət edərək alış satışı müşahidə etmişlər. Sonra satıcıya yaxınlaşıb ondan çek istəmişlər, o da öz növbəsində onların kimliyini soruşmuş və özlərini təqdim etmələrini istəmişdir. Onlar da bildirmişlər ki, vergi xidmətinin əməkdaşlarıdır, aptekdən maska aldıqları zaman çek vurulmamışdır. Satıcı da öz növbəsində çeki təqdim etmişdir, vergi əməkdaşları onlara baxmışlar. Belə ki, aptekdə olan “Azsmart” kassa aparatında yaranan nasazlığa görə çek vurulmuşdur, lakin gec çıxmışdır. Vergi əməkdaşı bərpa çekini çıxardarkən satıcı ona öz etirazını bildirmişdir ki, niyə görə bərpa çeki çıxardılır, çünki çek artıq mövcuddur və sonra satıcı çeki təqdim etmiş və vergi əməkdaşları da çeki götürmüşlər. ”Zeytun Pharmaceuticals’' MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********2684 nömrəli qərar qəbul olunarkən qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı : Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7486 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Belə ki, xx.xx.2021ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən aptekdə saat 12:30-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənilmiş və nəzarət-kassa aparatı çekinin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ (0,20 manat) saat 12:35-də 2552 saylı çeklə nəzarət-kassa aparatına bərpa olunmuşdur. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019- cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən AKT əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********2684 saylı qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı Cəmiyyətin rəhbəri və ya səlahiyyətli nümayəndəsi yoxlama yerinə gəlməkdən, qərar və çıxarışla tanış olmaqdan və bir nüsxəsini qəbul etməkdəın imtina etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, nəzarətkassa aparatında yaranan nasazlıqlara görə çek vurulmuş, lakin gec çıxmışdır. Bununla əlaqədar qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.3-cü bəndinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək istifadəçinin vəzifələrinə aiddir. Qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir, operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı rəsmi surətdə mövqelərini əks etdirən sübutedici dəlillər təqdim etməklərinə baxmayaraq, məhkəmə tərəfındən həmin dəlillər nəzərə alınmamışdır. xx.xx.2021-ci il tarixli vəsatətlərinə əsasən məhkəməyə hərəsi iki nüsxədə olmaqla xx.xx.2021-ci il tarixli 2551 nömrəli və xx.xx.2021-ci il tarixli 2552 nömrəli satış çekləri təqdim olunmuşdur. Həmin satış çekləri əsasında möveləri məhkəmə icraatında əks olunmuş, onların əhəmiyyəti məhkəməyə ətraflı izah olunmuşdur. Belə ki, həmin çeklərdən vergi əməkdaşlarının müştəri qismində aldıqları məhsullara görə aptekin satıcı tərəfindən NKA-ya vurulan və həmin kassa aparatı tərəfindən çıxarılan 2551 nömrəli çek, digər 2552 nömrəli çek isə vergi əməkdaşları tərəfindən sonradan bərpa ilə çıxarılmış çekdir. Hər iki çeklərə nəzər yetirilsə, 2552 saylı bərpa çeki eyni məhsullar əsasında gün ərzində vurulmuş çek ardıcılığı, ardıcılığı və nömrə ardıcılığı ilə 2551 nömrəli çekdən sonra çıxarıldığını görmək mümkündür. Beləliklə də vergi ödəyicisi kimi aptek tərəfindən heç bir vegidən yayınma halları və niyyəti mövcud olmamış, bütün məhsullar NKA-ya vaxtında və tam şəkildə vurulmuşdur. Bununla da aptek tərəfindən heç bir vergi qanunvericiliyinin pozuntusu və pozuntu üzrə də təqsir mövcud olmamışdır. Apelyasiya şikayətinə qarşı təqdim edilən etiraz birinci instansiya məhkəməsinə təqdim edilən etirazla eyni məzmundadır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazlarını müdafiə edərək, apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. Maddə 24.0.1-ci və 24.0.2 - Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1 - Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (ığıdlıdlaşob) yerə baxış keçirilməsi; Qeyd edilən Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, posterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndə əsasən NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə bunlar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifələrinə daxildir. Həm iddia ərizəsində, həm də apelyasiya şikayətində iddiaçı tərəfinin əsas dəlili ondan ibarət olmuşdur ki, aptekdə olan kassa aparatının nasazlığı ilə bağlı çekin gec çıxmasını satıcı vergi orqanın əməkdaşlarına bildirib, kassa cekini onlara təqdim etməsinə baxmayaraq, onlar kassaya bərpa cekinin vurmuşlar. İddiacının bu dəlili inandırıcı və ağlabatan deyildir. Əvvəla, «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın tələblərinə uyğun olaraq nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək, nəzarət kassa aparatının istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək istifadəçinin, yəni, iddiaçının vəzifələrinə daxildir. Kassa aparatının nasazlığı barədə Qaydaların tələbinə uyğun olaraq aidiyyatı orqana məlumat verilməsinə dair nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə iddiacı tərəfindən də hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsinin ifadəsindən məlum olmuşdur ki, aptekdə vidio müşahidə kamerası vardır. Lakin, görüntülər 1 ay ərzində yaddaşda saxlanıldığından həmin görüntüləri təqdim etmək imkanında deyillər. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən vergi orqanının əməkdaşları tərəfindən barələrində akt tərtib edildiyi onlara məlum olduqdan sonra video görüntünü diskə köçürüb sübut kimi vergi orqanına və ya sonradan məhkəməyə təqdim etməməsi özü də iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirlərinin olmamasına dair yuxarİda göstərilən dəlillərinin əsassızlığına dəlalət edir. Beləliklə yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının hər hansı hüququnun pozulması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar