Məhkəmə qərarları › İş №2-1(103)-2215/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2215/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2215/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5656/2022 saylı 14 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon 1 nömrəli Zeytun sovxozu direktorunun 106 saylı xx.xx.1993-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Sovxoz fəhlələrinin ərizəsini nəzərə alaraq Dövlət Aqrar-Sənaye Nazirliyinin 16 yanvar 1989-cu il tarixli 42 nömrəli qərarına, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 4 may 1987-ci il tarixli, 12/217 nömrəli qərarına əsasən sovxozda fərdi ev tikmək üçün 24 ha sahə ayırılmışdır. Sovxozda işləyən fəhlələr öz ərizələri ilə müdriyyətə fərdi ev tikmək məqsədilə torpaq sahəsi ayrılması barədə müraciət etmişlər. Bunu nəzərə alaraq İddiaçı 10 sot hesabı ilə torpaq sahəsi ayrılmış və dövlət tərəfindən tərtib edilmiş layihə əsasında evlərin tikilməsinin təmin edilməsi tapşırılmışdır. Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun direktoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli aktdan görünür ki, İddiaçı ayrılan 10 sot torpaq sahəsi yerində ölçülüb sərhədlərinə taxta nişanlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. İddiaçı ona ayrılmış 0.10 ha torpaq sahəsinin qeydə alınması üçün 2018-ci ildə cavabdeh inzibati orqana müraciət etmiş, bu zaman xx.xx.2018-ci il tarixli ərizə ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən dəmir yol mühafizə sahəsinə düşdüyü üçün azaldaraq faktiki istifadəsində olan 0,06 torpaq sahəsinə plan-ölçü və çıxarış verilməsinə etiraz etmədiyini bildirmiş, buna görə də 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış vermişdir. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozunda iddiaçıya məxsus sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinə aidiyyəti işçilər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən yer Dəmir yolunun Yeni Suraxanı-Hövsan mənzili 7 km pk 9-da yolun kilometr artımı istiqamətinin sol tərəfində təhkim zolağının sol tərəfində yerləşir. İddiaçıya 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydi ilə bağlı xx.xx.2018-ci il tarixdə RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildikdən sonra o, ******* saylı 14.042018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan 0,06 ha torpaq sahəsinin 360 kv.m hissəsini alıcı X1. RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,024 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Belə ki, 0,06 ha torpaq sahəsinin yerdə qalan 360 kv.m. hissəsi yuxarıda da qeyd olunduğu kimi, X3 adına rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı Abşeron rayon 1 nömrəli Zeytun sovxozu direktorunun 106 saylı xx.xx.1993-cü il tarixli əmrinə əsasən ona ayrılmış 10 sot torpaq sahəsinin 4 sot hissəsi üzrə hüquqlarının qeydə alınması ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçıya ünvanlanmış **********54 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətində olan sahədən kənarda yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0,10 ha deyil, 0,04 ha kimi mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 Nazirliyinin 42 saylı 16 yanvar 1989-cu il tarixli qərarı və Bakı şəhər XDS İK-nın 4 may 1987-ci il tarixli, 22/217 nömrəli qərarına əsasən Sovxoza fərdi ev tikmək üçün 24 ha torpaq sahəsi ayrılmışdır. İşlədiyi Sovxozda fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə sovxoz direktoruna müraciət etmiş, ərizəsi nəzərə alınaraq, 28 dekabr 1993-cü il tarixdə Abşeron rayonu 1 nömrəli Zeytun Sovxozunun direktoru 106 nömrəli əmrlə həmin 24 ha torpaqdan 0,10 ha hissəsini dövlət tərəfindən tərtib olunmuş layihə əsasında aktla ona təhvil vermişdir. Həmin torpağın rəsmiləşdirilməsi üçün 2018-ci ildə DƏDRX-in yerli qurumuna müraciət etmiş, ünvanda göstərilən torpaq sahəsinin layihə cizgisi onda olmadığına görə, 0,10 ha torpaq sahəsinin sərhədini düzgün göstərə bilməmişdir. DƏDRX onun sözləri əsasında torpaq sahəsinin kadastr planını çıxarmışdır. Sonra ona məlum olmuşdur ki, o, torpağın sərhəddini düzgün göstərməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(82)- 1244/2019 saylı qərarı ilə onun Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunun 28 dekabr 1993- cü il tarixli, 106 saylı əmrinə əsasən ayrılmış 0,064 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünun tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sözügedən məhkəmə qərarında göstərilmişdir ki, iddiaçının tələbi Abşeron rayonu, 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli, 106 saylı əmrinə əsasən iddiaçıya ayrılmış 0,064 hektar torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olsa da, iş materiallarında iddiaçının nümayəndəsi tərəfindən cavabdeh orqana ünvanlanmış müraciətləri qeyd edilən iddia tələbi ilə bağlı olmamışdır. Buna görə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubunda göstərmişdir ki, sözügedən ünvanda yerləşən 0,10 hektar torpaq sahəsinin 0,04 hektar hissəsinin dəmiryolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən verilmiş razılıq ərizəsinə əsasən yalnız 0,06 hektar torpaq sahəsinə dair onun adına dövlət reyestrdən çıxarış verilmişdir. Göstərilən torpaq sahəsi sənəd üzrə mülkiyyətində olan sahədən kənarda yerləşir. Cavabdehin bu imtinası əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Bundan əlavə göstərilən torpaq sahəsinin sənəd üzrə mülkiyyətində olan sahədən kənarda yerləşməsi məsələsi onun iradəsindən asılı olan hal deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ilkin olaraq 16.03 2018-ci il tarixdə idarəyə müraciət etmişdir. Göstərilən 0.10 ha torpaq sahəsinin 0.04 ha hissəsi dəmir yol mühafizə sahəsinə düşdüyünə görə İddiaçı tərəfindən faktiki istifadədə olan 0.06 ha torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etməməsi ilə bağlı 7E- 7174 nömrəli ərizə təqdim edilmişdir. Müvafiq sənədlər əsasında iddiaçının ərizəsi İdarə tərəfindən icra edilərək İddiaçı 0.06 ha torpaq sahəsi ilə bağlı RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, 4Ə-8 nömrəli alqı-satqı müqaviləsi əsasında 360 kv.m torpaq sahəsi X3 adına özgəninkiləşdirilmişdir. İddiaçının mövcud hüquqmüəyyənedici sənədlər əsasında faktiki olaraq göstərilən 520 kv.m torpaq sahəsi X3 mülkiyyətində olan 360 kv.m torpaq sahəsinin sağında yerləşərək əlavə torpaq sahəsidir və ayrı hasar daxilindədir. Göstərilən faktiki torpaq sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5656/2022 saylı 14 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ilkin olaraq 16.03 2018-ci il tarixdə idarəyə müraciət etmişdir. Göstərilən 0.10 ha torpaq sahəsinin 0.012 ha hissəsi dəmir yol mühafizə sahəsinə düşdüyünə görə tərəfindən faktiki istifadədə olan 0.06 ha torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etməməyi ilə bağlı 7E- 7174 nömrəli ərizə təqdim edilmişdir. Müvafiq sənədlər əsasında ərizəsi İdarə tərəfindən icra edilərək ona 0.06 ha torpaq sahəsi ilə bağlı RX seriyalı, ******* nömrəli çıxarış verilmişdi. xx.xx.2018-ci il tarixli, 4Ə-8 nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsindən onun adından 360 kv.m torpaq sahəsi X3 adına rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixli müraciətə cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozunda ona məxsus sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinə aidiyyəti işçilər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən yer Dəmir yolunun Yeni Suraxanı-Hovsan mənzili 7 km pk 9-da yolun kilometr artımı istiqamətinin sol tərəfində yerləşdiyi ilə bağlı təhkim zolağının sol tərəfində yerləşir. DƏDRX tərəfindən verilən aktda zəbt olunmuş kimi göstərilmişdir. Lakın hakim həmin aktı qəbul etməmişdir. İş materiallarından müəyyən olunur ki, bundan sonra ona ayrılmış 0.10 ha torpaq sahəsinin qeydə alınması üçün 2018-ci ildə cavabdehə müraciət etmiş, bu zaman xx.xx.2018-ci il tarixli ərizə ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən dəmir yol mühafizə sahəsinə düşdüyü üçün azalaraq faktiki istifadəsində olan 0,06 torpaq sahəsinə plan-ölçü və çıxarış verilməsinə etiraz etməmişdir. Hazırda xx.xx.2018-ci il tarixli ərizə ilə imtina etdiyi 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir və bu zaman ona istinad edir ki, 2018-ci ildə torpaq sahəsinə hüququnun qeydiyyatı zamanı ona ayrılmış torpaq sahəsinin sərhədlərini düzgün göstərmədiyi üçün torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşməsi halı yaranmışdır. DƏDRX-nin yerli qurumunun 0.10 ha torpaq sahəsinə tam (bütöv) reyestrdən çıxarış verilməmişdir. Bu da birmənalı sübut edir ki, 0.10 ha torpaq sahəsindən 0,012 ha torpaq sahəsi dəmir yolunun mühafizə zonasının kadastrda göstərilməsi tam əsassızdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edəərk və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ilkin olaraq xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Göstərilən 0.10 ha torpaq sahəsinin 0.04 ha hissəsi dəmir yol mühafizə sahəsinə düşdüyünə görə İddiaçı tərəfindən faktiki istifadədə olan 0.06 ha torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etməməsi ilə bağlı müvafiq ərizə təqdim edilmişdir. Müvafiq sənədlər əsasında iddiaçının ərizəsi İdarə tərəfindən icra edilərək İddiaçı 0.06 ha torpaq sahəsi ilə bağlı RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bununla bağlı iddiaçı 0,06 ha torpaq sahəsinin 360 kv.m. hissəsini xx.xx.2018-ci il tarixli, 4Ə-8 nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirmişdir. Bundan sonra iddiaçı 10 sot torpaq sahəsinin qalan 0,04 ha hissəsinə də mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh mövcud hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının faktiki olaraq göstərdiyi 520 kv.m torpaq sahəsi X3 mülkiyyətində olan 360 kv.m torpaq sahəsinin sağında yerləşərək, əlavə torpaq sahəsi olduğuna və ayrı hasar daxilində yerləşdiyinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan (1999-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Hazırki işdə Abşeron rayon 1 nömrəli Zeytun sovxozu tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməklə iddiaçıya təhvil verilməsi barədə akt tərtib edilsə də, aktda istinad nöqtələri qeyd olunmadığından həmin akta əsasən torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi mümkün deyil. İddiaçı 2018-ci ildə torpaq sahəsinə hüquqlarının qeydiyyatı üçün müraciət edərkən ona ayrılmış torpaq sahəsi artıq mərzlənmiş və o, digər torpaq sahələrindən naturada ayrılaraq ona təhvil verilmiş sahəni cavabdehə təqdim etmişdir. Cavabdeh də iddiaçının təqdim etdiyi sahəyə baxış keçirmiş, "xxxx" QSC-nin məktubu və iddiaçının ərizəsi nəzərə alınmaqla dəmir yolunun mühafizə sahəsinə düşən 0,04 ha torpaq sahəsi istisna olmaqla, qalan 0,06 ha torpaq sahəsinə çıxarış vermişdir. Hazırda iddiaçı ona ayrılan 0,04 ha torpaq sahəsinin 2018-ci ildə göstərdiyi dəmiryolunun mühafizə sahəsinə düşən 0,04 ha deyil, mühafizə zolağına düşməyən digər 0,04 ha təşkil etdiyini iddia etsə də, bununla bağlı hər hansı bir təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından isə görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,024 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 240 kv.m olsa da, faktiki ölçüsü 1090 kv.metrdir. Torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanıb və iki hissədən ibarətdir. Torpaq sahəsində ikimərtəbəli yaşayış evi mövcuddur. Ərizəçinin göstərdiyi 520 kv.m torpaq sahəsi onun mülkiyyətində olan 240 kv.m torpaq sahəsinə bitişik deyil, ayrı hasar daxilindədir. Həmçinin işdə olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki olaraq göstərilən 517,0 kv.m sahəsi ilkin qeydiyyat zamanı göstərilən sahədən kənarda yerləşir. İlkin qeydiyyat zamanı göstərilən 942,0 kv.m sahənin 342,0 kv.m hissəsi qərb tərəfdə yerləşən dəmir yolunun mühafizəsində yerləşdiyi üçün azaldılmışdır. ********** saylı müraciət zamanı göstərilən 600 kv.m sahə faktiki göstərilən 517 kv.m sahə ilə ayrı-ayrı hasarlar daxilində yerləşir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi nəinki xx.xx.1993-cü il tarixli əmrlə ona ayrılmış və hazırda mülkiyyətində olan 240 kv.metr torpaq sahəsi ilə eyni hasar daxilində yerləşmir, həm də həmin torpaq sahəsinə bitişik deyildir. Bu hal iddiaçının cavabdehə 2018-ci ildəki ilkin müraciəti zamanı da mövcud olmuş, iddiaçının hazırda hüquqlarının qeydiyyatı üçün müraciət etdiyi sahə həmin dövrdə cavabdehə təqdim etdiyi sahə ilə eyni hasar daxilində yerləşməmişdir. Qeyd olunan faktlar iş materiallarında olan yerləşmə sxemi (i.v. 28), mütəxəssis rəyi və xx.xx.1993-cü il tarixli aktla (i.v. 58) da təsdiq olunur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdi ki, iş materialları ilə iddiaçının hüquqlarının qeydə alınmasını xahiş etdiyi 0,04 ha torpaq sahəsinin Abşeron rayon 1 nömrəli Zeytun Sovxozu direktorunun xx.xx.1993-cü il tarixli 106 nömrəli əmri ilə ona ayrılmış torpaq sahəsi olduğu müəyyən edilmədiyindən həmin sənəd iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Hazırki işdə iddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə yerinin 2018-ci ildəki ilkin müraciəti zamanı göstərdiyi sahə deyil, hazırda göstərdiyi sahə olmasını təsdiq edən hər hansı bir sübutu təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5656/2022 saylı 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar