Məhkəmə qərarları › İş №2-1(103)-2215/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2215/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2215/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « mənzilə hüququn üzrə ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi») Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon 1 saylı Zeytun sovxozunun 12 yanvar 1999-cu il tarixli, 32 saylı orderinin surətindən görünür ki, Abşeron rayonu 1 saylı Zeytun sovxozu ərazisində Hövsan qəsəbəsi, Zeytun sovxozu, ev 8, 1-2-ci mərtəbə, mənzil 3 ünvanında yerləşən 3 otaqlı sahəsi 64 kv.metr olan mənzil X6 və ailə üzvləri X9, İddiaçı, X7 istifadəsinə verilmişdir.

2. 2 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 075698 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

3. 2 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 169913 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

4. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 01 mart 2023-cü il tarixli, 93 nömrəli arayışına əsasən İddiaçı 17 mart 2021-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsəsidir.

5. X2 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

6. X7 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə ünvan 2 ünvanında qeydiyyata alınmış qonşu sakinlərin mənzillərinə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlər təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron RİH tərəfindən xx.xx.1999-cu il tarixli, 32 nömrəli orderə əsasən mərhum atası X6 ayrılmış, ünvan 3 ünvanında 3 (üç) otaqlı, 64 kv.metr mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayon 1 saylı Zeytun sovxozunun 12 yanvar 1999-cu il tarixli 32 saylı orderinə əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ev 8, 3 saylı mənzilin mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 32 saylı orderinə əsasən ünvan 4 ünvanında yerləşən 3 otaqlı, sahəsi 64 kv.metr olan mənzil iddiaçının mərhum atası X6 verilmişdir. Mərhum atası və anası rəhmətə gedən günədək, iddiaçı və digər ailə üzvləri isə bugünədək sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh orqana rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

11. Cavabdeh etirazında göstərmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı mənzilin qarşısında sahəsi 50.0 kv.metr olan köməkçi tikililərin inşa olunduğu, həmçinin mənzilin 2 (iki) mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşməsi müəyyən edilmişdir. Həmçinin, mənzilin yaşayış sahəsi 41.6 kv.metr, ümumi sahəsi 72.9 kv.metr təşkil edir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iş materiallarında sadalanan sənədləri cavabdehə təqdim etmişdir. Belə ki, X1 mənzilə hüquqlarının yaranmasının hüquqi əsasını təşkil edən Abşeron rayon 1 saylı Zeytun sovxozunun 12 yanvar 1999-cu il tarixli, 32 saylı orderi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmişdir. Həmin sənədin mötəbərliyi isə cavabdeh tərəfindən mübahisələndirilmir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı mənzilin qarşısında sahəsi 50.0 kv.m. olan köməkçi tikililərin inşa olunduğu, həmçinin mənzilin 2 (iki) mərtəbəli binanın 1- ci və 2-ci mərtəbəsində yerləşməsi müəyyən edilmişdir. Həmçinin mənzilin yaşayış sahəsi 41.6 kv.m, ümumi sahəsi 72.9 kv.m təşkil edir. Məhkəmə tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsi dəlilinə münasibət bildirilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

29. İddiaçı iş materiallarında sadalanan sənədləri cavabdehə təqdim etmişdir.

30. Belə ki, X1 mənzilə hüquqlarının yaranmasının hüquqi əsasını təşkil edən Abşeron rayon 1 saylı Zeytun sovxozunun 12 yanvar 1999-cu il tarixli, 32 saylı orderi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmişdir.

31. Həmin sənədin mötəbərliyi isə cavabdeh tərəfindən mübahisələndirilmir.

32. Avropa Məhkəməsi bəzi işlərdə təkrarlamışdır ki, ərizəçilərdən öz şikayətlərini müdafiə etmək üçün kifayət qədər prima facie sübutların təqdim edilməsi tələb edilir. Damayev v. Russia işində (36150/04 nömrəli ərizə, §§ 108-111, 29 may 2012-ci il) Məhkəmə hesab etmişdir ki, evinin dağıdılması barədə şikayət edən ərizəçi heç olmazsa müvafiq əmlakın qısa təsvirini təqdim etməlidir. Heç bir sənəd və ya təfərrüatlı tələb təqdim edilmədiyindən onun şikayəti əsassız hesab edilmişdir. Məhkəmə əmlakın və ya yaşayış yerinin prima facie sübutları kimi, həmçinin torpaq üzərində mülkiyyəti təsdiq edən sənədləri, torpaq və ya vergi reyestrindən çıxarışları, yerli idarəetmə orqanlarının sənədlərini, planları, fotoşəkilləri və təmir işlərinə dair qəbzləri, habelə poçt göndərişləri barədə bildirişləri, şahid ifadələrini və ya hər hansı başqa müvafiq sübutları göstərmişdir (bax, misal üçün: 54 ÇİRAQOV VƏ DİGƏRLƏRİ ERMƏNİSTANA QARŞİ, QƏRAR (MAHİYYƏT ÜZRƏ) Prokopovich v. Russia, 58255/00 nömrəli ərizə, § 37, ECHR 2004-Xİ, və Elsanova v. Russia (dec.), 57952/00 nömrəli ərizə, 15 noyabr 2005ci il).

33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

34. Yuxarıda sadalanmış sənədlərdən görünür ki, iddiaçının dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmışdır.

35. Yuxarıda sadalanmış qanunvericilik normalarının məzmunundan belə nəticəyə gəlmək olur ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmış şəxslərin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində təsbit edilmiş hallar istisna olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq yaşayış sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alına bilər.

36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir.

37. Qeyd edilən yanaşma X12 məhkəməsinin təcrübəsinə də əsaslanır. X12 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X12 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

38. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur.

39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, X1 mənzilə hüquqlarının yaranmasının hüquqi əsasını təşkil edən Abşeron rayon 1 saylı Zeytun sovxozunun 12 yanvar 1999-cu il tarixli, 32 saylı orderinin notarial təsdiq edilmiş surəti məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur.

40. Bundan başqa iddiaçı tərəfindən ərizə təqdim edilərək mübahisəli mənzilin kvadratının 12 yanvar 1999-cu il tarixli, 32 saylı Orderdə göstərilmiş 64.kv.m nəzərə alınmaqla qanuni qüvvədə saxlanılmasını xahiş etmişdir.

41. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, mənzilin qarşısında sahəsi 50.0 kv.m. olan köməkçi tikililərin inşa olunduğu, həmçinin mənzilin 2 (iki) mərtəbəli binanın 1- ci və 2-ci mərtəbəsində yerləşməsi iddiaçı tərəfindən mənzilə hər hansı dəyişiklik edilməsi barədə dəlil və sübuta istinad olunmadığından hzırkı tələbin təmin olunmasını istisna edən hal kimi cavabdeh tərəfindən əsaslandırılmamışdır.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

43. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

44. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə mənzilə dair mülkiyyət hüququnun iddiaçının mərhum atasına məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mübahisəli mənzilin kvadratının 12 yanvar 1999-cu il tarixli, 32 saylı Orderdə göstərilmiş 64.kv.m nəzərə alınmaqla və “mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mübahisəli mənzilin kvadratının 64.kv.m nəzərə alınmaqla və “mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar